​Rusiyadan Türkiyəyə TƏK ŞƏRT: “S-400-lərin çatdırılması üçün...”

"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir".
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər.
“Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.
S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.
Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.