Rusiyanın Azərbaycana növbəti oyunu - "Lazerev klubu"...

Baxış sayı:
4612

​Qabil Hüseynli: “Bu qədər həyasızlıq olmaz”
Rusiyanın paytaxtı Moskva şəhərində “Lazerev klubu"nun 2-ci iclası keçirilib. Modern.az xəbər verir ki, Rusiya ilə Ermənistan arasında yaxınlaşmaya xidmət edən klubun tədbirinə qondarma ”Qarabağ rejiminin iqtisadiyyat naziri" Levon Qriqoryan da qatılıb.
Separatçı “nazir” Qarabağda iqtisadi durumun ağır olmasından şikayətlənib. “Beynəlxalq institutlardan və resurslardan kənarda qalmağımız iqtisadiyyatımıza çox ciddi təsir edir. Azərbaycan beynəlxalq təşkilatlarda bizim iqtisadi, siyasi və diplomatik təşəbbüslərimizin qarşısını tam alır” - deyə, Qriqoryan şikayətlənib.
O, həmçinin separatçı qurumun əməkdaşlıq etdiyi ölkələr arasında Ermənistandan sonra Rusiyanın gəldiyini də əlavə edib.
“Lazerev klubu”nun ikinci iclasının keçirilməsi Azərbaycanda növbəti dəfə ciddi etiraz doğurub. Artıq klubun fəaliyyətində ölkəmizə yönəlik addımların şahidi olmaqdayıq. Rəsmi Bakının bununla bağlı vaxt itirmədən hərəkətə keçməsinin zamanının olduğu vurğulanır. Eyni zamanda klubun daha çox Rusiyanın ermənipərəst xarici işlər naziri Sergey Lavrovun nəzarətində olduğu ehtimal edilir. 
Politoloq Qabil Hüseynli: “Bu çox əcaib bir şeydir. Heç bir hüquq normasına uyğun gəlməyən hərəkətdir. Bir dövlətin bir suveren dövlətin daxili işlərinə qarışmasını və suveren dövlətin daxili məsələlərinin qondarma ”Lazerev klubu"nda müzakirə edilməsi heç bir hüquq normalarına sığmır. Bu, açıq şəkildə onu göstərir ki, Rusiya artıq Dağlıq Qarabağ separatçılarını öz himayəsi altına alıb. Özü də bu işə rəhbərlik edən və anti-Azərbaycan mövqeyi ilə fərqlənən Konstantin Zatulin adlı Rusiya Dumasının deputatıdır. Hansı əsaslarla, hansı hüquqlarla bu adamın “Lazerev klubu”nu yaratmasını anlamaq çətindir. Guya burada erməni xalqının tapdalanan hüquqlarını müdafiə etmək niyyətinə düşüb. Rusiya və onun deputatına belə bir haqqı kim verib? Belə məsələlər əgər varsa, beynəlxalq aləmdə müzakirə edilə bilər. Özü də beynəlxalq hüquq normalarına uyğun şəkildə müzakirə edilir. “Lazerev klubu” doğrudan da iki millət arasındakı müəyyən məsələləri müzakirə etmək istəyirsə, o zaman gərək ilk olaraq Xocalı soyqırımı qurumda müzakirəyə çıxarılsın. Bu soyqırımdan başqa Qaradağlı soyqırımı da var. Bu klub sırf humanist niyyətlər və millətlərarası münasibətləri saflaşdırmaq mövqeyindən çıxış edirsə, qeyd etdiyim məsələləri müzakirə etsin. Əgər Azərbaycanın 20% torpağı işğal edilibsə, bu işğal prosesində ermənilərlə yanaşı ruslar da iştirak edibsə, həmin ərazilər hələ də işğal altındadırsa, bunlar nəyi müzakirə edirlər? Bu qədər həyasızlıq olmaz. Nəyə görə olmayan məsələləri müzakirə edirlər?
Bu məsələnin başında duran Zatulin bu klubu yaratmaqla daxili işlərimizə müdaxilə etməyə başlayıb. Zənnimcə, baş verənlər çox ciddi hüquq pozuntusudur. Bu, dövlətlərarası münasibətlərə xələl gətirə biləcək pozuntudur. Azərbaycan bu məsələni öncəliklə nota verməklə rus siyasi elitasına çatdırmalı, bu cür avantürist məsələlərə son qoymağı tələb etməlidir. Nəticə çıxmayacaqsa, bu məsələ artıq beynəlxalq təşkilatlara şikayət edilməlidir. Bu, BMT-nin də, ATƏT-in də müzakirə mövzusu ola bilər. Nəyə görə Rusiyada pulla işləyən, hökumətə yarınan bir deputat Azərbaycanın daxili işlərini müzakirə obyektinə çevirir və bu zaman açıq şəkildə ermənipərəst mövqe tutur. Bu, açıq qızışdırıcılıqdır, millətlərarası nifaq yaratmaq yoludur. Bizim əsaslarımız var ki, belə bir klubun yaradılmasında Rusiyanın xarici işlər naziri, mənşəcə erməni olan Sergey Lavrovdan da şübhələnək. Eyni zamanda Rusiyanın hökumət orqanlarında kök salmış erməni lobbiçilərindən də şübhələnək. Bütövlükdə Rusiya və eləcə də bu ölkənin hüquq-mühafizə orqanlarının bu işə dırnaqarası yanaşmasını nəzərə alaraq, Kremldən tələb etməliyik ki, nəhayət, öz ölkəsi daxilində suveren bir dövlətə qarşı bu cür həyasız, heç bir əsası olmayan böhtanların atılması prosesi dayandırılsın. Çünki bu, bölgədə sülh və əmin-amanlığın yaradılması işinə mane olur, millətlərarası münasibətləri korlayır, nəticə etibarı ilə bölgədə Rusiyanın geosiyasi maraqlarına xidmət edən situasiya yaradıb".
Politoloq ermənilərin Azərbaycanı Rusiyaya şikayət etmələrinə də toxundu: “Rusiyada yaradılan ”Lazerev klubu" necə şikayət edilən orqan olar? Bu bir deputatın şikayətidir. Özü də beynəlxalq təşkilat, məhkəmə, tribunal deyil. Beynəlxalq məsələləri şikayət etmək üçün xüsusi qurumlar var. O qurumların da siyahısı bəllidir. Üstəlik də Dağlıq Qarabağdakı separatçı qrupun şikayət etmək haqqı yoxdur. Heç beynəlxalq təşkilatlara da şikayət edə bilməzlər. Nədən şikayət edəcəklər? Şikayət edəcəklər ki, Xocalı soyqırımını həyata keçiribdir. Bu avantürist rejimin atdığı istədiyi addım Azərbaycana qarşı çevrilmiş addımlardır. Rusiya burada heç bir münsif rolunu oynaya bilməz. Kreml doğrudan da  bölgədə millətlərarası münsibətlərə töhfə vermək istəyirsə, qızışdırma mövqeyini tutmamalı, xalqların suverenliyinə hörmət göstərməlidir".
“Yeni Müsavat”