Rusiyalı məmurun Naftalanda çimdiyi “şokolad vannası” haqda yeni bilgilər

Baxış sayı:
24106

Ulyanovsk vilayətinin korporasiya rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub, bəs əslində... Rusiyalı məmurun Azərbaycandakı hotellərin birində qəbul etdiyi “şokolad vannası” artıq onun öz başına bəla olmaqla yanaşı, Rusiya mətbuatda da ən çox müzakirə olunan mövzuya çevrilib. Belə ki, Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub. O, Naftalandakı beşulduzlu hotellərin birində müalicə məqsədli şokolad rəngində maye ilə dolu vannadan çəkdirdiyi “selfie”ni instaqram hesabında paylaşaraq “Çox şokolad olmur” şərhini yazıb. Məmurun bu paylaşımı əksər izləyici tərəfindən tənqid olunub. Baş vermiş qalmaqal fonunda Ulyanovskun qubernatoru Sergey Morozov açıqlama verib. O, Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun lüks həyatı nümayiş etdirdiyinə görə işdən çıxarıla biləcəyini bəyan edib. İnsanları maraqlandıran əsas məsələ isə odur ki, Azərbaycanda hotel və istirahət mərkəzlərində, müalicəvi kurort yerlərində “şokolad vannası” varmı? Bu sualla bağlı Svetlana Openışevanın paylaşımında tag etdiyi, Naftalan rayonunda yerləşən hotellə əlaqə saxladıq. Qeyd edək ki, müalicəvi məqsədlə hoteldə minimum 7 günlük bir paket təqdim olunur. 2 nəfərlik paketin 1 günlük qiyməti 219 manatdır. Bu bir həftəyə 1633 manat deməkdir. Paketə gündə 3 dəfə qidalanma, SPA xidməti, çek-up, konsultasiya, Naftalan vannası, fizioterapiya, nastovit yaxması, inqalyasiya, fito çaylar, hidromasaj daxildir. “Şokolad vannası”nın olmasına gəlincə, əlaqə saxladığımız hotel nümayəndəsi bunu inkar etmədi. Bildirdi ki, əvvəllər “şokolad vannası” olub, ancaq hazırda bu xidmət yoxdur. Ancaq burada vannanın tamamilə şokoladdan ibarət olduğunu demək olmaz, sadəcə, müəyyən qədər var. Lakin dəri üçün şokolad maskası təklif edilir ki, bunun da qiyməti 40 manatdır. Həmçinin paketdən əlavə aromatik vannalar da müştərilərə təklif edilir, 1 proseduru 20 manatdır. O cümlədən yod-brom vannaları, duz vannaları, slon tərkibli vannalar var. Həkimlərin müayinəsindən sonra Naftalan nefti əks göstəriş olan pasientlər bu vannalardan istifadə edə bilərlər. Lakin ən çox istifadə olunan və elə görünüşcə şokolad vannasına bənzəyən Naftalan nefti digər karbohidrogenlərdən fərqli olaraq cavan bir strukturdur, Naftalan şəhərində yerin təkindən çıxarılır. Karbohidrogen quruluşu tamam fərqlidir, ağırdır, yanma ehtimalı çox aşağıdır. Onun parçalanması və yanması üçün çox yüksək temperatur lazımdır. Bizim daxili orqanlarımızda olan hormonlar, vitaminlər pentan quruluşa malikdirlər, beşbucaqlı şəkildədirlər. Naftalan neftinin quruluşu da eynidir. Faydalı olmasının bir sirri də bu sayılır. Naftalan neftinin həm xarici, həm də daxili təsirləri var. Xaricdən 6 cür təsiri var: dəri toxumasına kimyəvi təsirləri, reflektor təsirləri, temperatur təsiri və sair. Naftalan nefti dərinin toxumasından orqanizmə daxil olur. Limfa sistemi ilə qoşulur, bizim maddələr mübadiləsindən tutmuş hormonal proseslərə qədər təsir göstərir. Orqanizmin təmizlənməsində, ağır metalların orqanizmdən çıxarılmasında Naftalanın faydası sonsuzdur. Orqanizmə lazım olan mikroelementləri yerləşdirir, hansı lazımsızdırsa, onu orqanizmdən çıxarır. Məsələn, orqanizmə çoxlu yod lazımdırsa, onu yığır, sink lazımdırsa, onu yığır. Təbiiliyi ondadır ki, hər orqanizmə uyğun olaraq həmin maddələrin miqdarını özü tənzimləyir. İnsanlar kimyəvi dərmanlardan daha çox bu cür təbii müalicə vasitələrinə üstünlük verirlər. Çünki bu kimyəvi dərmanlar orqanizmə yad maddələrdir, orqanizm onu qəbul etmək istəmir, öz saflığını qorumaq istəyir. Bu mənada Naftalan nefti səhiyyədə yayılmaq üzrədir. Lakin Naftalan nefti ilə bağlı əks göstəriş də ola bilər. Bu səbəbdən Naftalan klinikalarına, istirahət mərkəzlərinə gedən hər bir pasient öncədən çek-up müayinələrdən keçirilir, həkimlər tərəfindən konsultasiya edilir. Naftalan neftinin əks təsiri yüksək temperatur formasında ortaya çıxır. Qaraciyər xəstəliklərində, kəskin hepatitlərdə, qan xəstəliklərinin kəskin mərhələsində əks göstərişdir. Heç bir xəstəliyin kəskin mərhələsində Naftalan tətbiq edilmir. Hətta revmatizm xəstəliyinin kəskin mərhələsində də tövsiyə olunmur. Yalnız klassik tibbin köməyi ilə müalicə edib prosesi söndürdükdən sonra növbəti dövrdə baş verəcək xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün Naftalan nefti məsləhət görülə bilər. Bunu ona görə xüsusi qeyd edirik ki, bəzən xəstələr kəskin mərhələdə Naftalan neftinə və ya digər təbii müalicə vasitələrinə üz tutaraq, əsas müalicə mərhələsini itirmiş olurlar. Naftalan vannası bəzi xroniki xəstəliklərdə çox effektlidir. Azərbaycanda həm də turizmin inkişafı üçün Naftalan neftini dünyaya təbliğ etmək olar. Naftalan nefti üçün minlərlə turist ölkəmizə gələ bilər. Azərbaycana gələn qonaqlar arasında Naftalanla müalicə mərkəzlərinə üz tutanlar da az deyil. Rusiyadan, MDB ölkələrindən, hətta ərəb ölkələrindən gələnlər Naftalan nefti ilə maraqlanırlar. Qeyd edək ki, Naftalan neftini Azərbaycanda ilk dəfə neftçıxarma ilə məşğul olan ingilislər Naftalan şəhəri ərazisində tapıb istehsal etməyə başlayıblar. Bunu ilk dəfə dəri xəstəliklərində tətbiq ediblər və çox effektli olduğunu görüb bütün dünyaya yaymaq istəyiblər. Sonradan baş verən inqilablar, çevrilişlər ingilislərin Azərbaycanı tərk etməsi ilə nəticələndi və Naftalan neftinin sorağı da sovet məkanından kənara çıxa bilmədi. Naftalan nefti sonradan qadınlarda sonsuzluğun müalicəsində, iltihabi prosesin sorulmasında əvəzolunmaz bir məlhəm kimi istifadə olunmağa başladı. Həmçinin müxtəlif mənşəli yaraların sağalmasında da Naftalan nefti çox effektli rol oynayır.//