​Rza Zərrabın məhkəməsində YENİ MƏRHƏLƏ - 95 il həbs cəzası

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəmə prosesi bu gündən etibarən yeni mərhələyə keçir.
Muxalifət.az xəbər verir ki, daha öncə keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan jüri heyəti üzvlərinin seçimi bu gün baş tutacaq.
Məhkəmə prosesi isə 28-29 noyabr tarixində başlanacaq.
Məhkəmədə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilən Rza Zərrab və türkiyəli 4 məmur üçün 95 il həbs cəzası tələb edilib.
Çıxdığı son məhkəmə prosesinə ayaqları qandallı formada gətirilən Rza Zərrab son 3 məhkəməsində iştirak etməyib. Onun özü və digər təqsirləndirilən şəxslərlə bağlı ittihamlara qarşı şahid qismində iştirak edəcəyi iddia edilir.
Qeyd edək ki, ABŞ-ın məhkəmə qanunlarına əsasən, təqsirləndirilən şəxslərin cəzasına hakimlər deyil, xalqın içindən seçilən jüri heyəti qərar verir.