“Ərzaq ixracına embarqolar ən pis ssenari kimi göz altına alınmalıdır” - RÖVŞƏN AĞAYEV

"Tətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq fromasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir”.
Bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
Ağayevin sözlərinə görə, daha ciddi məqam Fransa kimi ildə kənd təsərrüfatına 200000 xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır: “Kənardan işçi qüvvəsi idxalı dayanıb. Bir çox Avropa ölkələri məhz əcnəbi işçi qüvvəsi hesabına aqrar sektoru ayaqda saxlayır. Mövsüm isə artıq başlayır.
Yaxud İtaliya kimi koronavirusa təslim olmuş ölkələrin kənd təsərürfatında ciddi problem qaçılmazdır və onların idxalı daha da artacaq. Bir çox ölkələrdə kənd təsərrüfatı istehsalının azalması ərzaq qıtlığı və o isə yüksək qida inflyasiyası yarada bilər”.
Tanınmış iqtisadçı ölkməmiz üçün başqa problemdən narahat olduğunu bildirib: “Yaxın zamanlarda fermerlərin intensiv istifadə edəcəyi və məhsul bolluğunun təminatı üçün vacib şərt olan dərman və bağlama materiallarının, toxumların ehtiyatları nə yerdədir? İdxal-ixrac əlaqələrinin xeyli məhdudlaşdığı zaman bu məsələ aktuallaşır. Nəzərə alaq ki, biz bu məhsulların hamısını - dərman vasitələrini, texniki vasitələri və toxumları idxal edirik. Hər halda, Kənd Təsərrüfatı Nazirliyi yəqin ki, ehtiyat anbarlarda vəziyyəti daha yaxşı bilir. Əgər ən azından qarşıdakı mövsüm üçün ehtiyaclara uyğun hər çeşid dərmanlama və digər zəruri texniki vasitələrin (həm pestisidlər, həm gübrə və toxumlar, həm də texnika üçün ehtiyatlar) yaxın bir ayda ölkəyə gətirilməsi üçün plan olmalıdır və ehtiyat anbarların təştişi çox önəmlidir”.
Ağayevin fikrincə, əgər virus problemi 1-2 ayda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real görünən ssenaridir: “Bu baxımdan, hətta ərzaq ixracına embarqolar da ən pis ssenari kimi göz altına alınmalıdır. Ümid edirəm, hökumətin təqdim eləməyə hazırlaşdığı dəstək proqramında kiçik və orta fermer təsərrüfatlarına da yardım nəzərdə tutulacaq. Ən azından lizinq vasitəsilə alınmış texnika və digər vasitələrin ödənişində güzəştlər, bank kreditlərinin qaytarılmasına dəstək üçün təşəbbüslər olacaq”.
Tanınmış iqtisadçı hesab edir ki, yaxın zamanlar bəşəriyyət üçün həkimlərlə yanaşı, fermerlərin də dəyəri normal şərtlərdə olduğundan daha yüksəkdir.