“Rusların nəzarətində olan ərazilərin geri qaytarılması ağır və çətin olacaq”

Baxış sayı:
1542

Ermənistan-Azərbaycan müharibəsinin nəticələri regional təhlükəsizlik sisteminin formalaşmasına və geosiyasi qüvvələr nisbətinə təsir göstərən başlıca amilə çevrildi. Rusiya və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasını bəyan etsələr də ekspert cameəsi münaqişənin siyasi-diplomatik döyüşlərə və informasiya müharibəsinə çevriləcəyini proqnozlaşdırır.Bundan sonra nə olacaq? Paşinyan hakimiyyətdə qalacaqmı? Bu yaxınlardakı hərbi məğlubiyyət fonunda Ermənistan Azərbaycanla hərtərəfli sülhə hazırdırmı? Yaranmış yeni vəziyyətdə Rusiya özünü necə aparacaq? Qərb Ağ Evə yeni administrasiyanın gəlişi ilə regionda öz rolunu fəallaşdıracaqmı?Biz tanınmış siyasi ekspert, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müharibədən sonrakı vəziyyətlə bağlı silsilə söhbətlərə başlayırıq.

- Qarabağda müharibə qaynar fazadan heç də az kəskin olmayan siyasi-diplomatik mərhələyə keçib. Hazırda Azərbaycan əhalisinin əsas müzakirə və düşünmə mövzularından biri Rusiya sülhməramlılarının nəzarəti altında olan Dağlıq Qarabağ ərazilərinin gələcəyidir…

- Azərbaycan xalqının Dağlıq Qarabağın bütün ərazilərilə bağlı məsələni tez həll etmək istəyi tamamilə anlaşılandır. Aydındır ki, hər kəs tələsir və hər şeyi dərhal istəyir. Lakin ona hazırlaşmaq lazımdır ki, bu, ərazi bütövlüyünün bərpası və hazırda Rusiya sülhyaratma qüvvələrinin məsuliyyət zonasında olan rayonlara nəzarətin geri qaytarılması üçün ağır və çətin yol olacaq. Dağlıq Qarabağın bu zonasında vəziyyətə erməni icması yox, sülhyaratma missiyası nəzarət edir. Orada real hakimiyyət Rusiyanın sülhməramlı kontingentinə, yaxud daha dəqiq desək, Rusiyaya məxsusdur. Bu vəziyyətə müvəqqəti kimi baxmaq lazımdır, çünki qoşunların daxil olması özü fövqəladə şəraitdə baş verib. Bu qərar inzibati orqanlar səviyyəsində qəbul edilib. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri səviyyəsində. Yəni, parlamentlərin razılığı olmadan və hansısa ictimai müzakirələrin aparılmasından yan keçməklə qəbul edilib. İndi demək olar ki, Dağlıq Qarabağ regionu fövqəladə vəziyyət rejimindədir və daha sonra bunların hamısı qanuniləşdiriləcək və yeni qərarlar qəbul ediləcək. Düşünürəm ki, bundan sonra Avropa İttifaqının və ABŞ-ın haqqında bəhs etdikləri sülh danışıqları prosesi başlayacaq.
Danışıqların davam etdirilməsi qaçılmaz prosesdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərini, onların Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərini çox güman ki, 2021-ci ilin fevralında başlayacaq danışıqlara hazırlıq saymaq olar. O vaxta qədər Avropada Milad tətilləri başa çatacaq, ABŞ-da isə Ağ Evin yeni administrasiyası işə başlayacaq. Güman edirəm ki, danışıqların əsas mövzularından biri Dağlıq Qarabağda Rusiyanın iştirakının statusu məsələsi olacaq. ATƏT-in Minsk Qrupu çərçivəsində ermənilərlə azərbaycanlıların gələcək dinc yanaşı yaşaması məsələləri, Dağlıq Qarabağın gələcək forması, regionda sərhəd problemləri və s. müzakirə olunacaq.
 
- Bununla yanaşı, xeyli söz-söhbət gəzir ki, ATƏT-in Minsk Qrupu özünü gözdən salıb və indi qərarlar yeni formatda: RF, Ermənistan, Türkiyə, Azərbaycan tərəfindən qəbul edilir...
 

- Bu formatda Ermənistan yoxdur. Rusiya-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələri var. Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli qarşılıqlı fəaliyyət yoxdur. İndiki halda Türkiyə Qarabağda müşahidə missiyası kimi iştirak edəcək. Nəzərə almaq lazımdır ki, yaranmış vəziyyət ATƏT-in Minsk Qrupu formatını əvəz etmir. O başqa məsələdir ki, Ankara təkid edirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərkibi dəyişsin. Məlumdur ki, Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə tövsiyə xarakterli qərar qəbul edib. Formatın dəyişdirilməsi ilə əlaqədar Bakı və Ankaranın iddiaları Fransanın münaqişə iştirakçılarından birinin tərəfini tutması ilə bağlı idi. Ancaq Fransa hökuməti bəyanat verəndən sonra ki, parlamentin heç bir tövsiyəsini qəbul etməyəcək və  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi, bu məsələ bağlandı. İstənilən halda, danışıqlar Türkiyənin də daxil olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq. Hazırda Rusiya-Türkiyə qarşılıqlı fəaliyyəti atəşkəs rejiminə əməl olunmasına aiddir. Bu, yalnız təhlükəsizliyin təmin edilməsi məsələsinin hərbi hissəsidir və siyasi nizamlanmanı əvəz etmir. Yəqin ki, RF sülhməramlı kontingenti ATƏT-in mandatını alacaq və gələcəkdə çoxmillətli olacaq.
 
- Uzun illər regiona ezamiyyətlər zamanı ATƏT-in Minsk Qrupunda ərazi bütövlüyü simbiozunu və özünütəyinetmə hüququnu nəzərdə tutan “çətinliklə əldə edilmiş” Madrid prinsipləri olub.  Bəzi ekspertlər hesab edirlər ki, bunlar bir-birini istisna edən anlayışlardır. Bu sənədin reanimasiyası mümkündürmü?

- Qarabağ münaqişəsi boyunca danışıq meydançalarında yanaşmalar dəyişib. Məsələn, Lissabon sammiti, Kazan təşəbbüsü, nizamlanmanın mərhələli, paket variantları və s. olub. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin tərkibi dəyişməyib, lakin həmsədrləri təmsil edən şəxslər və onların təşəbbüsləri dəyişib. ATƏT-in Minsk Qrupu müxtəlif təşəbbüslər irəli sürərkən Qarabağ münaqişəsində yaranmış reallıqlardan çıxış ediblər. Reallıq isə müxtəlif səbəblərdən dəyişib. Məsələn, Ermənistanda hakimiyyət dəyişikliyi və ya münaqişə tərəflərindən yeni təkliflər. İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündən sonra aydın oldu ki, regionda baş verən hərbi əməliyyatlar ilə əlaqədar yeni reallıqlar ortaya çıxıb. Məsələn, erməni tərəfi ilə sövdələşmə predmeti olan 7 rayon azad edilib. Uzun müddət Ermənistan Dağlıq Qarabağın müstəqilliyi müqabilində ərazilərin qaytarılmasını təklif edirdi. 1991-ci ildə ləğv edilmiş DQMV-nin ən azı üçdə biri indi Azərbaycan ordusunun nəzarəti altındadır. Beləliklə, tamamilə başqa bir vəziyyət yaranıb. Buraya Ermənistanın özünün vəziyyətini də aid etmək olar. Yerevanın faktiki olaraq kapitulyasiyasından sonra həm Ermənistanda, həm də Dağlıq Qarabağda ermənilər arasında əhval-ruhiyyə və yanaşmalar dəyişib, bundan sonra da dəyişəcək. ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Azərbaycan prezidenti ilə görüşdə qeyd ediblər ki, tamamilə yeni vəziyyət yaranıb. Görünür, həmsədrlər Azərbaycan prezidentindən yeni təkliflər alıblar. Hansı təkliflərdir, hələlik biz bilmirik. Ancaq həmsədrlər söz veriblər ki, bu təklifləri öz ölkələrinin rəhbərliyinə çatdıracaqlar.
Biz İlham Əliyevin hansı təkliflər irəli sürməsi barədə yalnız mülahizə yürüdə bilərik. Ola bilsin ki, regionda status-kvonun dəyişməsi ilə əlaqədar, ümumiyyətlə, Dağlıq Qarabağın statusu məsələsi müzakirə mövzusu olmayacaq. Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə deyib ki, heç bir status olmayacaq. Eyni zamanda Nikol Paşinyan, onun ölkəsi məğlub olsa da Dağlıq Qarabağa müstəqillik verilməsini bəyan edir. Həmsədrlərin vəzifəsi münaqişə tərəflərinin mövqeləri arasında kompromis variant tapmaqdır. Məsələn, bu, Dağlıq Qarabağda hansısa özünüidarəetmə forması ola bilər. Bu, hansı sərhədlərdə olacaq və necə həyata keçiriləcək, bunlar gələcək müzakirələrin mövzusudur. Biz onu gözləməliyik ki, gələn ilin fevralında danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən yeni təkliflər əsasında aparılacaq. Onlar Bakıda və Yerevanda olublar, tərəflərin fikirlərini dinləyiblər və yeni kompromisləri təqdim edəcəklər.
 
- Ermənistandakı siyasi böhran danışıqlara mane olmayacaqmı? Ermənistan müxalifəti son qələbəyə qədər  müharibə vəd edir. Bir tərəfdən, erməni xalqı əvvəlki Sarqsyan-Köçəryan rejimini qəbul etmir, onu xəzinə oğrularının və banditlərin nümayəndələri hesab edir. Digər tərəfdən isə müharibəni uduzan Paşinyan…
 

- Fikir verin, Ermənistanda vəziyyət nə qədər ağır olsa da Yerevan küçələrinə Paşinyanı istefaya getməyə məcbur edəcək etirazçıların böyük, tənqidi kütləsi çıxmır. Ən ağır hərbi məğlubiyyətə və Ermənistan əhalisinin yaşadığı böyük milli stresə baxmayaraq, müxalifətin edə biləcəyi şey küçələrə maksimum beş minə yaxın adam çıxarmaqdır. Bütün hallarda əhalinin Paşinyana inamı qalır. Sadə ermənilər ölkədə siyasi münasibətlər sistemi ilə yaxşı tanışdır. Onlar kifayət qədər savadlıdır və daha da müdrik oldular. Guya Paşinyan xəyanətkardır, $5 milyard dollar alıb, ölkəyə xəyanət edib və s. kimi bəyanatlarla onları aldatmaq asan deyil. Erməni cəmiyyəti artıq buna inanmır. Onlar münaqişə haqda artıq yaxşı məlumatlıdır və eyni zamanda çarəsizlikdən və gələcəklə bağlı dəqiq istiqamətlərin  olmamasından yorulublar. Bu, ölkədən böyük emiqrasiyanın nümunəsində aydın görünür. Qarabağ klanının Paşinyana uduzması isə onu göstərir ki, ermənilər Qarabağdan beziblər. Bir yandan, Azərbaycan ordusu tərəfindən məğlubiyyətə uğramaq onlara ağır gəlir, digər tərəfdən isə erməni cəmiyyəti baş verənləri anlayır. Və adamlar bunda Paşinyanın günahının olduğunu görmürlər. Sistemin daxilində yaşayan insanlar hadisələri təhlil edir, kimin günahkar olduğunu və məğlubiyyətə nəyin səbəb olduğunu bilirlər. Keçmişə etibar yoxdur, belə ki,   əvvəlki hakimiyyət korrupsiyalaşmış hakimiyyət idi və məhz o, ölkəni bu vəziyyətə gətirib çıxarmışdı. Qarabağ müharibəsində məğlubiyyət zaman məsələsi idi. Sadəcə, elə oldu ki, nəticə Paşinyanın hakimiyyəti dövründə baş verdi.
Ermənistanın məğlub olmasında Paşinyanın yox, əvvəlki prezidentlərin günahkar olması barədə İlham Əliyevin bəyanatı bəzi siyasi meydançalarda belə qəbul edilib ki, guya Əliyev Paşinyanı dəstəkləməklə faktiki olaraq erməni baş nazirinə hökm çıxarıb. Əslində isə Əliyev vəziyyəti obyektiv qiymətləndirib. Azərbaycan prezidenti işarə edib ki, o, keçmiş erməni komandası ilə danışmaq niyyətində deyil. Bu, həm erməni cəmiyyətinə, həm də beynəlxalq birliyə çox maraqlı mesajdır. Erməni xalqı başa düşməlidir ki, beynəlxalq vasitəçilər Paşinyanın gedişini dəstəkləmirlər. O cümlədən, Rusiya Paşinyanın devrilməsi üçün heç bir addım atmayacaq. Bundan əlavə, Putin dəfələrlə ona dəstək verib. Bəli, söz-söhbət var ki, Rusiya prezidenti Paşinyanı sevmir, onu Qərbpərəst, Sorosun “yetirməsi” hesab edir və s. Amma aydındır ki, Moskva Ermənistan rəhbərinin devrilməsində maraqlı deyil. Keçmiş hakimiyyətin, indi isə erməni müxalifətinin nə qədər emissarları Moskvaya gedirdilər ki, Paşinyanın devrilməsinə razılıq alsınlar, amma heç nə alınmadı. Beynəlxalq qüvvələr, o cümlədən erməni diasporu Ermənistanda indiki hakimiyyətin devrilməsində maraqlı deyil. Yəni, yaxın zamanlarda onun istefası olmayacaq. Tədricən Ermənistanda vəziyyət sabitləşəcək, emosional fon aşağı düşəcək, insanlar vəziyyəti daha ayıq-sayıq qiymətləndirəcək, küçə etirazları, emosiyalar isə baş verənlərə dair sakit polemikaya keçəcək. Yeri gəlmişkən, Paşinyan parlamentdə belə polemika açıb və müzakirələrdən qaçmır. Tədricən o, əhalidən daha çox dəstək alacaq. Adamlar anlayırlar ki, bu, konkret olaraq Paşinyanın məğlubiyyəti  deyil, bütövlükdə ölkənin məğlubiyyətidir. Ermənistan əhalisi baş nazirə qarşı çıxmır, baş verənlərə görə məsuliyyəti öz üzərinə götürür.
 
- Təxminən 30 ildir ki, Ermənistan Qarabağı saxlamaq üçün özünü Rusiyanın forpostu kimi təmsil edirdi. Bəlkə Qarabağın itirilməsi Ermənistanı Rusiyadan daha müstəqil etdi? Sabah Paşinyan deyə bilər ki, qoy, Qarabağda ermənilərin müdafiəsi ilə RF məşğul olsun, biz isə Avropaya inteqrasiya üzrə sazişləri fəal şəkildə həyata keçirəcəyik. Rusiya, gəl, sağollaş! Belə dönüş mümkündürmü?
  
- Paşinyan hakimiyyətə antirusiya şüarlarında gəlməyib, korrupsiyaya qarşı amansız mübarizə və həyat səviyyəsinin yüksəldilməsinin təmin edilməsi vədində gəlib. Etimadı doğrultmayan Qarabağ rejimindən məyus olan erməni cəmiyyəti Paşinyana üstünlük verdi. O, küçədən ədalət vədləri ilə gəldi və əhali ədalətə səs verdi. Erməni cəmiyyətində həm Rusiyapərəst, həm də Qərbpərəst insanlar var. Bəli, Paşinyan Aİ ilə tərəfdaşlıq haqqında saziş imzalayıb ki, Sarqsyan bunu edə bilməmişdi. Ermənilər inkişaf etməkdə olan, demokratik ölkədə yaşamaq istəyirlər və dövlət sistemi quruculuğu ilə bağlı belə təcrübəni Avropa verir. Odur ki, ermənilərin Avropa tipli cəmiyyət yaratmaq cəhdləri tamamilə anlaşılan və izahediləndir. Və bunda Rusiya əleyhinə heç bir şey yoxdur. Məsələ ondadır ki, Azərbaycanda da belə qeyri-obyektiv fikir mövcuddur ki, əgər "Qərbpərəst"dirsə, deməli, mütləq "antirusiya"dır. Bu, kökündən yanlışdır. Rusiyanın özündə də Qərb nümunəli cəmiyyət qurmaq istəyən çoxsaylı insan var. Belə olan halda Paşinyan Rusiya ilə münasibətində kəskin hərəkətlər etməyəcək. Guya o, Rusiyadan inciyib, Ermənistanın artıq  itirəcəyi bir şey yoxdur və Qərbə istiqamət götürəcək. Xeyr, bu, baş verməyəcək. Yerevan balanslaşdırılmış siyasət yürüdəcək: Qərblə münasibətləri genişləndirmək, eyni zamanda, RF ilə münasibətləri möhkəmləndirmək. Burada Ermənistanın çoxsaylı erməninin yaşadığı Rusiya ilə sıx iqtisadi münasibətlərini nəzərə almaq lazımdır. Ermənistan iqtisadiyyatına çox bağlı olan Rusiyadan Ermənistana kifayət qədər böyük pullar gəlir. Sadəcə, indi Yerevan müharibədə məğlubiyyətdən istifadə edərək ölkəyə maksimum daha çox investisiya cəlb etməyə çalışacaq. Ona görə də həm Qərblə, həm də Rusiya ilə eyni dərəcədə münasibətlər qurmağa başlayacaq. Ermənistan üçün Azərbaycanla da, xüsusilə Türkiyə ilə münasibətlər qurmaq çox vacibdir. Kommunikasiyalar açılmadan, qonşularla münasibətlər bərpa edilmədən iqtisadi vəziyyətin sabitləşməsi və ölkənin sülh istiqamətində inkişafı mümkün deyil. Ermənistanın sırf coğrafi mövqeyi Bakı və Ankara ilə münasibətlərin bərpasını diqtə edir. Odur ki, bu reallıqlardan irəli gələn praqmatik, balanslaşdırılmış siyasət gözləmək lazımdır. Üstəlik, ATƏT-in Minsk Qrupunda Rusiya, ABŞ və Fransanın timsalında Qərb var. Ermənistan hər iki geosiyasi mərkəzin maraqlarını nəzərə alaraq siyasət yürütməklə stabilləşə bilər.
 
- Üçtərəfli saziş Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasını nəzərdə tuturmu? Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən təcrid olunmasının səbəbi indi daha aydın olur…
 
- Hazlrda bizim təsir vasitələrimiz Azərbaycan ordusunun azad etdiyi ərazilərdir. Kommunikasiya amili artıq o qədər də vacib alət deyil. Bu gün Ermənistan və Dağlıq Qarabağ arasında kommunikasiyalar açılıb və işləyir. Rusiyadan gələn humanitar yüklər Azərbaycan dəmir yolu ilə Qarabağa daxil olur.  Artıq bu əlaqə qurulub və yüklər Azərbaycanda son stansiyaya maneəsiz daxil olur, sonra isə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərdən maşınlarla Dağlıq Qarabağa daxil olur. Deklarativ xarakter daşıyan üçtərəfli bəyanata əsasən Mehri dəhlizi ilə Azərbaycandan NMR-ə dəmir yolu əlaqəsi açılmalıdır. Əgər hər şey müsbət məcrada gedərsə, Azərbaycan bir il ərzində bu dəmir yolunu bərpa etməyə qadirdir. Bakının bu baxımdan təcrübəsi, resursları və s. var.
Azərbaycanla NMR arasında əlaqə məsələsi üçtərəfli bəyanat çərçivəsində həll oluna bilər və böyük sülh razılaşmasını gözləməyə ehtiyac yoxdur. Ermənistan-Azərbaycan, o cümlədən Ermənistan-Türkiyə sərhəddinin müxtəlif sahələrində kommunikasiyaların açılmasına gəlincə, bu, aralıq sülh sazişi çərçivəsində mümkündür. Burada çox şey Ermənistanın özündən asılıdır. Azərbaycan və Türkiyə tərəfdən heç bir problem yoxdur. Türkiyə aydın şəkildə işarə edib ki, Azərbaycan əraziləri azad edilənə qədər kommunikasiyalar bağlı olacaq. İndi ərazilər azad edilib və beynəlxalq birlik Dağlıq Qarabağ ərazisi  də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Və Türkiyə üçün də Ermənistanla sərhədləri açmaqda heç bir maneə yoxdur. İndi top Ermənistan tərəfdədir. Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdiyini bəyan edən kimi (bu isə mütləq baş verməlidir) diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılması prosesi başlayacaq. Yeri gəlmişkən, Ermənistan 2009-cu il Sürix razılaşmalarından istifadə edə bilər. O vaxt Türkiyə-Ermənistan sərhəddinin açılmasına cəhd olmuşdu.  Həmin andan Türkiyə və Ermənistan arasında yük, mal, sərnişin daşınmasına yol açılacaq.
 
- Müharibənin lap əvvəlində Paşinyan Azərbaycan ordusunun tərəfində "suriyalılar"ın döyüşməsindən danışanda  Ermənistanda belə hesab edirdilər ki, diaspor elə edəcək ki, avropalılar və amerikalılar Azərbaycanın boğazından yapışacaqlar. Lakin daşnakların qüdrətindən uzun-uzun danışdıqları diasporun gücü ancaq Qərb, xüsusilə də Rusiya KİV-lərində Azərbaycan haqda çirkin şeylər yaymağa çatdı. Ümumiyyətlə, diasporun rolu həddindən artıq şişirdilməyib ki?
(Ardı var)

Ceyhun Nəcəfov,
Haqqin.az