Rusiyanı beynəlxalq məhkəməyə vermək mümkündür?

Mirmahmud Mirəlioğlu: “Bunun üçün cəsarətdən daha çox istək lazımdır”

Aqil Səmədbəyli: “Göbəyindən ruslara bağlı olan adamlar rusa qarşı addım atmağa cəsarət etməz”

İlqar Altay: “Rusiyanı beynəlxalq məhkəməyə vermək perspektivi Qarabağ münaqişəsi məsələsində daha realdır”

SSRİ-nin varisi sayılan Rusiyanın 20 Yanvar faciəsinə görə beynəlxalq məhkəmə verilməsi ilə bağlı “Hürriyyət”in siyasi gündəmə daşıdığı müzakirələr davam edir. Bəzi siyasilər bunun mümkünsüzlüyünü vurğulasa da, bu addımın hüquqi baxımdan tamamilə mümkün və perspektivli olduğunu iddia edənlər də yox deyil. Sadəcə, siyasilərin əksəriyyəti hesab edir ki, Rusiyanın 20 Yanvar faciəsinə görə beynəlxalq məhkəməyə verilməsi yolundakı ən böyük əngəl mövcud hakimiyyətin Moskva ilə yaxınlığı, Kremllə münasibətləri pozmaqdan hədsiz dərəcədə ehtiyatlanmasıdır. Siyasilərin qənaətincə, Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə verməsi Kremlin Qarabağ münaqişəsini yenidən alovlandırmasına gətirib çıxarda bilər ki, bu da hələlik məlum problemi sülh yolu ilə həll etməyə çalışan rəsmi Bakının maraqlarına o qədər də cavab vermir.

Bununla bağlı qəzetimizə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu isə bu məsələnin zamanında müzakirə edildiyini, lakin sonrakı dönəmlərdə bu prosesin məntiqi sonluğa gətirib çıxarılmadığına diqqət çəkdi: “Bu məsələ zamanında çox ciddi müzakirə olundu. 1985-1990-cı illərin parlamenti tərəfindən 1990-cı ilin 22 yanvarında bu məsələyə qiymət verildi. Bununla bağlı komissiya da yaradıldı. Rəhmətlik Elmira Qafarovanın sədrliyi ilə bu məsələyə qiymət verildi. Deputat istintaq komissiyasının fəaliyyəti nəticəsində bu cinayətdə iştirak edənlərin kimliyi bəlli oldu. Daha sonra Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyevin hakimiyyətə gəlişinin 4-cü ili tamam olmaq ərəfəsində yenidən 20 Yanvar faciəsinin nəticələrini müzakirə etməyə başladı. Bu müzakirələrdə məqsəd Primakov və digərlərinin adlarını bu siyahıdan çıxartmaq idi. Buna da nail oldular.

Istənilsə, təbii ki, bu məsələni gec də olsa beynəlxalq məhkəməyə çıxartmaq olar. Bu, Azərbaycanın haqqıdır. Habelə, bu, həm də şəhidlərin bizim üzərimizdəki haqqıdır. Biz bu haqqı yerinə yetirməliyik”.

M.Mirəlioğlunun qənaətincə, Xocalı faciəsindən bəhs olunan zaman da Rusiyanın roluna əksər hallarda toxunulmur,  366-cı alayın vəhşiliklərinə məqsədli şəkildə diqqət yetirilmir: “Baxın, Xocalı soyqırımı müzakirə ediləndə yalnız ermənilərin bu qırğındakı rolundan bəhs edilir. 366-cı alay kimin idi? Bu alay ermənilərin, yoxsa rusların idi? Yaxud Qarabağa aid olmayan ərazilərin işğalı məsələsi deyilsə də, bu məsələyə birtərəfli nəzərə salınır. Hakimiyyətdə kiminsə dostu, qohumu olan ruslar var. Şəxsi ilişgilər, münasibətlər dövlətlərarası münasibətlərdən daha üstün tutulur. Bu məsələlər olmasa, əlbəttə Rusiyanı beynəlxalq məhkəməyə verməyə cəsarət də çatar, bu mübarizəni sona qədər apara bilərlər. Azərbaycanın haqlı davasında günahkar olanları, o zamankı SSRİ rəhbərlərini mühakimə eləmək mümkündür. Heç olmasa onları biabırçı şəkildə mühakimə eləmək olar. Onların bəziləri artıq dünyasını dəyişib. Bu baxımdan onları mühakimə edib-etməməyin elə bir əhəmiyyəti yoxdur. Lakin kurs başqa cür götürülüb. 20 Yanvarın mahiyyətindən kənara çıxılır. Bir çox həqiqətlər unutdurulmağa çalışılır. Bu faciələr yalnız həmin günlər qeyd olunur. Ötən illər Rusiyanın hərbi gəmilərinin hansı gündə Bakı limanında yer aldığına nəzər salmaq lazımdır. Yavaş-yavaş rusa qaynayıb-qarışmaq cəhdi hiss olunur, rusca danışılır və  s. Azərbaycan hökuməti istəsə bütün bunları həll edə bilər. Bu mənada hesab edirəm ki, cəsarətdən daha çox istək lazımdır”.

Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli isə hakimiyyətin belə bir cəsarətə sahib olmadığını vurğuladı: “Bu məsələ çox gecikib. Bununla bağlı çoxdan müraciət edilməliydi. Ancaq bunu kim edəcək? Bu günkü iqtidarda olanlardan hər hansı bir məmur bu məsələni dilə gətirməyə cəsarət edərmi? İndi iqtidarda olanların böyük əksəriyyəti bu və ya digər şəkildə, doğrudan və ya dolayı olaraq Rusiyaya bağlı adamlardır. Nəzərə alsaq ki, SSRİ dövründə Azərbaycandan SSRİ kəşfiyyat orqanlarına bağlı olan adam sayı 200.000 olub, o zaman mənzərə aydınlaşar. Bu adamların xeyli hissəsi hələ də sağdır. Bir qismi də məmur təbəqəsinin içindədir. Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlərdən yüksək postlarda oturanlar hamıya məlumdur. Göbəyindən ruslara bağlı olan adamlar, rusa qarşı addım atmağa cəsarət etməz”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil araşdırmaçı İlqar Altay isə bu addımın səmərəliliyinə inanmadığını vurğuladı: “Məncə, Bakıda törədilən 20 Yanvar faciəsinə görə indiki Rusiyanı SSRİ-nin varisi kimi beynəlxalq məhkəməyə vermək çətin ki, bir nəticə versin. SSRİ öz 70 illik varlığı dövründə tərkibindəki müxtəlif millətlərə və eləcə də ruslara qarşı saysız-hesabsız cinayətlər, qırğınlar törədib. Bunun hamısının cəzasını onun varisi Rusiyadan tələb etmək qeyri-realdır. Azərbaycan xalqı müstəqillik yolu seçib, SSRİ-yə yox deməklə. Onun hərbi bazalarını çıxarıb rədd etməklə, öz milli atributlarını ortaya qoyub tam müstəqil, neytral mövqeli güclü dövlətini qurmaqla, sərbəst olaraq Qərbə inteqrasiya yolu seçməklə bunun cavabını verdi. Halbuki, Ermənistan kimi bir sıra postsovet respublikaları bu gün də SSRİ-nin varisi Rusiyanın təsirindən, onun yaratdığı köhnə SSRİ nostaljiyalı “birlik” formatlarından qurtula bilməyiblər”.

İ.Altayın qənaətincə, Rusiyanı Qarabağ savaşında sərgilədiyi mövqeyə görə məhkəməyə vermək daha böyük perspektiv vəd edir: “Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə vermək şansı və perspektivi Qarabağ münaqişəsi məsələsində daha realdır. Çünki gün kimi aydındır ki, bizim Qarabağ fəlakətlərimizin əsas baiskarı Rusiyadır. Bunun üçün Moskva birbaşa müdaxilə və dəstəklə bütün hərbi, kəşfiyyat, seperatizm, 5-ci kalon və sair imkanlardan istifadə edib. Bu münaqişəni cırtdan Ermənistanın icraçılığında başladan, ərazimizin 20%-ni işğal etdirən, bizə qırğın, qaçqın, köçkün, itkin problemləri yaşadan və bu problemi bu gün də sürdürməklə həllinə imkan verməyən Moskvadır. Səbəb isə Qarabağ vasitəsi ilə Azərbaycanı, regionun ən vacib dövləti olan Azərbaycan vasitəsilə bütün Cənubi Qafqazı təsir altında saxlamaq olub. Ona görə də biz bu gün ən azı, ictimai əsaslarda Rusiyanın Qarabağ fəlakətimizdəki iştirakını, dəstəyini təsdiqləyən bütün fakt və sübutları ortaya qoymalıyıq. Mən bir müstəqil araşdırmaçı kimi yaxınlarda bu işə başlamaq niyyətindəyəm. Gürcü, Moldova, Ukrayna xalqları öz separatizm problemlərində haqlı olaraq birbaşa Rusiyanı günahlandırırsa, biz niyə bunu açıq ünvanı göstərməklə bildirməyək?”

"Hürriyyət"