Rusiyanın baş “vor zakonu” seçildi - Gənc qıza təcavüz edən Şişkan

Baxış sayı:
6505

Moskvada qanuni oğruların son illər ərzində ən böyük yığıncağı keçirilib. “Rosbalt” xəbər verir ki, cinayətkar dünyanın ən nüfuzlu başçıları Rusiyanın baş qanunu oğrusunu seçmək üçün toplaşıblar. Şakro Molodoy və ya Kürd Şakro ləqəbli Zaxari Kalaşovun həbsindən sonra boş qalan əsas qanuni oğru postuna “Şişkan” və ya “Oleq Ramenski” ləqəbi ilə tanınan 56 yaşlı Oleq Şişkanov (Mixaylov) yekdilliklə seçilib. “Sxodka” qanuni oğru Mixail Voyevodin tərəfindən Lujniki ərazisində onun nəzarəti altında olan elit restoranlardan birində təşkil edilib. Yığıncaqda Vasiliy Xristoforov, Dmitri Çanturiya, Aleksey Petrov, Sergey Aksenov, Bədri Koquaşvili, Kaxaber Parpaliya, Elquca Turkadze, Merab Qoqiya iştirak edib. Əvvəlcə kriminal dünyadakı son hadisələri müzakirə edən qanuni oğrular sonra seçkilərə keçiblər. Məlumata görə, kriminal dünyanın yeni başçısını seçməyə ehtiyac Zaxari Kalaşovun 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsindən sonra yaranıb və “sxodka” iştiakçıları bu fikri dəstəkləyiblər. Yığıncağın iştirakçıları Şişkanova sözügedən postu tutmağı təklif ediblər, o isə öz növbəsində buna razılaşıb. “Rosbalt”ın yazdığına görə, son seçkilərlə oğru “taxtında” yezidi kürdlərin çoxillik hegemonluğu başa çatıb. Məlumata görə, Oleq Şişkanov 1982-ci ildə qətl və təcavüz ittihamı ilə 18 yaşında həbs olunub. İstintaqın məlumatına görə, Şişkanov dostları ilə birlikdə qızı zorlayıb, daha sonra öldürüblər. İzi itirmək üçün onlar meyiti yandırıblar. Oleq Şişkanov həbs olunan zaman o, bütün işi öz üzərinə götürüb. Kriminal aləmdə əfsanə gəzir ki, 18 yaşlı Şişkan, əslində, bu cinayətdə iştirak etməyib və xeyirxah əməl edib: özündən böyük avtoritet həmkarlarının əməllərini özü üzərinə götürüb. Məlumatlara görə, o, bu işə görə 10 il həbs cəzası alıb. Həmin 10 illik həbs həyatını Şişkan Sovetin ən ağır həbsxanalarında keçirib. Bütün yerlərdə o, oğru kodekslərinə əməl edib. Rusiya DİN-in mənbəsi Life.ru-ya bildirib ki, 1992-ci ildə azadlığa çıxdıqdan bir il sonra Şişkan 28 yaşında Moskvanın “İsmaylovo” hotel kompleksində keçirilən “sxodka”da qanuni oğru olub. Onu Şakro Molodoy taclandırıb. Kriminal aləmdə Şişkanın xeyirxah əməli belə qiymətləndirilib. Ona görə də baş oğru tacını qazanan Şişkan Şakro Molodoy azad edilənədək onun qoruyucusu sayılacaq./Teleqraf.com /