Rüşvət verənlərin rüşvət alanlardan çox olduğu ÖLKƏNİN PORTRETİ

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin mətbuata açıqlamasında naraqlı bir məqam olub. Baş idarə rəisinə görə, ölkədə rüşvət vermə cinayətləri rüşvət almaq cinayətlərindən çox imiş.
 
Adi rüşvət, ən geniş anlamdasa – korrupsiya. Onların elmi ədəbiyyatdakı mənasının sadələşmiş variantı istənilən işin qeyd-şərtsiz yerinə yetirilməsi deməkdir. Elə ona görə də rüşvət vermək məsələsi milli ənənələrimizin ayrılmaz parçasıdır bu gün. Ən maraqlısı isə odur ki, hansısa bir adam işini reallaşdırmaq üçün heç vaxt rüşvət vermədiyini söyləsə, ona dəvə nalbəndə baxan kimi baxarlar. Bəzən heç inanmazlar da. Çünki bizdə hər bir işin alınması üçün rüşvətə müraciət edilməsi adi bir məsələ.
Uşağın özü də bilmədən dünyayla tanışlığı göz açdığı doğum evindən başlayar. Təhsilsiz süpürgəçidən tutmuş ali təhsilli həkimə qədər rüşvət vermək gərəkər ölkəmizin doğum evlərində. Rüşvətsiz ən adi xəstəlikdən də ölmək olar bu ölkədə. Peyvəndin keyfiyyətlisi də tibb bacısına rüşvət verənin uşağına vurular. Rüşvət verməyən elə öz ağrılarıyla çabalaya-çabalaya qalar.
Övladımızın rüşvətlə ilk tanışlığı orta məktəbin birinci sinfindən başlayır. Bacarıqlı və savadlı müəllimənin sinfinə düşməsi üçün direktora, müavinə, ya da müəllimənin özünə rüşvət verərək övladımızın məktəb yoluna ilk qədəmlərini açarıq. “Müəllimlər günü”, “8 mart”, “Yeni il”, “Novruz bayramı“, ”Əlifba bayramı”, müəllimin doğum günü və sadalaya bilmədiyimiz daha neçə təqvimdə vətəndaşlarımız mütləq rüşvət verməli olar. Rüşvət verməyən valideynin övladı məktəbdə sayılmaz, lap yaxşı oxusa, müəllimin gözünün işığı olsa da, müəllimi o uşaqdan heç nə ummasa belə, sinif yoldaşlarının yanında gözükölgəli olar. Valideyni məktəbin problemlərinə pul vermədiyindən ən azı “simic” adlandırılmasına dözəmməz həmin övlad. Evdə ata-anasının üzünə ağ olar, “palaza bürün, elnən sürün” misalı o evdə valideynlərin övladdan ən çox eşitdiyi söz olar.
İnsan haqlarının, ədalətin ən kobud formada pozulması halları, məhkəmələrdə qərəzli yanaşma, qeyri-obyektiv hökmlərin verilməsi, yanlış qərarların çıxarılması da yalnız ölkəmizdə mümkün olar. Çünki işə qanunların gözüylə baxıb da, haqlı olduğumuzu sayıb da rüşvətsiz keçinəcəyimizi düşünərik. Elə bu sadəlövhlüyümüz də başımıza bəla olar. Rüşvət verməyənin həbsxanada ömürlük qaldığının, rüşvət alanınsa əmin-amanlıqla yaşadığının şahidi olarıq. Məhkəmə ədalətinin demokratik inkişaf və cəmiyyətin tərəqqisi üçün önəmli məsələ olduğuna inamımızı zaman-zaman dağıdarlar. Tar-mar olmuş könül dünyamızda doğru-düzgün insanlara qarşı da şübhə toxumu səpilər.
Bu rüşvətxor cəmiyyətdə işini bir addım qabağa salmaq üçün banklara üz tutan, elə bununla da əlli-ayaqlı səfalətin dibinə düşən nə qədər soydaşımız var. Bankdan aldığından da çox faiz verəcəyini gözünün altına alammaz o adam. Axırda da adı problemlilərin siyahısına düşər. Təkcə kasıbınkı deyil, elə başqalarının da işi düz gətirməz banklarla işbirliyində. “Şapka”sız ağ günə çıxmaq mümkün olmaz bizlərdə. Banklar rüşvəti elə “şapka”larla, məmurlar da “krışa”lıq eləməklə “haqq et”diyini düşünər.
Rüşvət təhsildən, səhiyyədən başlayaraq kənd təsərrüfatına qədər yol alar. Dövlət nümayəndələri sahibkarlara, fermerlərə böyük ədalətsizliklər edər, əsassız tələblər irəli sürər. Sözünü deyənlərə hədə-qorxu gəlinər, onların əmlakı əllərindən alınar, hətta döyülüb-söyülər, məhkəmələrdə sürünər, həbslərdə çürüyərlər. Vəzifəsinə, qohum-tanışına güvənərək harınlayanlar, yolunu azanlar az hallarda gözə görünərlər. Rüşvət və korrupsiya girdabında batan zavallı xalqın gözünə kül üfürmək üçün onlardan bəzisinin vəzifəsi əlindən alınar, amma illərlə taladığının hesabı soruşulmaz.
Rüşvət verənlərin rüşvət alanlardan çox olduğu ölkənin portretidir bu. Strukturu rüşvətdən yoğrulmuş, qaməti korrupsiya ilə dikəlmiş bir ölkədən bundan artığını gözləmək də çox mənasız.
Dünya qapısına rüşvətlə girənlərin bundan təmizlənməsi qanunların diktə etdiyi yerdə mümkün olarmış. Necə deyərlər, bir varmış, biri yoxmuş. Bizdə isə rüşvət və korrupsiyasız heç nə yoxmuş…
azadlıq.info