Saakaşvili Gürcüstanda hakimiyyətə qayıdır? - DEPUTAT AZƏR SÜLEYMANOVLA MÜSAHİBƏ

Baxış sayı:
16792

“Bu gün əhalinin 65%-i hakimiyyətə “yox” deyir” “Gürcüstan İvanişvili dövləti yox, koalision bir dövlət olacaq” “Əhali Saakaşvilini dəvət edir ki, “gəl, bu dövləti düzəlt, Gürcüstan dağılmaq üzrədir”. Ona görə də biz Saakaşvilini gözləyirik, seçkiyə yaxın gəlməlidir” Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Mtavari Arxi” televiziyasına müsahibəsində 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib. “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk”, - deyə o, qeyd edib. Saakaşvili gürcü xalqıyla birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib: “Mən gürcü xalqıyla birgəyəm. Mən siyasətçi deyiləm, mən müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır. Mən Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”. Maraqlıdır ki, Gürcüstanda cinayət işi açılan keçmiş prezident Mixail Saakaşvili ölkəsinə geri dönə biləcəkmi və bu halda onu nə gözləyir? “Hürriyyət”in bu və digər suallarını Vahid Milli Hərəkat Partiyasının üzvü, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov cavablandırdı: - Saakaşvili əvvələr də Gürcüstana qayıdacağını açıqlamışdı. Amma o, pasportu olmadığına görə heç bir vəsiqə ilə Gürcüstana gələ bilmədi. Artıq Saakaşvili Ukrayna vətəndaşıdır, özü də Ukrayna siyasətində aktiv iştirak edir. Mən özüm iki həftə bundan əvvəl Saakaşvilinin yanında olmuşdum, görüşlərimiz oldu, Gürcüstanda qayıtmaq fikrini mən gələndə də açıq demişdi. Sadəcə, artıq Ukrayna vətəndaşı olduğuna görə, Gürcüstana gəlmək və Gürcüstanda da siyasi proseslərə qarşımaq niyyətindədir. Onunla bağlı açıqlama da verdi. Saakaşvilinin qurduğu Gürücüstan bu gün darmadağın olmağa başlayıb və bir kriminal rejimin əlində qalıb. Əlbəttə, biz də onun Gürcüstana qayıtmasını istəyirik. Saakşvilinin bu gün azərbaycanlılardan, gürcülərdən və başqa millətlərdən ibarət böyük bir dəstəsi var. Saakaşvili demək olar ki, ən böyük reytinqə malikdir. Sosial şəbəkələrdə insanlar artıq aktivləşib, əhali özü Saakaşvilini dəvət edir ki, “gəl, bu dövləti düzəlt, Gürcüstan dağılmaq üzrədir”. Ona görə də biz Saakaşvilini gözləyirik, seçkiyə yaxın gəlməlidir. O, vaxtını da qoyub ki, nə vaxt Gürcüstana gələcək. Saakaşvili gəlib hər suala cavab verməyə də hazırdır. Sadəcə, Gürücüstana gəlməyə icazə vermirdilər, amma indi heç kim qarşısını ala billməz. - Bildiyimiz kimi, Saakaşvilinin barəsində Gürcüstanda cinayət işi açılıb. O, özü də qeyd edib ki, ölkəyə qayıtdıqdan sonra həbs edilib-edilməməsinə ancaq gürcü xalqı qərar verə bilər. Sizcə, gürcü xalqı Saakaşvilinin həbsinə qərar verəcək, yoxsa... - 7 ədəd pencəyə görə Saakaşviliyə cinayət işi açılıb, onda gərək bugünkü dövlət rəhbərlərinin hamısına həbs cəzası verilə. O, gəlib hər suala cavab verməyə hazırdır. Saakaşvili əhalinin xahişi ilə Gürcüstana qayıtmağa hazırdı. Həmin vaxt açıqlama veriləcək. Saakaşvili bir neçə dəfə Gürcüstana gəlmək istədi, amma rejim buna qarşı getdi və gəlməyə icazə vermədilər. Nəinki Gürücüstan gəlməyə qoymadılar, getdilər Ukraynada Poroşenkonun dəstəsilə onu nüfuzdan salmağa çalışdılar. Amma artıq heç kim Saakaşvilinin Gürcüstana gəlməyinin qarşısını ala bilməz. - Saakaşvili Gürcüstana gələcəyi halda, hakim “Gürcü arzusu” Partiyası onun həbsinə qərar verərsə, xalq Saakaşvilinin arxasında duraraq, həbsdən azad olmasına çalışa və ölkədə inqiab ola bilərmi? - Hər şey gözlənilir. Gəlin, olarsa da, vaxtı qabaqlamayaq. Amma həbs olsa da, onun burada 100 minlərlə tərəfdaşları var. Axırıncı seçkilər göstərdi ki, bu gün bizim 800 mindən artıq seçicilərimiz var və bu say günü-gündən də artır. Yəqin ki, dövlət də bunu nəzərə alacaq və heç vaxt vətəndaş qarşıdurmasına getməyəcək. Əlbəttə, nə qədər suallar var, o, hamısına cavab verməlidir. - Saakaşvili Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib. Saakaşvilinin bu niyyətinin baş tutması üçün yetərli imkan varmı? -Artıq Gürcüstan elə bir vəziyyətdədir ki, biz heç bir inqilaba hazırlaşmırıq. Hakimiyyətə yalnız seçki yolu və caamatın istəyi ilə son qoya bilərik. Əgər Gürcüstan əhalisi qərar verirsə ki, İvanişvili rejiminə son qoymaq lazımdır, bu, yalnız seçki yolu ilə ola bilər. Gürcüstan bir inqilabı da keçirə bilməz. Öz vətənimizi qorumalıyıq. Amma sadəcə Gürcüstan artıq belə də davam edə bilməz. İnsanlar günü-gündən 1990-cı illərə qayıtmağa başlayıb. Əhali ölkəni tərk etməyə başlayıb. Gürücüstanın istər infrastrukturu, istərsə də iqtisadiyyatı dağılır, insanların maddi durumu çox ağır vəziyyətə düşüb. - Bildiyimiz kimi, artıq Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək. Sizin də təmsil olunduğunuz Vahid Milli Hərakat Partiyasının, ümumilikdə Gürcüstan müxalifətinin hakim “Gürcü Arzusu” Partiyasından parlamentdə daha çox yer alması mümkündürmü? - İki həftə bundan əvvəl rəy sorğusu keçirən institutlardan biri Gürcüstanda respodentlərin fikrini öyrənmişdi. Gürücüstanın iqtisadi, siyasi durumu və partiyaların reytinqləri analiz olunmuşdu. “Gürcü Arzusu”nun reytinqi artıq 19%-ə düşüb. 65% əhali deyir ki, Gürücüstan düzgün yolda deyil və 65% əhali bu gün hakimiyyətə “yox” deyir. Bunun fonunda Vahid Milli Hərəkat Partiyasının daha da nüfuzu artmaq üzrədir və ümid edirəm ki, hakimiyyətə gələcək. Gürcüstan İvanişvili dövləti yox, koalision bir dövlət olacaq, hakimiyyət bir neçə müxalifət partiyasının arasında bölüşəcək. Yəni baş nazir bir partiyadan, parlament sədri digər partiyadan olacaq. Artıq 1 ilə İvanişvili nə edə bilər? 8 il boş-boşuna oturduqlarını, görmədikləri işləri inanmıram ki, 1 ilə düzəltsinlər. - Koalision dövlətdə Saakaşviliin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyasının önə çıxması mümkün olacaqmı? - Əlbəttə ki, ola bilər. Çünki burada ana müxalfət bizik. Dövlət partiyasından, yəni “Gürcü arzusu” Partiyasında sonra ikinci böyük partiya bizimkidir. - Məlumata görə, növbəti parlament seçkiləri sıfır seçki baryeri şəraitində keçiriləcək. Bu, namizədlərə nə kimi imkanlar yaradacaq? - Bu, xırda partiyaların parlamentə düşməsinə imkan yaradır. Amma bu, elə eyni majoritar sistemdə də belə idi, 12-15 min səs yığan parlamentə düşə bilərdi. Dövlət bunu da fikirləşdi ki, xırda partiyaların təmsilçilərini də parlamentə salsınlar. Amma bir yerdə çox boşluq yarandı ki, dövlət əhalinin əsas istədiyni yerinə yetirmədi. Ona görə, heç vaxt onun səsini qazana bilməyəcəklər. Nə mexanizmlər fikiləşirlərsə fikirləşsinlər, artıq hamısı boş şeylərdir. Çünki “Gürcü Arzusu” gələcək koalision dövlətdə də yer ala bilməyəcək. Şamo EMİN