Rusiyanın 7 rayonun qaytarılması təklifinin pərdəarxası...

Rus qoşunlarının ərazidə yerləşməsi Rusiyanın təsir imkanlarının başqa formada kompensasiya olunmasıdır

Minsk qrupu Ermənistanın vəkili rolunda; Ermənistan AŞPA-da sənədlərin qəbul olunmaması üçün yeni müdafiə taktikası hazırlayır

...təkcə üçlü Minsk qrupu deyil, digər alternatiflər- regional və qlobal güclərin iştirakıyla dördlü, beşli formatların yaradılmasına çalışmalıdır
 
Türkiyə Rusiya uçağını düşürəndən sonra Rusiya Qarabağ məsələsində yenidən aktivləşməyə başlayıb. Əvvəlki kimi yenə də Rusiya mediası və siyasi müstəvisində Qarabağ probleminin həllində rəsmi Moskvanın rolundan, Qarabağ ətrafı 7 rayonun boşaldılmasından danışmağa başlayıblar. Bunun üçün Rusiyanın indiki basabasda hansı əsasları var, görəsən?
Təbii, ilk olaraq Minsk qrupunun digər həmsədri ABŞ-ın son zamanlar Qarabağ problemi ilə əlaqədar aktivləşməsinə diqqiət etmək gərəkir. Görünür, Rusiya bu prosesi Qərbin inhisarına verməməsi üçün aktivləşmək məcburiyyəti ilə üzləşib. Yoxsa ki, Rusiya Qərbin sanksiyalar bataqlığında boğulurkən, Suriyada girdiyi tunelin o biri tərəfində hər hansı bir işıq əlaməti görünməzkən, Ukraynada qazandıqlarını geri verməyə məcbur qalmışkən Qarabağ məsələsi onu narahat etməmliydi.
Ancaq bütün problemlərə rəğmən Rusiya Cənubi Qafqazdakı geosiyasi maraqlarının xatirinə ayaqda durmaq məcburiyyətindədir. Və ABŞ-ın konkret təklif və mexanizmlər üzərində işlədiyi bir zamanda Rusiya da hansısa təklif, yaxud addımlarla cəlbedici olmalıdır ki, münaqişə tərəfləri, xüsusən də Azərbaycan Rusiyanı ciddi olaraq bu prosesin həllinə soyunduğuna inana bilsin. Belə təklif isə yalnız Dağlıq Qarabağ ətrafı 7 rayonun boşaldılması ola bilər ki, Rusiya da məhz bu həssas notların üzərində manipulyasiya etməyə başlayıb.
Rusiyanın əsil niyyəti bu problemi həll etmək deyil. Çünki Moskvanın anladığı dildən danışsaq, onda belə demək olar ki, Rusiya bu problemin həllinə özünün Cənubi Qafqazda təsir imkanlarının itirilməsi kimi baxır. Ona görə 7 rayonun qaytarılması təklifinin ortalığa sürülməsi hələ Rusiyanın bizə olan sevgisi, yaxud ədalətli hakim olması anlamına gəlməz. Bu təklifin özünü belə Rusiyanın indiki çətin durumunda həm regional, həm də qlobal problemlərdən doğan bir nəticə olaraq qəbul etmək lazımdır.
Yoxsa ki, Azərbaycanın siyasətində dəyişən bir şey yoxdur. 23 illik YAP hakimiyyətinin əvvəllər Rusiyaya münasibəti necə idisə, bu gün də o səviyyədə qalmaqda davam edir. Üstəlik, Azərbaycanın Qarabağ probleminin həllinə münasibəti də dəyişməz qalıb. Ona görə də Rusiyanın  Qarabağ probleminin həlli yönündə cəlbedici təkliflərlə çıxış etməsi sadəcə rəsmi Moskvanın düşdüyü sıxışıq vəziyyətlə birbaşa əlaqəlidir.
Rusiya bir neçə rayonun qaytarılması müqabilində əslində heç nə itirməyəcək. Əksinə, bu təkliflər Rusiyanın regionda geosiyasi mövqelərini bir az daha gücləndirəcək. O mənada ki, Rusiya bir neçə rayonun qaytarılması müqabilində Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyi planlaşdırır. Və Qarabağətrafı rayonlar qaytarıldığı təqdirdə Avrasiya İttifaqına üzv olmaq məsələsinin düşünülə biləcəyini Azərbaycanın XİN rəhbərliyi də dəfələrlə bildirib.
Ayrıca Rusiya bununla yetinməyib, rus qoşunlarının sülhməramlı statusunda Qarabağda yerləşməsini də hədəfləyib. Bu da ondan ötəridir ki, Rusiya Qarabağ ətrafı 7 rayon qaytarılsa belə, yenə də Azərbaycan və Ermənistana təsir imkanlarını saxlaya bilsin. Çünki rus əsgər və texnikasının cəbhə xəttində yerləşməsi Qarabağın nə Azərbaycanın, nə də Ermənistanın olmasına imkan verməyəcək. Yəni Qarabağda rus qoşunları olacaqsa, Qarabağı da onlar idarə edəcək və bu da Qarabağın bilavasitə Rusiyanın geosiyasi sərhədləri çərçivəsində olması anlamına gələcək. İstədiyi zaman da bu yaranı qanatmaq imkanına malik olacaq ki, bu da Azərbaycan üçün “yağışdan çıxıb yağmura düşdük” vəziyyətinə gətirəcək. Ona görə də Rusiyanın 7 rayonun qaytarılması təklifini dəyərləndirəndə nə qədər cəzbedici olsa da bu amilləri nəzərə almamaq strateji yanlış yanaşma olardı. Başqa cür Rusiya bu haqqı heç bir zaman Azərbaycana tanımaz. Çünki rus qoşunlarının ərazidə yerləşməsi Rusiyanın təsir imkanlarının başqa formada kompensasiya olunmasıdır. Ən azından biz gözü çıxmış Gürcüstan praktikasında sülhməramlı rus qoşunlarının nələr edə biləcəyini gördük və bu, ibrət üçün yetərli əsasdır.
Ermənistan AŞPA-nın sessiyasına bərk hazırlaşır
Bu arada AŞPA-nın yanvar sessiyasında (25-29 yanvarda) Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlar dinləniləcək. Bu hesabatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və komitə iclaslarında bəyənilib. Ermənistan bu iki sənədin qəbul olunmaması üçün aylardır çalışır, lobbi fəaliyyəti aparır. Bu haqda erməni mediasında etiraf olunsa da, sənədlərin qəbul olunmaması üçün konkret hansı taktiki gedişlərdən istifadə edəcəkləri məxfi saxlanılır.
Ancaq ermənilər cidanı nə qədər çuvalda gizlətmək istəsələr də artıq quyruğu görsənməyə başlayıb. Belə ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bu yöndə birgə bəyanat verərək, AŞPA-nın Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atmaması gərəkliyini bildiriblər.
Xatirinizdədirsə, hələ bu layihələr komitələrdə bəyəniləndə buna qarşı ilk çıxan da ABŞ həmsədri Ceyms Uorlik olmuşdu. Sonradan bu etiraz bütün həmsədr dövlətlərin ümumi rəyinə çevrildi. Bu dəfə də fikir, qayə eynidir, sadəcə yeganə fərq ondadır ki, ötən dəfə layihələr komitələrdə bəyəniləndən sonra etiraz bəyanatı verilmişdi, bu dəfə isə Assambleyada sənədin qəbulundan öncə və bunu əngəlləyəcək şəkildə qabaqlayıcı addım atdılar. Bu da təbii ki, bir çox suallar yaratdı.
Belə ki, Ermənistanın sənədin qəbulunu əngəlləyəcək məxfi fəaliyyəti Minsk qrupu həmsədrlərinin qabaqlayıcı bəyanatından ibarət ola bilərmi, deyə şübhələr ortaya çıxardı. Çünki bu bəyanatın birbaşa ermənipərəst və prosesin mahiyyətini özündə əks etdirməyən bir çağırış olduğu ortadadır. Əvvəla ona görə ki, həmsədrlərin bəyanatında vurğulanan “AŞPA-nın Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atmaması gərəkliyi” fikri kökündən yanlışdır və həqiqəti əks etdirmir. Çünki AŞPA Avropa məkanının institutu olaraq ATƏT-in Minsk qrupunun nə fəaliyyətinə, nə də mandatına kölgə salmır. Kölgə salacaq biri varsa, o da Minsk qrupunun özü və həmsədr dövlətlərin fərsiz fəaliyyətidir. Bununla bağlı ortada 22 illk bir fəaliyyətsizlik zolağı mövcuddur və əlahəzrət fakt hər şeyi yerli-yerində sübur edir.
İkincisi, AŞPA-nın Qarabağ probleminin həlliylə bağlı BMT-dən aldığı heç bir mandat yoxdur və ona görə də Minsk qrupunu əvəzləmək, yaxud yeni bir formatın yaradılmasında iştirak etmək istəyi, marağı yoxdur. Əslində bu, qurumun missiyasına da ziddir.
Üçüncüsü, AŞPA bir Avropa institutu olaraq həm də insan hüquqlarının qorunması prinsipi üzərində oturdulmuş bir qurum olduğunu da unutmaq lazım deyil. Üstəlik, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insanın hüquqları pozulubsa, AŞPA bu boyda insanlıqdan kənar vandalizmə necə laqeyd qala bilər?
Dördüncüsü, AŞPA-nın bir hüquq institutu olaraq bu total hüquq pozuntusunu müzakirə edib, həqiqətə söykənən bir qərar qəbul etməsi nə zamandan bəri Qarabağ prosesinə xələl gətirməsi kimi qəbul oluna bilər? Əksinə belə bir sənədin qəbulu Minsk qrupu həmsədrlərinin hüquqi cəhətdən daha da əlini gücləndirməzmi? Təbii ki, bu problemin həllinə beynəlxalq hüququn gərəyi olaraq yanaşılırsa. Ancaq görünən odur ki, məsələni hüquq çərçivəsinə gətirmək Ermənistanı nə qədər işinə yaramırsa, bir o qədər də havadarları olduğu Minsk qrupu həmsədrlərinin işinə yaramır.
Ayrıca Minsk qrupunun 22 illk fəaliyyətsizliyi təbii olaraq digər beynəlxalq qurumları da narahat etməlidir ki, Avropa Şurasının gördüyü bu işi də təxminən bu yöndə dəyərləndirmək olar. Yəni AŞ dolayısı ilə ATƏT-in Minsk qrupuna müzakirə etdiyi layihələrlə anlatmaq istəyir ki, aidiyyatı və mahiyyəti üzrə çalışmırsınız. Ona görə də Minsk qrupu eyibinə kor olmaq, yaxud Avropa Şurasına qızmaq deyil, 22 illk fəaliyyətsizliyinə işıq salmalı və bundan sonrakı fəaliyyətində mövcud yanlışları aradan qaldırmalıdır.
Bu yöndə isə hüquqi cəhətdən hər şey birmənalıdır. Ortada işğal faktı mövcuddur, bununla bağlı BMT-nin 4 qətnaməsi var. Vasitəçilik mandatını da BMT-dən almısınızsa, onda fəaliyyətinizi də həmin qurumun qəbul etdiyi qətnamələr əsasında qurmalısınız. Qətnamələrdə isə söhbət işğalın aradan qaldırılmasından, erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından gedir. Mandatın gərəyi budur, daha ermənilərin əvəzinə AŞPA-ya kəllə atmaq deyil. Çünki sizə mandat verən BMT həmsədrləri ermənilərin vəkili olaraq təyin etməyib.
Ayrıca AŞPA-ya təqdim olunan sənəd bilavasitə fundamental insan hüquqları ilə bağlı humanitar bir davranışdır. Bu, sənədlərin adlarından da özünü biruzə verir. Əgər söhbət "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi"ndən gedirsə və bu, elementar insan hüquqlarının total olaraq pozulmasıyla müşayiət olunursa, burada həmsədr dövlətlərinin görməli olduğu iş problemin aradan qaldırlması üçün çalışan bir quruma göz ağartmaq yox, erməni tərəfini qınamalı, problemi yaradan səbəbləri aradan qaldırmağa çalışmalıdır.
Biz bu məsələni qaldırmaqla həddən artıq hay-küy qoparmaq, stəkanda fırtına qoparmaq fikrimiz yoxdur. Anlayırıq ki, Avropa Şurasının qəbul etdiyi sənədlər yalnız tövsiyə xarakterlidir və hər hansı hüquqi məcburiyyət yaratmır. Ancaq buna rəğmən bu məsələ Azərbaycan üçün həm də prinsipial əhəmiyyət daşıyır. O mənada ki, həmsədr dövlətlərin ikisi-ABŞ və Fransa demokratiya və insan hüquqlarının qorunduğu demokratik dünyanın təmsilçiləridir. Və insan hüquqlarının pozulması ilə əlaqədar ABŞ Konqresində Azərbaycan əleyhində 2 qanun layihəsi öz müzakirə zamanını gözləyir. Belə olan təqdirdə ABŞ-ı həmsədr olaraq anlamaq mümkün deyil.
Necə ola bilər ki, ABŞ Azərbaycanın bir hissəsində insanların hüquq pozuntusuna həssas yanaşır və hətta buna görə sanksiya hədəsi ilə təhdid edir, başqa bir hissəsində zorakılıq hallarına, insanları su ilə imtahana çəkmək kmi qeyri insani davranışlara göz yumur?
Bunların hansı ABŞ-ın gerçək üzüdür? Bizə qalsa, hər iki məqamın arasında gizlidir ABŞ-ın həqiqi sifəti. Məhz ona görədir ki, dünyada standartlar bir deyildir. Hərənin özünə, marağına görə standartları mövcuddur ki, bu da gerçəyin, həqiqətin ortaya çıxmasına imkan vermir. Eynən Qarabağdakı münaqişə kimi...
Ona görə də Azərbaycanın Qarabağ prosesinin təkcə Minsk qrupunun inhisarına buraxmaq istəməməsi, digər beynəlxalq təşkilatlarda problemin yaratdığı nəticələrlə əlaqəli müzakirələr təşkil etməsi, qərarın qəbuluna cəhd etməsi doğru bir addımdır. Ancaq bunun davamı olaraq Ukrayna və Suriya prosesində olduğu kimi təkcə üçlü Minsk qrupu deyil, digər alternatiflər- regional və qlobal güclərin iştirakıyla dördlü, beşli formatların yaradılmasına çalışmalıdır. Məhz o zaman bu formatların hansının daha effektiv olması üzə çıxacaq. Yoxsa ki, Minsk qrupu üçlüyü ilə uzağa getmək olmaz. Necə ki, 22 ildir yerimizdə sayırıq...
Natiq Miri