Rusiyanın kriminal aləmində “çevriliş” - Nömrə “1” bu adam oldu...

Baxış sayı:
6508

Tyurinin Rusiya kriminalının əsas kassiri “obşak” a nəzarət edən Vasili Xristoforovu da yanına aldığı deyilir...

“Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov uzun müddətli həbsə göndəriləndən sonra Rusiya kriminal aləmində sular durulmur. Ötən ilin avqustunda “qanuni oğru”ların Moskvada son illərin ən böyük toplantısı keçirdilər. Görüşdə Rusiyanın "1 nömrəli qanuni oğrusu" adı kriminal aləmdə "Şişkan" kimi məşhur olan Oleq Şişkanova verilib. Amma o da xeyli “kölgədə” qalır, kriminal aləmdə heç bir aktivlik nümayiş etdirmir. Belə bir vaxtda isə kriminal aləmdə yeni lider adına iddialı olan “Tyurik” ləqəbi kriminal general Vladimir Tyurin önə çıxıb. O, aktiv görüşlər keçirir, kriminal aləmdə bütün məsələləri nizamlamağa çalışır və özünün güclü komandasını formalaşdırır. Bu isə kriminal aləmdə nadir hallarda rast gəlinən “çevriliş” kimi də qiymətləndirilir. Rusiya mediası Moskvada yaşayan Tyurinin Rusiya kriminalının əsas kassiri “obşak” a nəzarət edən Vasili Xristoforovu da yanına aldığı deyilir.

Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Vyaçeslav İvankovun (“Yaponçik”) İrkutsk vilayətindəki “smotryayuşi”si Aleksandr Moiseyev 1991-ci il, iyunun 10-da öz avtomobilində partlayış nəticəsində öldürülür. “Masya” ləqəbli Moiseyevin yaxın dostu olan Tyurini də bundan sonra eyni üsulla öldürmək istəyirlər. Amma onun maşınına atılan əl qumbarası partlasa da o, sui-qəsddən sağ qurtula bilir. 1993-cü ildə “qanuni oğru” adını “Yaponçik”in xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, “Bratskoye” adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.

Rusiya kriminalitetinin o zamankı ağaları – “Yaponçik”, “Şakro Molodoy”, Tariel Oniani (“Taro”) 1990-cı illərdə Avropaya üz tutur ki, onların arasında Tyurin də olur. Əsasən İspaniyada məskunlaşan rusiyalı mafiozlar tez-tez Aslan Usoyanın da iştirak etdiyi “sxodka”larda kriminal yolla əldə edilən gəlirləri bölüşdürür, nüfuz dairələrini gündən-günə genişləndirir və Avropanın kurort şəhərlərini pulla nəzarətə almağa başlayırlar.

Nəhayət, İspaniya polisinin 2005-ci ildə Rusiya mafiyasına qarşı keçirdiyi əməliyyat zamanı bir çox “qanuni oğrular” həbs edilir. Amma Tyurin ələ keçmir.

Həmin vaxt Rusiyada olan mafiozu İspaniya polisi beynəlxalq axtarışa verir. Uzun müddət ələ keçməyən Tyurin 2009-cu ildə “İnterpol” xətti ilə Monqolustanda həbs edilir. İspaniya polisi onu aparmaq üçün gələndə isə həbsxanada Tyurinin ən məşhur tryuku üzə çıxır. Belə ki, polis həbsxanada onun doğma qardaşını tapır…

2010-cu ildə FTX və Rusiya milisi (o zaman milis adlanırdı) Tyurini Moskvada həbs edir. İspaniya polisi onu kriminal qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında ittiham edir və ekstradisiya olunması üçün icazə istəyir. Amma məlum olur ki, Tyurin Rusiya vətəndaşlığını saxta yolla alıb və əslində Qazaxıstan vətəndaşıdır. Butırka təcridxanasında o mütəmadi olaraq “Ded Xasan”la əlaqə saxlayır. Həmin vaxt o da məlum olur ki, sən demə, Tyurin həbs edilməyənədək iqtisadiyyat və idarəçilik mövzunda namizədlik dissertasiyası yazırmış və tezliklə müdafiə edəcəkmiş. 2011-ci ildə Moskva məhkəməsi onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edir.

2012-ci ildə vəkilləri onun Rusiya vətəndaşlığının saxta olmadığını sübuta yetirirlər. Rusiya vətəndaşının başqa ölkəyə verilməsi konstitusiya ilə qadağan olunduğunda Baş Prokurorluq İspaniya polisinin müraciətini rədd edir. Bundan sonra onun ev dustaqlığı barədə qərar da dəyişdirilir.

Məlumatlara görə, “Ded”ə yaxınlığına baxmayaraq, Tyurin eyni istedadla Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. 
Tyurin “Ded”in sağlığında onun klanının maliyyə məsələlərinə cavabdeh olub. Onun adı Rusiyadakı bir sıra qətllərdə hallanıb.

Məsələn, Sankt-Peterburqda 1997-ci ildə öldürülən vitse-qubernator Mixail Maneviç “Ded Xasan” klanının bu bölgədə fəallaşmasına qarşı çıxdığı üçün Tyurinin sifarişi ilə öldürüldüyü deyilir. “Tatneft”in təhlükəsizlik xidmətinin rəhbəri, “Tainvestneftqaz” firmasının baş direktorunun öldürülməsində də onun adı hallanıb.

Musavat.com