“Rusiyanı müharibəyə çəkirlər” – “Soyuq müharibə”nin ssenarisi İŞƏ DÜŞÜR

Rusiya sərhədinin Ukraynanın pilotsuz təyyarəsi tərəfindən pozulması Moskvanı müharibəyə cəlb etmək cəhdi ola bilər.
“RİA-Novosti” xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiəsi üzrə komitənin başçısı Viktor Bondaryev bildirib.
O istisna etməyib ki, bu hadisəyə ABŞ cəlb oluna bilər.
“Mən bu cür hərəkətlərdə üçüncü ölkələrin əlini görməyə meylli deyiləm. Amma söhbət ABŞ-dan asılı dövlətdən gedirsə, belə variant istisna etmək olmaz. Rusiyanı var gücü ilə müharibənin mərkəzinə çəkməyə, bizi münaqişə tərəflərindən biri etməyə çalışırlar”, - Bondaryev deyib.
Senatorun sözlərinə görə, pilotsuz təyyarə, çox güman ki, Rusiyaya casusluq üçün girib. O izah edib ki, Rusiya stansiyalarının təchiz edildiyi radiolokatorlar yüksək həssaslığı ilə məşhurdur.
“Ukraynalılar bilirdilər ki, biz onu qeydə alacağıq. Buna görə də ehtimal var ki, bu dron sadəcə tələyə qoyulan yemdir”, - komitə başçısı bildirib.
O xatırladıb ki, belə metodlardan “soyuq müharibə” illərində amerikalılar tərəfindən geniş istifadə olunurdu.
Qeyd edək ki, daha əvvəl şəxsi mənbələrə istinadən “İnterfaks” agentliyi Ukraynanın pilotsuz təyyarəsinin dünən axşam saatlarında Rusiyanın sərhədini keçməyə çalışdığını bildirib. Dron guya sərhədi yüksək sürətlə keçərək nəzərə çarpmamağa çalışırdı. Agentliyin həmsöhbəti deyib ki, pilotsuz təyyarə, ehtimal ki, sərhədi saatda 130 kilometr sürətlə keçmək istəyirdi.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov yeni pilotsuz təyyarənin təqdimatında deyib ki, yaxın gələcəkdə Ukrayna kəşfiyyatı qarşısında Rusiya ilə bağlı mümkün qədər daha çox məlumatın toplanması dayanır.
Onun sözlərinə görə, bura Rusiyanın hətta ən uzaq regionları, həmçinin Kamçatka daxildir.
Onun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Antonov” müəssisəsi qarşısında strateji səviyyəli pilotsuz uçuş aparatının hazırlanması məsələsini qoyub.
“Biz Kamçatkada və təcavüzkar ölkənin başqa regionlarında nələrin baş verdiyini bilməliyik”, - Turçinov vurğulayıb./publika/