​Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum olunur

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış cari prezident Georgi Marqvelaşviliyə dekabrın ilk günlərində təqdim ediləcək.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 12-də Gürcüstanın ədliyyə naziri bildirib.
Onun sözlərinə görə, məktub Mixail Saakaşviliyə bir neçə gün öncə Odessada təqdim edilib.
“Bu andan etibarən gürcü qanunvericiliyinə müvafiq olaraq öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərarı qəbul edəcək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik” - Tsulukinai bəyan edib.
Vətəndaşlığın ləğv edilməsindən sonra partiya xidmətinə gəldikdə isə Tsulukinai partiyaların üzvləri barədə qərarların özlərinin qəbul etdiklərini bildirib və əlavə edib ki, partiya rəhbərlərini və partiya işçilərini qane edəcək şərtlər mövcuddur.