SAAKAŞVİLİ BU OYUNDAN QALİB ÇIXACAQ - Politoloq

Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib.
 
Saakaşvili deyib ki, onun üçün komfortlu səyahət yoxdur. Amma maşının yük yerində Ukraynaya gizli girmək bu prinsipə daxil deyil:
"Mən Ukraynaya geri dönəcəm. Ancaq bu, leqal yollarla, qanuni şəkildə olacaq”. Sabiq prezidentin sözlərinə görə, o, hazırda hüquqi bazanın öyrənilməsi və yeni təkliflər barədə düşünür: "Hazırlıqlar başa çatdıqdan sonra Ukraynaya qayıdacam. Hökumət milyonlarla ukraynalının fikrini "iqnor” edə bilməz. Mən Ukraynanın Avropa nəhəngi olmasını istəyirəm. Bu, olacaq və mən də həmin dövrü Ukraynanın bir parçası olaraq qarşılayacağam”.
Xatırladaq ki, Ukrayna vətəndaşlığından məhrum edilən Saakaşvili ABŞ-dan Polşaya uçub. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlığı olmayan Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Məlumat üçün deyək ki, vətəndaşlıq məsələsi gündəmə gələndən sonra Gürcüstanda Saakaşvili barəsində 4 cinayət işi açılıb. Eks prezidentin 11 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi deyilir.
 Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Saakaşvili Ukraynaya dönüş prosesini hüquqi zəmində həyata keçirmək istəyir. Ona görə də qanunverici bazanı öyrənməyə çalışır:
"Sabiq prezidentin özü də, vəkilləri də məsələ ilə ciddi məşğul olurlar. Çünki fərqindədirlər ki, "vətəndaşlıqdan məhrum etmə”nin səbəbi hüquqi yox, birbaşa siyasi məsələdir. Beynəlxalq ictimai rəy də hesab edir ki, Ukrayna hökuməti Saakaşviliyə qarşı ədalətsiz qərar verib. Məhz bu fikri əsas tutan Saakaşvili ABŞ-dan Polşaya yollanıb. Polşadan sonra digər Avropa ölkələrinə də səfər planlaşdırır. Bununla da dünya ictimaiyyətinin rəyini Poroşenkonun əleyhinə formalaşdırmağa, siyasi və hüquqi prosesi yürütməyə çalışır”.
Ekspertin sözlərinə görə, qərar son instansiya olaraq Avropa İnsan Haqqları Məhkəməsinə çıxarılacaq. Əgər proses Avropa Məhkəməsinə qədər gedib çıxarsa, Saakaşvili bu instansiyada özünə bəraət qazanar. O zaman Saakaşvili əlini-qolunu sallayaraq Ukraynaya geri dönər. O vaxta qədər Saakaşvili Ukrayna ictimai rəyində Poroşenko əleyhinə fikir formalaşdırmağa davam edəcək. Artıq Ukrayna daxilində prezidentin əleyhinə çıxış edən kütlənin miqyası genişlənməkdədir. Eks-qubernator prosesin içində aparıcı element kimi çıxış etmək istəyir. Münbit şərait yaranan kimi Saakaşvili rahat şəkildə Ukraynaya qayıdacaq”.