Rüşvətlə tutulan nazir müavini: “AzVirt” MMC ilə Nəqliyyat Nazirliyi arasında yazışmalar açıqlandı - BİR TENDERDƏN 520 MİN DOLLAR "QAZANC"

Baxış sayı:
8011

Qırğızıstanda nəqliyyat və yollar nazirinin müavini Azimkan Jusubaliyevin Azərbaycanın “AzVirt” MMC inşaat şirkətinin qalib olduğu, amma daha sonra imtina etdiyi yol tenderinə görə rüşvət alarkən yaxalanması bu ölkədə ciddi korrupsiya qalmaqalı yaradıb. Xatırladaq ki, Jusubaliyev həmin tenderə qatılan xarici şirkətin xeyrinə lobbiçilik etmək üçün cəmi 520 min dollar rüşvət tələb edib. Muxalifet.az xəbər verir ki, bu məbləğin bir hissəsini vasitəçilər üzərindən alıb. Növbəti partiyanı-50 min dolları alarkən yaxalanıb. Nazir müavininə pulların qalanı daha sonra çatdırılmalı idi. Söhbət Asiya İnkişaf Bankının krediti ilə həyata keçirilməsi nəzərdə tutulan və təqribən 40 milyon dollarlıq büdcəsi olan yol layhəsindən gedir. “AzVirt” MMC tenderi udduğu halda layihədən imtina etdikdən sonra İtaliya şirkəti “Todini Costruzioni” ilə müqavilə bağlanıb. Nazir müavininin rüşvətlə tutulmasından sonra həmin tender müsabiqəsi prosesində aparılan yazışmalar da mətbuata açıqlanıb. Bu yazışmalara əsasən 2018-ci il iyunun 22-də Asiya İnkişaf Bankı (AİB) ən aşağı qiymət təklif etmiş və tender sənədləşməsinin tələblərinə cavab verən tender iştirakçısı ilə müqavilə bağlanması barədə konsaltinq şirkətinin və müsabiqə komissiyasının tövsiyəsini təsdiqləyib – “Azvirt” MMC (AzvirtLLC, Azərbaycan) 38 milyon 950 min 825,49 dollarlıq təklif irəli sürüb. Və bank müqavilə danışıqlarının başlanmasını tövsiyə edib. 2018-ci il iyunun 25-də Nəqliyyat və Yol Nazirliyi “Azvirt” şirkətinə müqavilə danışıqlarının aparılması üçün dəvət yollayıb. 2018-ci il iyulun 4-6-da “Azvirt” şirkəti ilə müqavilə danışıqlarında avadanlıq, şirkətin auditor hesabatlarının təqdim edilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi barədə tövsiyələrlə birlikdə yeni hesabat, qiymətin tənzimlənməsi cədvəli və müqavilənin zəmanətlə təminatının artırılması məsələləri müzakirə edilib. Tender komissiyasının qərarı əsasında (TK-nın 13 mart 2018-ci il tarixli iclası) işçi qrupu iştirakçıdan müqavilənin həyata keçirilməsinə dair bank zəmanətinin artırılmasını xahiş etmiş, lakin “Azvirt” zəmanətin 10%-dən 25%-ə qədər yüksəldilməsindən imtina etmişdi. Bununla əlaqədar Nəqliyyat nazirliyi AİB-ə bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılması üçün sorğu yollamağa qərar verib. Öz növbəsində, “Azvirt”ə danışıqlarda məlumat verilib ki, bu məsələ AİB-dən izahat alınana qədər açıq qalır. Nəticədə AİB-dən cavab alınana kimi müqavilə danışıqları dayandırılıb. 2018-ci il iyulun 6-da Nəqliyyat Nazirliyi AİB-ə müqavilənin icrasının zəmanət təminatının artırılması məsələsi ilə əlaqədar məktub yollayır. 2018-ci il iyulun 9-da AİB-dən alınan cavabda deyilir ki, iştirakçının qiymətlərinin balanslaşdırılmaması halında sifarişçi bank zəmanətini artıra bilər. “Azvirt” şirkətinin təklifində isə qiymət aşağı olsa da, balanslaşdırılmamış deyil. Bununla əlaqədar olaraq, AİB yekun nəticəyə gəlib ki, tender sənədlərində müqavilənin icrasının zəmanətinin məbləğinin artırılmasını tələb etmək üçün “qanuni” əsas yoxdur. Lakin Nəqliyyat nazirliyi “Azvirt” MMC-dən icra zəmanətinin məbləğinin artırılmasını xahiş edə (10%-dən 20%-ə qədər) bilər, bununla belə müsabiqə iştirakçısı zəmanət məbləğini artırmaqdan imtina edərsə, onun imtinası müqavilənin bağlanmaması üçün üzrlü səbəb sayıla bilməz. 2018-ci il iyulun 11-də “Azvirt”dən məktub daxil olur. Həmin məktubda bildirildiyinə görə, “Azvirt” şirkətinin Direktorlar Şurası müsabiqə təklifinin müddətini və zəmanəti artırmamağı qərara alıb. Bunun ardınca Nəqliyyat Nazirliyi “Azvirt”ə üç dəfə məktub yazaraq bildirir ki, nazirlik bank zəmanətini qaldırmayacaq və müqaviləni tender şərtləri əsasında imzalayacaq. Lakin “Azvirt” şirkəti tender sifarişinin qüvvədə olması müddətini artırmaqdan və müvafiq olaraq, müqaviləni imzalamaqdan imtina edir. 2018-ci il iyulun 30-da Nəqliyyat nazirliyi AİB-ə məktubla müraciət edir və yaranmış vəziyyəti izah edərək, sonrakı hərəkətləri yönəltməyi xahiş edir. 2018-ci il iyulun 31-də AİB cavab məktubunda məsləhətçinin “Azvirt”in tender sifarişinin rədd edilməsi haqqında tövsiyəsini dəstəkləyir və səbəb kimi şirkətin nazirliyin sorğusuna cavab verməməsi göstərilir. Eyni zamanda, AİB xahiş edir ki, müsabiqədə ikinci yeri tutmuş iştirakçının təklif etdiyi qiymət dəyərləndirilsin və layihənin həyata keçirilməsinin ilkin mərhələsində bütün layihə üzrə işlərin dəyərinin böyük hissəsinin köçürülməsinin mövcudluğu və ya müsabiqə təklifinin balanslaşdırılmaması müəyyən edilsin, banka tövsiyələr göndərilsin. 2018-ci ilin avqustun 1-dən 14-nə kimi JOC konsaltinq şirkəti “Todini Costruzioni Generali S.p.A” şirkətinin tender təklifinin analizini aparır və bu sifarişin balanslaşdırılmış kimi qiymətləndirilməsini tövsiyə edir. Məsləhətçinin digər tövsiyələri kimi, bu qərar da tender komissiyası tərəfindən qəbul edilir və baxılmaq üçün AİB-ə göndərilir. Avqustun 17-də AİB müqavilənin müsabiqədə ikinci olmuş “Todini Costruzioni Generali S.p.A” şirkətlə imzalanmasını təsdiqləyir və imzalanmış müqavilənin surətinin göndərilməsini xahiş edir. 2018-ci il avqustun 22-də Nəqliyyat nazirliyi “Todini Costruzioni Generali S.p.A” şirkətinin ünvanına müqavilənin onlara verilməsi barədə bildiriş göndərir. 2018-ci il 27 avqustdan 7 sentyabra qədər “Todini” şirlkətinin nümayəndələri ilə müqavilə danışıqları aparılıb. 2018-ci il sentyabrın 7-də Nəqliyyat nazirliyi “Todini Costruzioni Generali S.p.A” şirkəti ilə təklif dəyəri 40 milyon 750 min 971,37 dollar olan müqaviləni imzalayır. Müsabiqə komissiyasının bütün iclasları videoya yazılıb. Bu həmin “Todini Costruzioni” şirkətidir ki, 2000-ci illərin ortalarında Azərbaycanın o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov tərəfindən ölkəyə gətirilmişdi və iri yol layihələrini həyata keçirirdi. Lakin şirkətin fəaliyyətində ciddi pozuntular, o cümlədən işçilərlə kobud rəftar, maaşların gecikdirilməsi, işlərin keyfiyyətsiz görülməsi kimi faktlara görə qalmaqalı şəkildə Azərbaycanı tərk etdi. Ehtimal edilir ki, Qırğızıstanın nazir müavini rüşvəti də məhz bu şirkətdən alıb, çünki Azərbaycan şirkətinə qarşı müxtəlif bəhanələrin irəli sürülməsi yolu ilə bu şirkət sonda layihəni alıb./virtualaz.org