RUSİYANIN AZƏRBAYCANA QARŞI TƏXRİBAT PLANI - Kremlin bizi öz əlimizlə vurmaq planı baş tutacaqmı?

II YAZI

Bir neçə gün əvvəl “Rusiya “Milyarderlər İttifaqı”nı yenilədi – Azərbaycana qarşı məkrli plan” sərlövhəli yazımızda 2018-ci ilin prezident seçkiləri ərəfəsində Kremlin Azərbaycana qarşı bu dəfə Gürcüstan əsilli milyarderlərdən istifadə etmək niyyəti haqda məlumat vermişdik. Həmçinin, məqalədə Moskvadan göstəriş aldıqları iddia olunan milyarderlərin adlarını da açıqlamışdıq. Qeyd etmişdik ki, bunlar "AzerRos”un sabiq prezidenti Söyün Sadıqov, “Axtuba” Hərbi Sənaye Kompleksinin keçmiş prezidenti Sakit Allahverdiyev, “Rapira” zavodunun rəhbəri Ziya Abbasov, "Konrad" Şirkətlər Qrupunun prezidenti Vaqif Məmişov və Tiflisdəki “Lanset” Klinikasının əsl sahibi “Kral Alı” ləqəbli milyarderdir.
Tiflisdəki etibarlı mənbəyə istinadən vurğulamışdıq ki, Moskva bütün prezident seçkiləri ərəfəsində olduğu kimi, 2018-ci ildə də istər Gürcüstanda, istər də Azərbaycanda hakimiyyətə ənənəvi təzyiq imkanlarını saxlamaqla yanaşı, təsir imklanlarını daha da artırmaq fikrindədir. Məlumata əsasən, bu məqsədlə artıq Gürcüstanda Rusiyaya bağlı bir sıra qurumlar hərəkətə gətirilib. Bu planın Azərbaycanla bağlı olan hissəsində nəinki Gürcüstan siyasi hakimiyyətində təmsil olunan şəxslərə, daha çox Rusiyanın maraqlarına xidmət edən Borçalı əsilli soydaşlarımıza , eləcə də Azərbaycandan qaçıb getmiş vətəndaşlarımıza aparıcı rol verilib. Qarşılığında isə onlara külli miqdarda maliyyə vəsaiti vəd olunub...
Ötən yazımızda onu da qeyd etmişdik ki, hazırda istər Gürcüstanda, istər də Azərbaycanda əsas təlimatlar QRU-nun generalı olduğu iddia edilən Sakit Allahverdiyevdən alınır. Təbii ki, S.Allahverdiyev təkcə öz adından deyil, ümumilikdə Rusiyadakı azərbaycanlı milyarderlər adından çıxış edərək, öz adamları vasitəsilə Rusiyapərəst (oxu: pulpərəst) borçalıları aktivləşdirməyə cəhd edir. Onun əsas hədəflərindən biri son vaxtlar mətbuatda adı tez-tez hallanan və bu yaxınlarda sədri istefaya gedən “Borçalı” İctimai Birliyini ələ keçirməkdir. Məqsəd bütün narazı qüvvələri bu qurumda birləşdirmək və 2018-ci il prezident seçkiləri ərəfəsində “Borçalı” İB-dən hakimiyyətə qarşı istifadə etməkdir.
Mənbə deyir ki, “Borçalı” İB-nin payızda keçirilməsi planlaşdırılan konfransında qurumun yeni sədrinin onlara yaxın (Rusiyaya bağlı) bir şəxs olması üçün milyarderlər kisənin ağzını açıb. Artıq təşkilatın İdarə Heyətində bəzi şəxslərin ələ alındığı və onlardan “Borçalı” İB-ni ələ keçirmək üçün istifadə edildiyi haqda da bilgilər var.
O ki qaldı bütün bu işlərin niyə məhz S.Allahverdiyevə həvalə olunmasına, mənbə bu seçimin heç də təsadüf olmadığını deyir. İddia olunur ki, o, 2002-ci ildən sonra Rusiyanın Gürcüstana qarşı apardığı siyasətdə aktiv füqurlardan birinə çevrilib. Hər dəfə də “Borçalı kartı”ndan yararlanmağa çalışıb. Təsadüfi deyil ki, vaxtilə Azərbaycanda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin Moskva nümayəndəliyini yaradıb və onun rəhbəri vəzifəsinə təyinat alıb. Hətta S.Allahverdiyevin maliyyə dəstəyi ilə 2005-ci ildə Bakıda bir neçə ay “Borçalının səsi” adlı qəzet də buraxılıb.
Bütün bunlarla yanaşı, S.Allahverdiyevin Kremlin təlimatı ilə Azərbaycanda müxalif siyasi partiyalarla gizli əməkdaşlıq etdiyi və bəzi müxalif qəzetlərə külli miqdarda maliyyə vəsaiti verdiyi haqda da bilgilər var. Məsələn, ötən yazımızda da qeyd etdiyimiz kimi, onun Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-yə maddi dəstək göstərdiyi və “Azadlıq” qəzetini maliyyələşdirdiyi haqda informasiyalar zaman-zaman mətbuata da çıxıb. Hətta Sakit Allahverdiyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə hazırda da yaxın münasibətdə olduğu deyilir. Bəzi iddialara əsasən, son vaxtlar bəlli məqsədlər üçün Rusiyadan Gürcüstan üzərindən Azərbaycana göndərilən maliyyə vəsaitlərinin ünvanına çatdırılmasında bu münasibətlər ciddi rol oynayır...
Bu məsələyə toxunmazdan öncə qeyd edək ki, S.Allahverdiyevlə Q.Zahidin dostluğu 2003-cü ilə gedib çıxır. Deyilənə görə, onlar əslən Borçalıdan olan, vaxtilə AXCP sədrinin müavini vəzifəsində çalışan və hazırda Türkiyədə yaşayan professor Xaləddin İbrahimli vasitəsilə tanış olublar. Hər iki şəxsin, eləcə də adlarını çəkmədiyimiz başqa şəxslərin zaman-zaman Moskvada Sakit Allahverdiyevin qonağı olduğu haqda məlumatlar var. Məsələn, Qənimət Zahid 2003-cü ilin martında gözünü müalicə etdirmək adı ilə Rusiya paytaxtına gedərək, bir neçə gün S.Allahverdiyevin qonağı olub. Həmin vaxt Sakit Allahverdiyevin onu Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə tanış etdiyi və aralarında müəyyən anlaşma əldə olunduğu bildirilir.
Tiflisdəki mənbəmiz iddia edir ki, həmin vaxtdan etibarən Q.Zahid “Axtuba” Hərbi Sənaye Kompleksinin prezidenti ilə yaxın təmasda olub və hətta sonradan S.Allahverdiyevi AXCP sədri Əli Kərimli ilə də tanış edib. Beləliklə, Sakit Allahverdiyev əldə olunan hansısa razılaşma əsasında bir müddət AXCP-yə və onun mətbu orqanı olan “Azadlıq” qəzetinə maddi dəstək də göstərib.
Maraqlıdır ki, hazırda da bu əlaqələrin davam etdiyi və Rusiyadan göndərilən maliyyə vəsaitinin məhz Q.Zahidin cızdığı xətt üzrə Gürcüstan vasitəsilə Azərbaycana çatdırıldığı deyilir. Mənbə istisna etmir ki, bir müddət əvvəl Tiflisdəki “Lanset” Klinikasının rəhbəri Fərman Ceyranovun, AXCP sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının həbs olunmasının da bu proseslə birbaşa və ya dolayı yolla bağlantısı var.
Belə məlumat var ki, Qənimət Zahidin Sakit Allahverdiyevlə eyni bölgədən olan Fərman Ceyranovla da yaxın əlaqəsi olub. Əlbəttə, biz heç bir halda F.Ceyranovun həbsinə haqq qazandırmırıq, əksinə, onun tezliklə azadlığa qovuşmasını arzulayırıq. Amma mənbə iddia edir ki, “Lanset” Klinikasının rəhbəri vaxtilə Azərbaycanda müəyyən məmurlar tərəfindən haqsız yerə incidildiyindən, öz biznesini Gürcüstana köçürdükdən sonra İlham Əliyev hakimiyyətinə qarşı radikal mövqedə olub. Bu səbəbdən də, o, nəinki Q.Zahidə, eləcə də ölkəmizdən qaçıb Tiflisdə özünə sığınacaq tapan əksər jurnalistlərə dəstək olub. Məsələn, həmin jurnalistlərin bir çoxu müəyyən vaxtlarda heç bir ödəniş etmədən F.Ceyranovun otelində yaşayıblar. Görünür, bütün bunlar da onun həbsində az da olsa, rol oynayıb...
Əlbəttə, burda bizi daha çox Rusiyanın Azərbaycanda həyata keçirməyə çalışdığı məkrli planın detalları maraqlandırır. Proseslərin gedişi isə onu göstərir ki, Moskva həm Borçalı əsilli soydaşlarımız, həm də siyasi mühacirətdə olan narazı vətəndaşlarımız vasitəsilə Azərbaycana qarşı hücuma keçməkdədir. Amma hədəfdə dövlət olacağı halda Kremlin bu planının bir işə yaramayacağı da bəllidir. Çünki, müəyyən istisnaları nəzərə almasaq, istər borçalıların, istər də xaricdə yaşayan vətəndaşlarımızın Azərbaycan dövlətinə qarşı çıxacağı az inandırıcıdır. Ən azı ona görə ki, bu gün Azərbaycan toplumunda Putin Rusiyasına qarşı aşkar nifrət mövcuddur. Odur ki, Moskvanın bu planı 3-5 nəfər fırıldaqçının Rusiyadakı azərbaycanlı milyarderlərdən müəyyən qədər pul qoparmaqdan başqa heç bir işə yaramayacaq.

Hurriyyet.org