Rusiyaya keçmək üçün soyadını dəyişdi, amma...

Baxış sayı:
7246

Rusiyaya girişinə qadağa qoyulmuş Zeynalov soyadlı Azərbaycan vətəndaşı qadağadan yan keçmək üçün yeni pasport alaraq, soyadını Zeynalzadəyə dəyişib.

Bu barədə “Sm-news.ru” məlumat verir.

Belqorod vilayət məhkəməsi həmin şəxsin tez-tez Ukrayna ərazisindən (Belqorod sərhəd buraxılış məntəqəsindən) Rusiyaya keçdiyini müəyyən edib.

2015-ci ildə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə Federal Miqrasiya Xidmətinin Moskva idarəsi onun Rusiyaya girişinə qadağa tətbiq edib. Azərbaycanlı vəziyyətdən çıxış yolu kimi soyadını və pasportunu dəyişib.

İlk dəfə yeni pasportu ilə Rusiyaya “Dərbənd” sərhəd buraxılış məntəqəsindən keçib. Kordonu uğurlu şəkildə keçdikdən sonra analoji sxemdən daha 10 dəfə istifadə edib və müxtəlif ölkələrdən Rusiya Federasiyası ərazisinə daxil olub.

Məlumata görə, azərbaycanlı öz günahını boynuna alıb və işə xüsusi qaydada baxılması ilə bağlı məhkəmədə vəsatət qaldırıb.

Nəticədə, o, RF Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci bəndinə əsasən bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.