Rüsumların artırılması bahalaşmaya səbəb olacaqmı?

Baxış sayı:
1465

"Dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir". Prezident İlham Əliyev yanvarın 10-da keçirdiyi Nazirlər Kabinetinin iclasında bu barədə danışıb.

Bu fikirlərin üstündən beş ay keçdikdən sonra Azərbaycanda bir neçə sahədə rüsumlar, ictimai nəqliyyatda gediş haqqı 50 % bahalaşıb və gömrük yığımları artırılıb.

Nazirlər Kabineti maşınla xaricə səyahət edərkən yanacaq bakından əlavə ayrı qablarda aparılan hər litr benzinə və dizel yanacağına görə 0.6 ABŞ dolları (təqribən bir manat) rüsum tətbiq edib.

Məsələn yolda qalmamaq üçün əlavə 10 litr benzin aparan şəxs gömrükdə 6 ABŞ dolları (təqribən 10 manat) rüsum ödəməli olacaq.

31- iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə rüsumunun məbləği bir neçə dəfə qaldırılıb.

Qərara əsasən, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum avtomobilin mühərrikinin həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişəcək.

Bundan başqa ölkəyə fərdi şəxslər tərəfindən gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu əvvəl bütün növ mobil cihazlar üçün 5 manat olsa da indi cihazın bazar qiymətindən asılı olaraq 150 manata kimi artırılıb.

artan qiymətlər, rüsumlar, gediş haqqı, infoqrafika2018-ci ilin III rübündə Azərbaycanda artırılan rüsumlar

Metro və avtobuslarda gediş haqqı azı 50 faiz qaldırılıb

Daha əvvəl 30 iyul tarixində Tarif Şurasının qərarıyla Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda metro və avtobuslarda gediş haqqı azı 50 faiz qaldırılıb.

Fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı da azaldılıb.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" prezident sərəncam imzalayıb və fiziki şəxslər fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.

Buna qədər isə fiziki şəxslər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi.

Baş nazir Novruz Məmmədovun başqa bir qərarı ilə "Gömrük yığımlarının məbləğləri" dəyişdirilib, mövcud yığımlar artırılıb.

Artırılmış gömrük yığımları haqqında qərar sentyabrın 6-da qüvvəyə minəcək.

"Konvert" maaşlarının kəsilməsindən sonra gömrük yığımlarının artırılması…"

İqtisadi təhlilçi Nazim Bəydəmirli hesab edir ki, artımların səbəbləri müxtəlifdir.

"Gömrük yığımlarının əsas hissəsi, 60 faizini gömrük orqanları işçilərinə əmək haqqından əlavə verilir, 40 faizi isə dövlət büdcəsinə gedir. Bunun səbəbi "konvert" maaşların ləğv olunmasından sonra gömrük əməkdaşlarına verilən məbləğin bir az qanuniləşdirilməsidir", Nazim Bəydəmirli belə deyib.

Cənab Dəmirli deyib ki, digər sahələrdə artım məsələn nəqliyyatda bahalaşma xərcləri qarşılamaq üçün tətbiq edilib.

Onun sözlərinə görə, digər sahələrdə bu artımlar həmin sahələrdə çalışanların sosial təminatını gücləndirmək məqsədiylə artırıla bilər.

Nazim Bəydəmirli deyib ki, "Bütün bunlara baxmayaraq bu artımlar zamanı heç kim nəzərə almayıb ki, bu artımlar vətəndaşın, istehlaçının xərclərini artıracaq və bunlar vətəndaşlar hesabına ödənmiş olacaq. Əslindən bu artımlar o qədər də böyük vəsaitlər deyil ki, dövlət büdcəsinin artımında rol oynasın".

gömrük rüsumları, bahalaşma,Millət vəkili Vahid Əhmədov

"…bahalaşmaya səbəb olacaq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC Azərbaycancaya müsahibəsində deyib ki, rüsumlarda və digər sahədə olan artımlar bir qədər bahalaşmaya səbəb olacaq.

"Buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək", - Vahid Əhmədov belə deyib.

Onun sözlərinə görə, Azərbaycana kifayət qədər məhsul idxal edirik ona görə də, rüsumların artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Ümumilikdə bu artımların Azərbaycanın daxili bazarındakı qiymətlərinə təsiri qaçılmazdır.

Millət vəkili deyib ki, gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur.

Vahid Əhmədov deyib ki, "Bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Mikayıl Cabbarov nazir kimi işinə başlayandan bu qurumda real islahatlar aparılır".

Cənab Əhmədov onu da deyib ki, bu heç də dövlət büdcəsinin rüsumlar hesabına doldurulması deyil, amma bu artımlar əhaliyə təsirsiz ötüşməyəcək.