RUSİYANIN AKTİV MÜDAXİLƏSİNƏ DAİR YENİ İDDİA: Putin indi də Yunanıstan və Makedoniyanın arasını vurmaq istəyir - TƏHLİL

Baxış sayı:
2002

Kristofer Hill

“Project Syndicate”

Kremlin xarici siyasəti getdikcə bütün ölkələrin, Vladimir Putinin Rusiyasındakı kimi, qüsurlu olması ehtimalı təməlinə dayaqlanır. Bu, Rusiyanın Yunanıstan və onun kiçik şimal qonşusu Makedoniya Respublikası arasında ölkənin yeni adı ilə bağlı müqaviləni pozma cəhdində də aydın görünür.

30 Sentyabr referendumunda makedoniyalıların “Şimali Makedoniya Respublikası” adını bəyənəcəyi güman edilir. Amma bu müqaviləyə yetişmək asan olmayıb. Yunanıstanla Makedoniya arasındakı Balkan mübahisəsi, ən azı 1991-ci ildən, Yuqoslaviyanın ən yoxsul respublikalarından biri müstəqilliyini elan etməsindən sonra başlayıb. Yeni ad 2.1 milyon əhalisi olan ölkə üçün əhəmiyyətli nəticə ola bilər.

Yunanıstanın şimal bölgəsi də rəsmi olaraq “Makedoniya” kimi tanındığından iki ölkə uzun illərdir ad mübahisəsinə qoşulub. Yunanıstan, qonşuları Bolqarıstan və Albaniyanın NATO və Avropa Birliyinə üzv seçilməsindən fərqli olaraq, Makedoniyanın Qərb ittifaqları və çoxtərəfli qurumlara qoşulmasına veto qoyub. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına isə o, “keçmiş Yuqoslaviya Respublikası Makedoniya” adı ilə daxil edilib.

Makedoniya məsələsi uzun və gərgin tarixə malikdir. Osmanlı İmperatorluğunun iflası və Balkanlarda tarixi və etno-millətçi eyniliklərin bərpasından sonra Makedoniya Yunanıstan, Bolqarıstan və Serbiya arasında bölünüb və xalqın etirazı yatırılıb. Serbiya diktatoru Slobodan Miloşeviç 1990-cı illərdə Bosniya və Kosovo müharibələri əsnasında, Makedoniya xalqını “yolunu azmış kiçik qardaşlar” kimi səciyyələndirib.

Makedoniyanın qərbində min illər boyu yaşayan albanlar Makedoniya Respublikasının makedoniyalıların vətəni olduğuna dair konstitusiya iddiasına lağ edirdilər. Bir alban lideri makedoniyalıları “slavyan klonları” adlandırdı. Eyni şəkildə, 1913-cü ilin Balkan müharibəsində Serbiya və Yunanıstana məğlub olmuş bolqarlar, makedoniyalıları münaqişədə aldanmış bolqarlar sayıblar.

Günümüzdəki diplomatik nailiyyətlərin azlığını nəzərə alaraq, (Makedoniya, Yunanıstan və Albaniya Respublikası ilə sərhəddə olan) Prespa gölü sahilində imzalanmış Yunanıstan-Makedoniya müqaviləsi iyunun 12-də elan edildikdə, beynəlxalq birlik buna çox müsbət rəy verib. Avropadakı hökumətlər və başqa iqtidarlar Yunan və makedoniyalı rəqiblərin sazişinə dəstək veriblər.

Eyni sözlər Kreml barədə deyilə bilməz. İyulun 6-da Yunanıstan, Prespa razılaşmasını pozmaq üçün Rusiyanın hərəkətə keçdiyinə, yəni rəsmi Afinanın daxili işlərinə müdaxilə etmə cəhdinə dair “təkzibedici dəlilləri” olduğunu açıqlayıb. Yunanıstan xarici işlər naziri Nikos Kotzias, Rusiyanı Yunanıstandakı etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib. Yunanıstan iki rus diplomatını ölkədən qovub, nəticədə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Afinaya səfəri ləğv olunub və Yunanıstan diplomatlarının da Moskvadan çıxarılması elan edilib.

Təəccüb doğurmadan Rusiyanın yeni hoqqası Yunanıstan sərhədinin şimalında da aşkar edilib. Makedoniyanın baş naziri Zoran Zayevin sözlərinə görə, Rusiya biznesi sentyabrın 30-da keçiriləcək referendum ərəfəsində hökumətə qarşı etiraz aksiyalarını maliyyələşdirib.

Rusiya NATO-nu zəiflətmək arzusundan heç vaxt gizlətmir. Prespa razılaşmasına qarşı çıxaraq, o, Makedoniyanın Alyansa qoşulmasına maneə törətməyi ümid edə bilər. Ancaq hətta təzyiq halında, Putin Rusiyası yunan-makedon yaxınlaşmasına qarşı olduğunu qəbul etməyəcək, Yunanıstan və Makedoniyanın daxili işlərinə müdaxilə üçün aktiv tədbirlər gördüyünə görə üzr istəməyəcək.

NATO-nun genişlənməsinə Rusiyanın müxalifəti tez-tez Sovet İttifaqı ilə əlaqəli olan ölkələri yeni geostrateji tərəfdaş əlaqələri yaratmaqdan çəkindirmək üçün bir səy hesab olunur. Ancaq Makedoniya heç vaxt Varşava Paktı üzvü olmayıb, bununla belə, o, Rusiya maraqları üçün çox vacibdir.

Yunanıstan isə əksinə, 1952-ci ildən bəri NATO üzv olan dövlətdir, Putin Rusiyası ilə müsbət münasibətlərini təmin edib və hətta bu il Birləşmiş Krallıqda kimyəvi hücumlarla əlaqədar Aİ bəyanatına qoşulmayıb.

Kreml indi Yunanıstanın maraqlarına hiddətlə hücum edib, amma o, Prespa müqaviləsinin Yunanıstan hökuməti üçün əhəmiyyətini düzgün qiymətləndirmir. Kinayə bundadır ki, uzun müddətdir Putin Birləşmiş Ştatları öz dəyərlərini başqalarına sırıma cəhdinə görə tənqid edir. Balkanlarda və başqa yerlərdə Putin özünü insan haqları ilə bağlı suallar verməyən və hər hansı bir dəyərə hörmət göstərməyi tələb etməyən tərəfdaş kimi təqdim etməyə çalışır.

Ancaq indi aydındır ki, nə dost, nə də düşmən Rusiyanın xarici siyasətinə dözüm göstərməlidir. Kreml digər ölkələrin siyasi proseslərinə gizli şəkildə müdaxilə siyasətini artırıb. NATO ölkələrindəki təhlükəsizlik xidmətlərinin köhnə üzvlərini qətlə yetirir. Göründüyü kimi, onilliklər boyu mövcud olmuş inamsızlığı aradan qaldırmaq istəyən iki Balkan qonşusu arasında çətin qazanılmış razılığı da pozmaq cəhdi var.

Gələcəkdə hamının Rusiyanın xarici siyasətinin kin və qəzəb təməlində qurulduğunu deyil, həm də öz ətalətindən xəbərsiz olmasını dərk etməsi vacibdir. Yunanıstan və (Şimali) Makedoniya liderləri isə Rusiya təcavüzünə vicdanla və cəsarətlə cavab verərək özlərini bəraət qazandırıblar. İndi əsas məsələ başqalarının da eyni şeyi təkrarlamasıdır.

Tərcümə: Strateq.az