​RUSİYAPƏRƏST MƏMURLAR "YATAN HÜCRƏLƏR"İ OYADIR

Baxış sayı:
4068

Xəyanətdə ittiham olunan nazirin oğlunu vəzifəyə kim təyin etdirib?

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədovun nə kimi bağlantısı olub?
 
Muxalifet.az-ın ötən sayında dərc olunan “Heydər Əliyevin vəzifədən qovduğu nazirin oğluna yüksək vəzifə verildi” sərlövhəli yazı ciddi rezonans doğurub. Bununla bağlı redaksiyamıza müraciət edən çoxsaylı oxucularımız dövlət maraqlarımıza xəyanət edən bir şəxsin oğlunun yüksək vəzifəyə təyin edilməsinin yolverilməz olduğunu bildiriblər.
Xatırladaq ki, söhbət Azərbaycanın keçmiş müdafiə naziri, vəzifədə olduğu dönəmdə qalmaqallı fəaliyyəti ilə diqqətləri cəlb edən, hətta bu səbəbdən mərhum prezident Heydər Əliyev tərəfindən nazir postundan qovulduğu iddia olunan Məmmədrəfi Məmmədovun oğlundan gedir. Ötən yazımızda qeyd etmişdik ki, sabiq müdafiə nazirinin oğlu Elmar Məmmədov atası kimi bir müddət hərbçi olub, sonradan nədənsə bu peşədən imtina edib. Az müddət sonra isə atasının Azərbaycan hakimiyyətindəki dostlarının, belə demək mümkünsə, vaxtilə təmsil olunduğu qruplaşmanın köməkliyi ilə SOCAR-ın Almaniya nümayəndəliyinin rəhbəri təyin edilib. E.Məmmədovun hazırda bu vəzifəni icra etdiyi SOCAR-ın Almaniya nümayəndəliyinin saytında da öz təsdiqini tapır.
Qeyd edək ki, əslən Quba rayonundan olan general-leytenant Məmmədrəfi Məmmədov 1993-cü il sentyabrın 2-dən 1995-ci il fevralın 6-dək Azərbaycanın müdafiə naziri vəzifəsində işləyib. O, 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri olan Pavel Qraçovla yaxın dost olub. 1994-cü ildə “Qraçov planı”na - rusiyalı sülhməramlıların münaqişə zonasında yerləşdirilməsini nəzərdə tutan anlaşmaya “hə” dediyi üçün dövlət maraqlarını satmaqda ittiham olunur.  Hansı ki, bu xəyanətkar plandan son anda xəbər tutan prezident Heydər Əliyev müdafiə naziri Məmmədrəfi Məmmədovu gecə ilə Moskvadan geri çağırıb. Diqqətli oxuculara məlumdur ki, bu haqda ötən yazımızda ətraflı bilgi vermişik...
Həmin yazıda oxucularımıza onu da söz vermişdik ki, Azərbaycan dövlətinə xəyanətdə ittiham olunan Məmmədrəfi Məmmədovun oğlunun kimlərin dəstəyi ilə SOCAR-ın Almaniya nümayəndəliyinin rəhbəri təyin olunduğu və bu təyinatda nə kimi gizli niyyətlərin olub-olmadığı haqda oxucularımıza ətraflı məlumat verəcəyik. Lakin “Heydər Əliyevin vəzifədən qovduğu nazirin oğluna yüksək vəzifə verildi” sərlövhəli yazı qəzetimizdə dərc olunduqdan sonra, redaksiyamıza bu haqda daha ciddi informasiyalar daxil olub.

Öncə onu qeyd edək ki, Məmmədrəfi Məmmədovun oğlu Elmar Məmmədovun SOCAR-ın Almaniya nümayəndəliyinə rəhbər təyin edilməsi, ehtimal etdiyimiz kimi, heç də öz bacarığı hesabına baş tutumayıb. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, Elmar Məmmədovun bu təyinatının arxasında Azərbaycanda Rusiyanın maraqlarına xidmət edən yüksək rütbəli məmurlar dayanır. Hansı ki, həmin məmurlardan biri - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov onun atasının müdafiə naziri olduğu dönəmdə M.Məmmədovun “sağ əli” kimi tanınıb. Hətta bəzi bilgilərə görə, Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə Məmmədrəfi Məmmədovun təqdimatı əsasında müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib. Hansı ki, N.Sadıkov da hazırda Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən generallardan biri kimi tanınır.
Mənbə deyir ki, Azərbaycanda Birinci vitse-prezident təyinatından sonra Rusiyameylli məmurların sıxışdırılması prosesinin aparılması qarşı tərəfi ciddi şəkildə narahat edib. Bu baxımdan da onlar bütün “yatan hücrələri” oyatmaqla, ölkəmizin Qərbə inteqrasiyasının önündə sipər olmağa çalışırlar. Mənbənin sözlərinə görə, Elmar Məmmədovun SOCAR-ın Almaniya nümayəndəliyinin rəhbəri təyin edilməsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Belə ki, rupsərətslər öz adamlarını strateji vəzifələrə yerləşdirməklə, son vaxtlar, xüsusən də Prezident Administrasiyasındakı struktur islahatları nəticəsində itirdikləri kadrların yerini doldurmağa çalışırlar.
Ən maraqlısı isə odur ki, son vaxtlar Rusiyameylli məmurlar artıq dövlət başçısının etimadını da itiriblər. Bunu təkcə Prezident Administrasiyasındakı struktur islahatlarının nəticəsi təsdiq etmir. Redaksiyamıza daxil olan məlumata əsasən, məsələn, son illər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının buraxılış mərasimində nəinki dövlət başçısının, hətta müdafiə nazirinin belə, iştirak etməməsi deyilənlərin bariz nümunəsi hesab oluna bilər. Əlbəttə, bu, heç də o anlama gəlməməlidir ki, sözügedən hərbi liseyin məzunları ölkə rəhbərliyi tərəfindən taleyin ümidinə buraxılıb. Əksinə, dövlət başısı səviyyəsində hərbçilərimizin problemlərinə hər il daha çox diqqət göstərildiyi sirr deyil. Mənbənin sözlərinə görə, sadəcə, son illər C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarının buraxılış mərasimində daha çox ruspərəst məmurlar boy göstərməyə çalışdıqlarından, artıq nə ölkə başçısı, nə də müdafiə naziri bu tədbirlərə qatılmır. Halbuki, Səfər Əbiyevin nazirliyi dönəmində ilk illər mərhum Heydər Əliyev, sonrakı illərdə isə prezident İlham Əliyev liseyin bütün məzun günlərində iştirak ediblər. Son illər isə məzunlarının buraxılış mərasimindən verilən rəsmi məlumatlarda sadəcə bunları eşidirik: “Tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər”. Bəzi hallarda isə “müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Liseyin kollektivinə təbriki oxunub”.
Mənbə deyir ki, son illər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının buraxılış mərasimində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Nizam Osmanovun iştirakı da diqqətdən qaçmamalıdır. Onun sözlərinə görə, Milli Orduda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sağ əli” hesab olunan N.Osmanov da ruspərəst zabitlərdəndir...

Günay ƏSƏDOVA

P.S. Mövzunu davam etdirəcəyik.