“Rəvan" sığorta şirkəti Qarabağ əlilindən qanunsuz olaraq aldığı pulu qaytaracaq - QƏRAR

Baxış sayı:
940

Mayın 6-da Nərimanov rayon məhkəməsində Qarabağ əlili Xaliq Abbaszadənin saxta məhkəmə qərarı tərtib etməklə pensiyasına yarıbayarı ortaq olan “Rəvan” sığorta şirkətinə qarşı iddiası üzrə hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə baxışı keçirilib. Prosesi əlilin pensiyasını ödəyən “Kapitalbank”dan son bir ilin ödəniş məbləği haqqında arayış almağa kimi dayandıran hakim saat 16-da qərarını elan edib.
Məhkəmənin qətnaməsinə əsasən, “RƏVANSIĞORTA” Qarabağ əlilindən hesabına götürdüyü 350 manatı geri qaytarmalı olacaq.
İddia mənəvi ziyanla bağlı və xüsusi qərardadla prokurora xəbər verilməsi hissəsində təmin olunmayıb.
Xatırladaq ki, “RƏVANSIĞORTA”nın düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı qanunsuz sığorta ödənişi tələbi 6 ildir ayrı-ayrı məhkəmələrdə sürdürülür. Özü də Qarabağ əlilindən qara otaqda olmayan qara pişiyi tapmağı tələb edirlər. Başqa sözlə, ziyana uğrayan da, reabilatisiya vasitəsi-avtomobili məhv edilən də olaya və avtomobilə aidliyi olmayan əlil, üstəlik əlavə 10 min manat tələb olunan da əlil. Özü də “əlil maşını”nı arxadan dayandığı yerdə “Nissan -X-Trail”in Fərid Zakir oğlu Hüseynov adlı sürücüsünü yol polisi alkoqol testindən keçirməyib, amma maşının yanında duran Qarabağ əlilini test edib. Bu ayrı-seçkiliyi necə izah etmək olar? Bu “avtoşbala” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “gipnoz” edibsə, “Rəvansığorta” şirkəti də məhkəmələri elə “gipnoz” edib və 6 ildir Qarabağ əlilinin nə qarşılıqlı iddiasını görürlər, nə də maşının ona aid olmamasını. Hətta Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov iş Ali Məhkəmənin icraatında olduğu halda, həmin rayonun icra məmuru Vüsal Əliyevə saxta məhkəmənin möhürü ilə təsdiq edilməyən icra sənədi verib.
Hər halda Vüsal Əliyevin saxta “tələbkar” “Rəvansığorta” şirkətinə verdiyi, amma nədənsə “borclu” əlilə verməyi unutduğu saxta icra sənədində nə möhür var nə də tarix. Nə yaxşı ki, prezident aprelin əvvəlində verdiyi məhkəmə-hüquq sistemində islahatlar haqqında məlum fərmanı ilə bu özbaşınalığı durdurdu.
On gün qabaq Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən hakim Nigar xanım Rəsulbəyova) Qarabağ əlilinin xeyrinə qərar çıxarmasından yazmışıq. İndi də Nərimanov rayon məhkəməsi (hakim Vüqar Quliyev) Qarabağ əlilinin xeyrinə qərar çıxarıb. Hələ Suraxanı icra və probasiya şöbəsinə qarşı əlilin şikayətinə 15 may 2019-cu ildə Ali Məhkəmədə hakim Sevda xanım Hüseynovanın sədrliyi ilə baxılacaq. Yəni artıq rollar dəyişilib: indiyə kimi cavabdeh edilən əlil iddiaçı qismində çıxış edir!
Məhkəmə -hüquq sistemi də islahatlar yolu ilə irəliləyir. Qarabağ əlilinə yardım etmək, qanpulunu ödəmək yerinə, qanpuluna ortaq çıxanlar yediklərini qusmağa məcbur edilir! DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARI İLƏ!

Məğrur BƏDƏLSOY