​Rüstəm Ibrahimbəyovdan Xədicə Ismayıla məktub…

"Politoloqlar və tarixçilər Sizin qəhrəmanlığınıza ətraflı araşdırmalar həsr edəcəklər"

Milli Şuranın fəxri sədri, tanınmış dramaturq və kinorejissor Rüstəm Ibrahimbəyov il yarımlıq həbsdən sonra bugünlərdə azadlığa çıxan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla təbrik məktubu göndərib. Rüstəm Ibrahimbəyov məktubunda yazır:
***
Əziz Xədicə xanım!
Mən Sizin ünvanınızı bilmirəm, ona görə də Sizə ictimai şəkildə müraciət edirəm.
Bir ay əvvəl Siz hələ həbsdə olarkən mən Sizə kitabımı göndərmişdim. Orada kiçik qeydlə Sizin fədakar fəaliyyətinizə görə minnətdarlığımı bildirmişdim. Bu gün çox sevinirəm ki, Siz nəhayət, azadlıqdasınız. Bir daha Sizə dərin hörmətimi ifadə edirəm.
Sizin başınıza gələnlər ölkədə dərin mənəvi və ictimai-siyasi böhranın göstəricisidir. Sizin azadlığa buraxılmağınız isə kiminsə xoş məramı və ya himanizmi deyil. Sizi yenilməz ruhunuzun gücü azadlığa çıxartdı.
Politoloqlar və tarixçilər Sizin qəhrəmanlığınıza ətraflı araşdırmalar həsr edəcəklər. Mən bunlardan yalnız birini qeyd edəcəm. Həyatımızda olan bütün qəmli, dramatik və bəzi hallarda faciəvi bir şəraitdə Azərbaycanda Sizin kimi şəxsiyyətin olması xalqımız üçün qürurverici hadisədir. Əminəm ki, tez və ya gec hamı başa düşəcək ki, həmvətənimiz Xədicə Ismayılova da dünyada insan haqları uğrunda mübarizədə özünəməxsus yer tutur.
Insanın ən yüksək keyfiyyətlərindən biri çəkinmədən hökumətin üzünə həqiqəti demək bacarığıdır. Azərbaycanda bu cür adamlar təqiblərə məruz qalır. Sizin azadlığa buraxılmağınız hakimiyyətin çoxdan vəd etdiyi demokratik dəyişikliklərin nəhayət ki, başlanacağına ümid etməyə əsas verir. Lakin hadisələrin bu istiqamətdə inkişafı üçün üzərinizdə olan digər ittihamlar götürülməli, adı ölkənin hüdudlarından kənarda da məşhur olan bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.
Əziz Xədicə! Çox sevinirəm ki, başınıza gələn ağır sınaqlar Sizə xas olan həyatsevərlik və nikbinliyi sarsıda bilmədi. Mənim yaşımda olan adamlar baş verənlərin təfərrüatlarına və detallarına çox da diqqət yetirmir. Digər tərəfdən, bu amil məsələni layiqincə qiymətləndirməyə əsas verir. Başlıca məsələ bugünkü Azərbaycanda Sizin kimi adamların olmasıdır.
Sizin ananıza böyük salamlarımı çatdırıram. Onun davranışı və qətiyyəti insanı valeh edir və mənim Azərbaycan qadınları barədə çoxdankı müşahidəmin düzgün olduğunu sübut edir – Azərbaycan qadını bəzən kişilərdən də qətiyyətli olur. Hərçənd, mühüm məsələ həqiqəti kimin deməsi deyil, əsas olan həqiqətin səslənməsidir.
Sizə keçdiyiniz həyat yolunda uğurlar arzulayıram.
P.S. Siz mənim kitabımı aldınızmı? Ümid edirəm ki, Bakıda görüşümüz zamanı bu barədə məlumat ala biləcəm.