Rusiyalı turistlər kəskin azaldı, Kobuleti otelçiləri aksiya keçirdi - VİDEO

Baxış sayı:
6938

Gürcüstanın Kobuleti bölgəsindəki otellərdən birinin sahibəsi Manana Menabde bildirib ki, şəhərdəki iri otellərin və mehmanxanaların sahibləri mitinq keçirərək hakimiyyətdən kompensasiya tələb ediblər.

Menabde bu haqda RİA Novosti-yə danışıb. Onun sözlərinə görə, otel sahibləri rusiyalı turistlərin kəskin azalmasından narazıdır və bunun günahını hakimiyyətdə görürlər.

Xatırladaq ki, Gürcüstanda baş qaldıran antirusiya aksiyalarına görə Rusiya bu ölkəyə birbaşa aviareysləri dayandırıb. Nəticədə Gürcüstana gedən rusiyalıların sayı kəskin azalıb.

Manana Menabde deyib ki, indiki Rusiya-Gürcüstan münasibətlərinə görə turizm biznesi iflas ərəfəsindədir. Onun sözlərinə görə, Kobuletiyə gələn xarici turistlərin 70 faizini rusiyalılar təşkil edirdi, qalanları isə Gürcüstanın özündən və Ermənistandan olurdu.

“Biz tələb edirik ki, hakimiyyət otel sahiblərinə banklarla bağlı situasiyada kömək etsin, çünki hamının kredit borcu var. Ya da bizə maliyyə dəstəyi versinlər”,-Menabde deyib.

O deyib ki, mitinq sadəcə xəbərdarlıq idi. Əgər hakimiyyət reaksiya verməsə onlar daha genişmiqyaslı aksiyalara başlayacaqlar.