Rusiyaya məxsus təyyarəni Suriya ordusu vurub - RUSİYA MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI / YENİLƏNİB

Baxış sayı:
4930

Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriya HHQ-yə aid S-200 raket kompleksi tərəfindən vurulub.

Muxalifet.az "RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“F-16-ya nisbətən daha böyük effektiv əksetmə səthinə məxsus İl-20 təyyarəsi S-200 kompleksinin raketi ilə vurulub”, - əlavə edib.

Məlumata əsasən, Əsəd qüvvələri Rusiya təyyarəsini Surayın havadan müdafiə sisteminə müdaxilə zənn edərək, təyyarəni düşürüblər. Belə ki, rus təyyarəsi Aralıq dənizindəki Fransa gəmisindən, yaxud da İsrail tərəfdən atılan raket kimi qəbul olunduğundan, ona qarşı atəş açılıb. 
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “İl-20” təyyarəsinin göyərtəsində olan 15 hərbçinin hamısı həlak olub.

“LifeShot” telegram-kanalı xəbər verir ki, Rusiya MN-in məlumatına əsasən, İsrail ordusunun F-16 təyyarələri Rusiya təyyarəsinin S-200 raket kompleksi tərəfindən vurulmasına səbəb olublar.

“Biz müvafiq cavab hərəkətlərinə haqqımızı qoruyub saxlayırıq”, - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

*** 

Rusiyanın İl-20 radioelektron kəşfiyyat və mübarizə təyyarəsi Suriyadakı Hmeymim aviabazası rayonunda radarlardan “itib”. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 14 hərbçi olub, onların taleyi məlum deyil. Təyyarənin axtarışı üçün axtarış-xilasetmə əməliyyatı başlayıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, təyyarə İsrail qırıcılarının Latakiyə əyalətində Suriyaya aid obyektlərə raket zərbələri endirdiyi bir vaxtda radarlardan itib. Həmin vaxt təyyarə Aralıq dənizi akvatoriyası üzərində uçurdu. Fövqəladə vəziyyət təyyarənin sahildən 35 kilometr məsafədəki Hmeymim aviabazasına qayıtması zamanı baş verib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə təyyarənin radarlardan itdiyi vaxtlarda radiolokasiya vasitələri tərəfindən həmin rayonda mövqe tutan Fransa dəniz qüvvələrinin “Auvergne” freqatından raket buraxıldığı qeydə alınıb. “Auvergne” çoxtəyinatlı freqatdır, sualtı qayıqlara qarşı mübarizə və hava hücumundan müdafiə üçün nəzərdə tutulub, habelə quru obyektlərinə və suüstü hədəflərə raket zərbələri endirə bilir.

ABŞ hökumətindəki mənbə isə CNN-ə bildirib ki, Rusiya kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula bilərdi. Belə ki, İsrail aviasiyasının Latakiyə rayonuna zərbələr endirdiyi vaxt Suriyanın hava hücumudan müdafiə sistemləri bu hücumu dəf etməyə çalışıb. Telekanala məlumat verən digər mənbə də təyyarənin itdiyi vaxtda İsrailin Suriya ərazisinə hava reydi həyata keçirdiyini bildirib. Reyddə İsrailin F-16 təyyarələrinin iştirak etdiyi bildirilir, İsrail isə bu məlumatları şərh etmir.