"Rusiyanın mövqeyi dəyişmədikcə, bu təşəbbüsün nəticə verəcəyi sual altındadır" - POLİTOLOQ

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə gündəliyə ciddi məsələlər qoyulmalıdır.
 
Bu sözləri politoloq Qabil Hüseynli deyib. O, ATƏT-in təşkil etdiyi xarici işlər nazirlərinin görüşlərində istənilən nəticələrin alınmadığını diqqətə çatdırıb:
“Məsələ burasındadır ki, prezidentlərin görüşünü ATƏT keçirmək istəyirdi. Buna ilk olaraq nazirlər səviyyəsində görüşlə cəhd edildi. Bildiyimiz kimi, 11 iyulda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdürüldü. Keçirilən görüşdə xarici işlər nazirlərinə prezidentlərə danışıqların predmetini təşkil edəcək təkliflər vermək xahiş olundu. Söhbət problemin həllinə dair ortaq kompromis mövqeyin hazırlanmasından gedir. Yəni Qərb dövlətləri bu konfliktin həllinə çalışırlar. ATƏT bu məsələdə ardıcıldır. ABŞ müəyyən maraq göstərməyə başlayıb: bu məsələdə Ermənistanın danışıqlara gətirilməsi və danışıqlar prosesinin yenidən bərpası üçün səylər göstərilir.
Təbii ki, Rusiya bu fürsəti əldən vermədi və regionda arxa baxça olduğunu nümayiş etdirmək üçün Putinin vasitəçiliyi ilə prezidentlərin görüşünün keçirilməsi haqqında təşəbbüs irəli sürdü. Bu ilin sonlarına qədər reallaşdırılacaq bu görüşə qədər müzakirə ediləcək məsələlərin çərçivəsi müəyyənləşdirilməlidir. Hansı məsələlər müzakirəyə çıxarılacaq, münaqişənin həll yolunda paket, yoxsa mərhələli həll üstünlük təşkil edəcək? Bunlar aydınlaşmalıdır”.
Politoloq problemin həllinin Rusiyanın hansı mövqedən çıxış etməsindən asılı olduğunu bildirib:
“Bütövlükdə əgər bu, sadəcə, görüş xatirinə görüş olmayacaqsa, praktiki məsələlərin həllinə yönələcəksə, onda öncədən müəyyən məsələlərdə addımlar atılmalıdır. Rusiya Aprel döyüşlərindən sonra irəli sürdüyü beş rayonun Azərbaycana qaytarılması variantını yenidən canlandırmalıdır. Mərhələli həll variantını gündəmə gətirməli və bu məsələlər həll edilərsə, digər məsələlər - Dağlıq Qarabağın statusu və yerdə qalan iki rayonun geriyə qaytarılması həllini tapmalıdır. Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə dair mövqelərinin konturları aydındır. Onlar Dağlıq Qarabağın statusu məsələsində demək olar ki, ermənilərlə eyni mövqedən çıxış edirlər. Yəni Dağlıq Qarabağın öz müqəddəratını həll etmək məsələsini son zamanlar ön plana çıxarıblar. Və bu da Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan öz unitar dövlət quruluşunu qoruyub saxlamaq, eləcə də Dağlıq Qarabağa ən yüksək status vermək niyyətindədir. Ermənilər buna razı olarsa, onda kompromis variant əldə edilə bilər. Rusiyanın vasitəçiliyi fonunda Azərbaycanın unitar quruluşunun qorunub saxlanılması məsələsi gündəmə gələrsə, bu görüşün bir əhəmiyyət kəsb edəcəyini söyləmək olar. Amma bəllidir ki, Rusiya mövcud statusunu qoruyub saxlayır, bu bölgədə daimi ziddiyətlərin və konfliklərin tərəfdarı kimi çıxış edir. Uzun müddətdir ki, bu konfliktin həll edilməməsinin səbəbi də Rusiyanın bu problemə müdaxilə etməsi, xüsusilə Ermənistana qəyyumluğu və İrəvanın mövqeyini müəyyənləşdirən göstərişlər verməsidir”.
Politoloq bildirib ki, Rusiyanın mövqeyi dəyişmədikcə, bu görüş təşəbbüslərinin də nəticə verəcəyi sual altındadır(axar.az).