Rusiyanın ölkəmizə qarşı növbəti meyvə- tərəvəz iddiası - həqiqət, yoxsa təxribat...

Baxış sayı:
8452

RF tərəfi Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını Dağıstandan geri qaytarıb; 200 tondan artıq məhsulun idxalı qadağan edilib; bu məhsullarda zərərli maddələrin tapıldığı iddia olunur...

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını geri qaytarıb. Bu qurumun Dağıstan Respublikasındakı Xidmətinin məlumatına görə, 16-23 iyun 2019-cu il tarixlərində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində Azərbaycandan aparılan 119,095 ton pomidorun və 108,146 ton təzə gilasın idxalı qadağan edilib.

Meyvə-tərəvəzdən götürülmüş nümunələr “Rosselxoznadzor”un Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialına verilib. İdarədən verilən məlumata görə, laboratoriya bu ərzaq məhsullarının tərkibində zərərli maddələr - pomidor güvəsi, Şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi aşkarlayıb.

Fitosanitar riskin böyük olduğu nəzərə alınaraq, bu yüklərin Rusiya Federasiyası ərazisinə idxalı qadağan edilib. Meyvə-tərəvəz ixracatçı ölkəyə geri qaytarılıb və günahkarlar inzibati məsuliyyətə cəlb edilib.

Sputnik.az-ın məlumatına görə, bu, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarının karantin obyektlərinə görə Rusiya ərazisinə gətirilməsinin qadağan edilməsi ilə bağlı ilk hadisə deyil. Dağıstanda Respublikası Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Qurban Ramazanovun verdiyi məlumat da bunu təsdiqləyir. Onun məlumatına görə, 2019-cu ilin əvvəlindən etibarən Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Azərbaycana qaytarılması ilə bağlı 66 hadisə qeydə alınıb. Ümumilikdə respublikaya 1,320 min ton yük qaytarılıb.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarına sertifikatı Qida Təhlükəsizliyi Agentliyi təqdim edir. Agentlikdən “Yeni Müsavat”a bildirilib ki, beynəlxalq standartın tələbinə əsasən bu cür məsələlərlə bağlı uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir: “Sözügedən məsələ ilə bağlı heç bir rəsmi məlumat agentliyə daxil olmayıb. Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”.

Qeyd edək ki, bu məhsulun Azərbaycana geri qaytarılması ilə bağlı hər hansı məlumat əldə edə bilmədik. Bu məhsulların ölkəyə gətiriləcəyi təqdirdə daxili bazara yönləndirilərək istehlakçılara təklif edilməsi ehtimalı hazırda əhalini narahat edir.

Nicat Nəsirli ile ilgili görsel sonucu

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pomidor güvəsi, Şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi karantin zərərvericiləri sayılır: “Güvə xəstəliyinin insan üçün heç bir zərəri yoxdur, sadəcə, məhsulun görkəmini zədələyir. Bu da əsasən karantin zərərvericisi sayılır. Hava yolu ilə ölkəyə yayıla bilər. Ona görə də çox güman ki, Rusiya heç yük maşınlarının qapısını açmağa imkan vermədən girişi qadağan edib. Bu güvə ölkənin fitosanitar vəziyyəti üçün narahatlıq yaradır. İnsan səhhəti üçün isə heç bir zərəri yoxdur. Orta temperaturda meyvəni yuyanda bu zərərvericilər də gedir. Xarici dövlətlər isə öz ölkələrində fitosanitar vəziyyəti qorumaq üçün bu addımı atırlar”. 

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər məhsul geri qayıdırsa, onun məhv edilməsi nadir hallarda baş verir: “Mən uzun illərdir istehlakçıların hüquqlarını qoruyuram. Bu müddət ərzində iki dəfə zərərli malların ictimai məhvetmə prosesində iştirak etmişəm. O da böyük təzyiqlə olub. Əksər hallarda isə xarici ölkələrdən yararsız hesab edilərək qaytarılan məhsullar, qoz-fındıq, pomidor, meyvələr hamısı yerli istehlakçılara yönəldilir. Budəfəki məhsullar da əgər ölkəyə geri qayıtsa, çox güman ki, daxili bazara yönəldiləcək. Qida Təhlükəsizliyi Agentliyi öz əsasnaməsindəki işləri tam görə bilmir. Səbəb isə odur ki, ictimaiyyətlə əlaqələri zəifdir”.

Ekspert bildirdi ki, əsasnaməyə görə, AQTA qidanın tarladan istehlakçının masasına qədər keçdiyi yolu izləməlidir:“Lakin təəssüflər olsun ki, bunu edə bilmirlər. Biz ictimai təşkilat olaraq onlara köməyimizi təklif etmişik, qəbul etməyiblər. İxrac olunan məhsullarla bağlı da qida zənciri AQTA tərəfindən izlənilməlidir. Son məhsulu yoxlamaqla müsbət nəticələr əldə oluna bilməz. Qida zəncirinin bütün halqaları izlənilməlidir”.

Bir daha xatırladaq ki, Rusiya Federasiyası Azərbaycanın kənd təsərrüfatı məhsullarının öz ərazisinə daxil olmasına dəfələrlə süni əngəl yaradıb. Heç bir əsas olmadan 10 tonlarla məhsulu geri qaytarıb. Bəzən də bunu heç laborator şəraitdə yoxlamadan həyata keçirib. Ona görə də sözügedən məhsullarda hər hansı zərərverici maddənin aşkarlanmasıyla bağlı Rusiya tərəfinin dedikləri inandırıcı görünmür. Təcrübə deməyə əsas verir ki, bu dəfə də RF-nin müvafiq qurumları manipulyasiya ediblər. Nəticədə həm fermerlərimizə, həm iş adamlarımıza zərər dəyir, həm də Azərbaycanın kənd təsərrüfatı məhsullarına əsassız yerə inamsızlıq yaranır. /musavat