Rusiyalı politoloq: "Azərbaycanlı uşağın qətlə yetirilməsi erməni hərbçilərin acizliyidir"

Texniki cəhətdən dinc əhalinin yaşadığı məhəllə möhkəmləndirilmiş atəş mövqeyindən daha rahat hədəfdir
 
Rusiya, ABŞ və Fransada Dağlıq Qarabağ münaqişəsini görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində "dondurulma"nın dominant istiqamət olduğu sezilir. Bu barədə rusiyalı politoloq Nikita Qolobokov Ermənistanın iyulun 4-də törətdiyi təxribatı şərh edərkən bildirib.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun 2 yaşı tamam olmamış nəvəsi Zəhra Quliyeva həlak olub.
Onun sözlərinə görə, erməni hərbçilərinin belə davranışı zəiflik əlamətidir, dinc əhalinin öldürülməsinə isə heç nə haqq qazandıra bilməz.
"Cəbhə xəttində artilleriya dueli və diversiya müharibəsi bitmir. Eyni zamanda, Ermənistan tərəfində məsələn, Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda "Arı" zenit-raket kompleksini məhv etdiyi kimi qarşı tərəfin möhkəmləndirilmiş məntəqələrinə və zirehli texnikasına dəqiq zərbə vurmağa vasitəsi yoxdur. Amma cavab vermək istəyirlər. Nəticədə bax belə cavab verdilər. Çünki texniki cəhətdən dinc əhalinin yaşadığı məhəllə möhkəmləndirilmiş atəş mövqeyindən daha rahat hədəfdir", - ekspert bildirib.
İnsidentdən sonra vəziyyətin gərginləşməsindən danışan N.Qolobokov qeyd edib ki, Ermənistan və Azərbaycandakı ictimai əhval-ruhiyyəyə, eləcə də rəsmi Bakının hərbi xərcləri və Ermənistanda hakim klanın qeyri-konstruktiv mövqeyinə görə bu, qaçılmazdır.
"Amma indi aprel hadisələrinin yaşancağını gözləmək lazım deyil. Çünki 2016-cı ilin aprelindəki döyüşlərin əsas özəlliyi gözlənilməzlik idi. İndi isə Azərbaycan ordusundan fəal əməliyyatlar gözləniləndir. Odur ki, ərazilərin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatların effekti az olacaq", - politoloq hesab edir.
Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə ilə bağlı ATƏT-in Minsk qrupunun mövqeyini şərh edən N.Qolobokov onlardan yeni bir şey gözləməyin əhəmiyyətsiz olduğunu vurğulayıb.
"Həmişəki kimi heç nəyə yaramayan bəyanatlar, reaksiyalar olacaq. Amma Rusiya, ABŞ və Fransada bu münaqişəni görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində "dondurulma"nın dominant istiqamət olduğu sezilir. Bunu ilk növbədə elə Rusiyaya aid etmək lazımdır, necə də olmasa, Qərb ölkələri regiondan müəyyən məsafədə yerləşir. Rusiya Ukraynadakı vəziyyət istisna olmaqla, keçmiş SSRİ məkanındakı münaqişələrə 90-cı illərin çətin irsi donu geyindirmək istəyir. Münaqişələr həm də regionlarda vəziyyətin yumşalması ilə nəticələnə bilər, odur ki, onları dondurmaq Rusiya üçün daha yaxşıdır ", - ekspert bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan tərəfi xarici işlər nazirlərinin görüşündən əvvəl qəsdən belə addım atıb. "Bundan başqa, təcrübə göstərir ki, bu görüşdə də ənənəvi bəyanatlarla kifayətlənəcəklər", - deyə o fikrini bitirib./report