Rusiyanın təbliğat maşını – “SPUTNİK” VAŞİNQTONDA

Rusiya dövlətinin maliyyələşdirdiyi “Sputnik Radiosu” amerikalıların alternativ xəbərlərlə tanış olmaları məqsədilə paytaxt Vaşinqtonda yayıma başlayıb.
 
“Sputnik”in bildirdiyinə görə, radio stansiyanın məqsədi aparıcı media xəbərlərində səsləri eşidilməyən azlıqlara səs verməkdən ibarətdir. Lakin tənqidçilər “Sputnik”in Kremlin Qərb təsisatlarını zəiflətməyə yönəlmiş təbliğat maşını kimi fəaliyyət göstərdiyini bildirir.
Rusiyanın paytaxt Vaşinqton ərazisində yayımlanmağa başlayan “Sputnik Radiosu” amerikalıların bu radio vasitəsilə yalnız onlar haqda deyilənləri deyil, onların özünü dinləməsinə imkan vermək istədiyini bildirir.
"Sputnik Radiosu"nun Vaşinqton bürosu müdiri Mindia Cavasheli: “İnsanlar bizim haqda çox şey eşidib. Təəssüflər olsun ki, onlar bizi dinləyə bilməyib. Bizim haqda danışanların çoxu heç vaxt bizə qulaq asmayıb və bizim nə etdiyimiz haqda təsdəvvürləri belə yoxdur.”
“Sputnik” və Rusiyanın maliyyələşdirdiyi digər media agentlikləri Kremlin təbliğatını deyil, mediaya kənardan gələn anti-establişment məlumatları yayımladıqlarını deyir. Kreml mediasını araşdıran Robet Ortanq kimi çoxları bununla razı deyil. “Nəticədə aparıcıların məqsədi, ümumiyyətlə Rusiyanın xarici siyasəti bizim demokratiyaya xələl gətirmək, Amerika xalqının öz şəxsi təsisatlarına inamı itirmələrinə nail olmaqdır” deyə, Corc Vaşinqton universitetindən təhqiqatçı Robert Ortanq bildirir.
“Sputnik” özünün sabiq Ağ Ev müxbiri Endryu Feynberqi may ayında işdən azad edib və bu müxbir sonradan tənqidçi kimi fəaliyyət göstərməyə başlayıb. Endryu Feynberq: “Bu, sözün əsl mənasında təbliğatdır. Onların korporativ media tərəfindən təzyiqlərə məruz qalması ideyası isə gülməlidir. Onlar yarı-yalan, bəzən də tam yalan məlumatlara görə tənqid edilir.”
“Sputnik” isə deyilənlərin hamısının yalan olduğunu və bütün bunların işdən azad etdiyi işçinin uydurmaları olduğunu deyir.
“Sputnik” Amerika Birləşmiş Ştatlarında yaşayan azlıqların səsi üçün platforma təklif etdiyini deyir, lakin İnternetdə konspirasiya xarakterli məqalələr dərc edir. Mindia Cavasheli: “Belə bir söz var, təqdimatçıların fikri “Sputnik”in dedikləri ilə həmişə üst-üstə düşmür. Onlar istədiklərini etməkdə azaddırlar.”
“Sputnik”in öz verilişlərində Birləşmiş Ştatlar rəsmilərini, qanunlarını və cəmiyyətini tənqid etməsinə baxmayaraq, Cerald Nikson kimi aparıcılar Vaşinqtonun Rusiya ilə bağlı irəli sürdüyü iddiaların əhəmiyyətini azaltmağa çalışır. “İrəli sürülən bütün ittihamların mənim üçün heç bir mənası yoxdur. Sübut varsa biz baxıb vəziyyəti ona əsasən qiymətləndirə bilərik. Lakin mən belə ittihamları qəbul etmirəm.”
“Sputnik” ona qarşı irəli sürülən Kremlin Qərbə qarşı kampaniyalarına dəstək vermək ittihamını da rədd edir. "Sputnik Radiosu"nun aparıcısı Li Stranahan: “Əgər insanlar Rusiyanı tənqid etmək istəyirlərsə, bunu edə bilərlər. Bu məni heç narahat etmir. Mənim üçün Rusiya böyük problem deyil. Bilmirəm necə başa salım ki, Rusiya məni narahat edən ən böyük problem deyil.”
“Sputnik” deyir ki, insanlar oxumalı, dinləməli və bundan sonra bu stansiyanın Kremlin təbliğat maşını, ya da “alternative xəbərlər” olub-olmadılğına qərar verməlidir.