S-400 İLƏ F-35 BİRLİKDƏ İSTİFADƏ EDİLƏRSƏ... - ABŞ-ın narahatçılığı, Rusiyanın "çoxdan bilirik" cavabı...

Baxış sayı:
4561

ABŞ-ın Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri ilə Birləşmiş Ştatların istehsalı olan F-35 qırıcılarından birlikdə istifadə ediləcəyi təqdirdə, təhlükəsizlik problemi baş verəcəyi ilə bağlı narahatlığı yersiz deyildir.

F-35 hərbi təyyarələrinin istehsalının ortaqlarından biri olan Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini də almaq niyyəti ABŞ-ı çox narahat edir. İki sistemdən eyni anda istifadə ediləcəyi təqdirdə, F-35-lərin zəif cəhətlərinin aşkara çıxacağını vurğulayan amerikalılar bunun milli təhlükəsizlik məsələsi olduğunu bildirirlər. S-400 sistemlərinin alınacağı təqdirdə Türkiyəni F-35 layihəsindən kənarlaşdırmaqla hədələyən Pentaqonun etirazları haqsız deyil. Aparılan araşdırmalar S-400-dən istifadə edən ölkənin F-35 sistemlərinə asanlıqla bələd ola biləcəyini göstərir. Ruslar isə F-35-lə bağlı məlumatları çoxdan topladıqlarını, bunun üçün S-400 sistemlərinə ehtiyacın qalmadığını iddia edirlər.

Texniki risklər nələrdir

Türkiyənin S-400-dən F-35 ilə birlikdə istifadə edəcəyi təqdirdə, bu təyyarəni “öldürücü” edən bütün texniki potensialının meydana çıxacağı güman edilir. Çünki NATO ölkələri hərbi təyyarələrin, gəmilərin və quru qoşunlarının taktiki mənzərələrinin real zamanda paylaşılmalarını təmin edən taktiki məlumat əlaqəsindan istifadə edirlər. Bu sistem “Link 16” adlanır. Həmçinin, NATO təyyarələri “göy üzündəki dost təyyarələri tanımaq üçün” IFF (Identification Friend or Foe) adlanan “Dost-düşmən tanıma” sisteminə malikdirlər. Buna görə də Türkiyəyə məxsus F-35 təyyarəsinin S-400 sistemlərinin əhatə dairəsində uçması üçün IFF və Link 16 proqramlarının S-400 sisteminə inteqrasiya edilməsi lazım gələcək. Bu da bütün Link 16 və IFF taktiki məlumat əlaqəsi olan avadanlıqların riskə atılması deməkdir.

İncirlik bazasından istifadə mümkünsüz ola bilər

Həmçinin, mütəxəssislər F-35 təyyarəsinin S-400 sisteminə yaxın məsafədə uzun müddət ərzində uçmasının məxfi məlumatların toplanılmasına imkan yaradacağını güman edirlər. Uzun müddət S-400 ətrafında qalan F-35 təyyarələrinin həm gizliliyini təmin edən dalğa formatlarının, həm də radar işləmə parametrlərinin aşkar ediləcəyini bildirirlər. Dalğa formatına bələd olduğunuz F-35-ə saxta siqnal göndərməklə onu asanlıqla çaşdırmaq olar. Lakin burada ABŞ üçün əsas məsələ Türkiyə ordusunun bu həssas məlumatları aşkar edərək, təhdid ünsürü kimi istifadə eləməsi deyil, S-400 sistemlərini quran və ona xidmət edən rus heyətinin məlumatlardan xəbərdar ola biləcəyidir.

Belə görünür ki, ABŞ artıq İncirlik hərbi hava bazasındakı F-35-lərdən istifadə eləməkdə çətinlik çəkəcək./Hurriyyet.org