​Saakaşvili Poroşenkonu MƏHKƏMƏYƏ VERDİ

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə vətəndaşlığından məhrum edilməsi ilə əlaqədar Ukrayna Ali İnzibati Məhkəməsi qarşısında iddia qaldırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məhkəmə iddiasında Ukrayna prezidenti Petro Poroşenkonun fərmanından şikayət edilir.
Siyasətçinin vəkili iddianın məhkəməyə poçt ilə bazar günü göndərildiyini deyib.
Məhkəmədən bildiriblər ki, iddaya beş hakimdən ibarət kollegiya baxacaq.
Xatırladaq ki, Ukrayna prezidenti Gürcüstanın keçmiş prezidentinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərmanı bu ilin 26 iyulunda imzalayıb. İddiaya görə, Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.
M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.
Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunub. Sabiq qubernator 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.