Rüşvət və “hörmət”in qardaşlığı...

Həzrət Peyğəmbər (s.ə.s) buyurur: “Rüşvətdən çəkinin, çünki rüşvət xalis küfrdür. O kəs ki, rüşvət alır, behiştin iyini hiss etməz”

Rüşvət. Bu, nə tələbdir, nə də təklif. Rüşvət bu günümüzə gəlib çıxmış elə bir “xəstəlik”dir ki, onun varlığı ilə mübarizə aparır, yoxluğunda isə çıxış yolları axtarırıq. Bunu qana yeridilmiş virus kimi də düşünmək olar. Vəziyyət o yerə çatıb ki, “yoldaş məmur özünüzü təqdim edin” dedikdə aldığımız cavab “hörmətimi et deyim” vəziyyəti yaranıb.

Çoxları düşünə bilər ki, bu mövzu mətbuatda çox çeynənib, aktuallığını itirib, bu məsələyə qayıtmaq yersizdir... Xeyr, bu belə deyil. Müasir dövrmüzdə elmin, mədəniyyətin, texnologiyanın kulminasiya zirvəsində olduğumuz zamanda , “hələ də kimlərəsə öz vəzifələrinin icrası üçün cibinə kanfet qoyuruq” demək, bizə də baş ucalığı gətirmir. Təəssüflə bunu qeyd etməliyəm ki, həmin bu “keyfiyyət” təhsili, rəsmi qrumları, dövlət strukturlarını, hərb sahəsini və.s öz cənginə alıb, cəmiyyəti də özü ilə birgə uçuruma doğru yuvarlamaqdadır.

Hər şeyin pul ekvalenti olması ən ağır prosedurları belə daha sadə, başa düşülən edir. Heç kimə sirr deyil ki, pulun açmadığı qapı yoxdur. Onun təsir gücünün elektroşok effekti C.Məmmədquluzadənin “Ölülər” əsərində kefli İskəndərin canlı ölüləri oyatmasından daha qüvvətlidir. Nümunə olaraq isə, 11 il orta məktəbdə oxuyub, müəlliməsini tanımayan şagirdin əlaçı qiymətləriylə məktəb bitirməsini, 4 il universitetə gedib də oxuduğu ixtisasın adını bilməyən tələbənin sonda qırmızı diplomla hansısa idarədə yüksək vəzifəyə təyin edilməsini, sürücülük vəsiqəsi ala bilmək üçün 18 yaşlı “atalarının gül övladlarının” BŞDYP-nə imtahana getmədən, sonda 2-3 kateqoriyalı vəsiqəyə sahib olmasını, boyu 160, cəkisi 80 kq olan hərbiyə yararlı gəncin sayılıb-seçilən qoşun növlərindən birində xidmət etməsini və s. xeyli misallar göstərmək olar.

Doğrudur, bu kimi xoşagəlməz halların qarşısının alınması üçün qanunvericilikdə kifayət qədər cəza tədbirləri və həmin mənfilikləri aşkarlayaraq, günahkarları məsuliyyətə cəlb edəcək qurumlar da mövcuddur. Bəs nəyə görə, bunun qarşısı tam olaraq alınmır? Olmaya, qanunları və icraçıları da müəyyən paynan razı salırlar? Belə olduğu halda, daha bir sual yaranır: “Bəs görəsən rüşvətxorluqla mübarizə aparan qrumlara da kimlərsə nəzarət edirmi?”

Toplumun əxlaqını, mənəvi-ruhsal vəziyyətini rüşvət qədər pozan ikinci bir keyfiyyət tapmaq çətindir. Onun olduğu yerdə nə həqiqət, nə əxlaq, nə də ədalət olmur. Vakkumda hərəkət edən yüngül boş bir cismə bənzəyir hərşey. İnsanlarla ünsiyyət kəsilir və kağızın əsiri, triyakisinə çevrilirsən.  Əl əli yuduqca, məcburən, üzü də yaşlamalı olur. Bircə dəfə islandısa üzün, çətin ki, “suyun” saflığından əl çəkəsən. Nəticədə, sosial cəmiyyət sosial bazara çevrilir. Vəzifəsindən, görə biləcəyi işlərdən, bir sözlə, funksiyalarının əhatə dairəsindən asılı olaraq rüşvət, hər kəsə bir dəyər biçir. Bununla da, inamsızlıq formalaşır. Hamı elə bilir ki, hər kəs satılır. Qeyri-iradi olaraq, cuzi bir çətinliklə üzləşdiyi an isə tələb olunmadığı halda, artıq məbləğ təklif edir insan.

Uzun sözün qısası, şüur altına rüşvəti qablaşdıraraq, “hörmət“ adına yerləşdirməyi bacardılar topluma.  Rüşvət əxlaqı, əxlaqın yoxluğu isə, cəmiyyəti dağıdır. Hərşey riyazi düstur kimi bir-birindən asılılıq təşkil edir. Tamah və qorxu rüşvəti labüdləşdirir; rüşvət isə tamah və qorxunu çoxaldır. Rüşvət aşkarlıqdan, aydınlıqdan qorxur; aydınlıq, aşkarlıq isə  rüşvətdən. Rüşvət hakim olan yerdə hamı ucdantutma laqeyiddir, quldur, çünki hamı rüşvət verə-verə sosial nərdivana dırmaşır. Yəni, rüşvətlə bu nərdivanda öz yerini möhkəmlədir. Ehtiyac mənəvi-əxlaqi dəyərləri üstələdikcə, azadlıq və demokratiya rüşvət “ağac”ında çarmıxa çəkilir. Yükün ağırlığını zəhmetkeşlər daşımağa məcbur olur.

Məsələ ilə bağlı İslam dinində bir sıra hədislər də mövcuddur. Onlardan birində buyrulur ki: “Bir gün Həzrəti Əli şam işığında müharibə zamanı əldə olunmuş qənimətlərin siyahısını tuturmuş. Birdən ərəb sərkərdələrindən biri içəri girir və deyir: “Ya Əli, səninlə söhbətim var”. Həzrəti Əli soruşur ki, söhbət şəxsidir, ya ümumi. Sərkərdə deyəndə ki, şəxsi söhbətdir, Həzrəti Əli şamı söndürür. İmam buyurur ki, bu beytül-maldandır, yəni xalqın olduğu üçün şəxsi söhbətə işlənə bilməz. Beytül-mal sonradan xalqın imkansız təbəqəsinə, əri müharibədə ölənlərə bəxş edilir ”. Demək ki, hərşeydən əvvəl əqidə düzgün, əxlaq, mənəviyyat imanlı olmalıdır ki, şəxsiyyət formalaşa bilsin.

Unutmaq lazım deyil ki,  hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquq-mühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə apararlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artar. 
Azay SÜLEYMANOĞLU