​ RUSİYANIN QAZ ŞANTAJININ SONU – “O, Moskvanın yırtıcı pəncəsinin altına atılmış olur”

 Böyük kimya komplekslərinin də daxil olduğu bir çox Polşa şirkətləri Rusiya qazından asılı qalıblar. Çünki sadə dillə ifadə etsək, onlar şərqdən gələn qaz kəmərinin son nöqtəsində durublar. Belə ki, Polşa geosiyası sarsıntılardan, Kremlin şıltaqlıqlarından və ya Almaniya ilə Rusiya arasında münasibətlərdəki dönüşlərdən əziyyət çəkməyə məhkum olub. İndi Donald Tramp “Şimal axını-2” layihəsi ilə əlaqədar olan sanksiyaları təsdiq etdikdən sonra, bütün bunların hamısı tarixə dönəcək.
 
Ancaq bizim qələbə himni oxumağa və polyak eqosentrizminə qapılmağımıza heç bir əsas yoxdur. Çünki Amerika sanksiyası qlobal xarakter daşıyır. Dünya qaz bazarı hələ indiyədək regional prinsipə görə bölünüb. Polşa (Əlbəttə ki, başlıca səbəb xammalın boru kəməri vasitəsilə çatdırılmasına görə) Rusiya istehsalçılarının və konkret olaraq “Qazprom”un fəaliyyət zonasına daxildir. Belə bir bazarda şərtləri istehsalçı diktə edib. Yeganə səbəbi isə, alıcıların alternativdən məhrum olmasıdır.
Bununla əlaqədar olaraq uzun müddətli müqavilələrdə (Polşa hadisəsindəki kimi) qiymətlər neftin qiymətinə bağlanılır. Bu müqavilələrin şərtlərinə görə, qazı alıb digər bir ölkəyə satmaq qadağan olunur və həm də ki, hələ alınmamış xammala görə pul ödənilməsi də tələb edilir. Yəni, sadəcə olaraq belə demək olar – günün günorta çağı soyğunçuluq! Hələ bu hamısı deyil.
Ən qorxulu tərəf isə, şaxtalı qış aylarında qaz şantajına başlanmasıdır. Bu cür epizodlar növbəti uzunmüddətli müqavilələrin imzalanmasından öncə demək olar ki, daima baş verir.
Axırıncı dəfə belə bir hal 2009-cu ilin yanvarında baş verib. Onda Ukrayna və Mərkəzi Avropanın bir neçə ölkəsinin qaz tədarükü kəsilmişdi. Bundan Polşa sənayesi də ziyan görmüşdü. Qaz kəsintisinə görə kimya müəssisələri xeyli çətinliklərlə üzləşdilər. Ona görə də, onlar qaz şantajı ucbatından istehsalı azaltmaq məcburiyyətində qalmışdılar.
O vaxtdan indiyə kimi vəziyyət 180 dərəcə çevrilib. Donald Trampın təsdiq etdiyi sanksiya yalnız son akkordlardır. İndi biz sıxılmış təbii qazın çox güclü bazarının formalaşması prosesini müşahidə edirik. Sıxılmış qaz mənfi 160 dərəcə temperaturda saxlanılır və onun kondensasiyasının həcmi 630 dəfə azalır.
Qazın sıxılması texnologiyasının meydana gəlməsi sayəsində onun dəniz yoluyla istehsalçıdan dünyanın istənilən nöqtəsindəki alıcıya nəql olunması rentabelli olub. Və ona görə də, qaz bazarının regionlaşdırılması öz mövcudluğunu demək olar ki, itirib. Sıxılmış qazı bazar qiymətinə (“spot price”) almaq mümkündür. Onun qiyməti son illər səkkiz dəfə aşağı düşüb. Bundan başqa həmin qazı istənilən an və istənilən tələbatına görə ala bilərsən.
Maraqlıdır ki, yaranmış indiki vəziyyətdə Rusiya ilk növbədə Çini günahlandırmalıdır. Çin bazar qiymətlərindən fərqli qiymətlərlə heç zaman razılaşmayıb. Digər tərəfdən Çin qazın qiymətinin neft qiymətlərinə bağlanmasına da etiraz edib. Əlavə olaraq onu deyək ki, Pekin sıxılmış Amerikan qazının uzunmüddətli çatdırılması ilə əlaqədar ABŞ-la müqavilə imzalayıb.
Almaniyanın inadkarlığı Avropada təəccüb doğurur. Hətta onun Putin Rusiyası ilə əməkdaşlığını şərh etmək də çətindir. Bu cür siyasəti uzaqgörənlik adlandırmaq olmaz. Fransa Moskvaya nəqliyyat gəmilərinin satılmasının Avropa Birliyinin həmrəyliyini pozacağını çox tez anladı. Həm də ki, həmin baş tumayan sövdələşmə “Şimal axını-2” qaz kəmərinin tikintisinin gətirə biləcəyi geosiyasi nəticələrlə müqayisədə çox xırda bir şeydir. Çünki əgər Ukrayna Avropaya gedən tranzit qaz xəttindən məhrum edilərsə, onda o, Rusiyanın yırtıcı pəncəsinin altına atılmış olur.
(“wPolityce.pl” – Polşa)