​Rusiyadakı terrordan sonra Azərbaycandakı qırğızlar nəzarətə götürülüb – İlham İsmayıldan sensasion açıqlamalar

İlham İsmayıl: “Əsas məsələ odur ki, Azərbaycanın xüsusi xidmət orqanları belə şəxsləri nəzarətdə saxlaya bilir”

Yeni il gecəsi Türkiyədə, İstanbulun mərkəzində “Reina” barında qanlı terror aktı törədib 40 nəfəri öldürən, 69 nəfəri yaralayan terrorçu ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda partlayış törədib 10-dan çox şəxsi qanına qəltan edib 50 nəfəri yaralan şəxsləri birləşdirən məqam müzakirə mövzusudur.
“Reina” terrorçusu Əbu Məhəmməd Xorasani kod adlı Abdulqədir Maşaripov da, 2 metro stansiyasını partladan Akberjon Cəlilov da Orta Asiyadan, konkret olaraq Qırğızıstandandırlar. Hər iki şəxsin Qırğızıstandan olmaları bilinəndən sonra Orta Asiyada terrorçuların yetişdirildiyi düşərgələrin olması məsələsi də yenidən gündəmə qayıdıb. Belə düşərgələrdə təlim görmüş, ən müxtəlif silahlarla davranmaqdan tutmuş məişət əşyalarından hündürmərtəbəli binaları lərzəyə gətirmək gücünə malik partlayıcılar düzəltməyə qədər biliklər öyrədilmiş şəxslər Azərbaycana da gələ bilərlərmi?
3 aydan bir qədər çox fərqlə qanlı aksiyalar törətmiş şəxslərin Qırğızstan vətəndaşları olması ümumilikdə bu dövlətin ölkəmizə gələn vətəndaşlarına xüsusi diqqət yetirilməsini zəruri edirmi? Azərbaycana gələn Qırğızıstan vətəndaşları xüsusi nəzarətə alınıblar?
Təhlükəsizlik xidmətinin sabiq zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, bütün bu olaylardan sonra Azərbaycanın xüsusi xidmət orqanları xüsusi tədbirlər həyata keçirir: “Bildiyim qədər təhlükəsizlik xidmətinin son əməliyyatlarında da Orta Asiya ilə bağlılığı olan Azərbaycan vətəndaşlarının adları da ön sırada olub. Azərbaycanın təhlükəsizlik orqanında bu istiqamətdə kifayət qədər əməliyyat məlumatı var. İndiyədək Miqrasiya Xidməti Orta Asiyadan çıxanları deportasiya edib. Açıq şəkildə onların hansı məsələlərə görə deportasiya olunduğu deyilməsə də, onların içində terror təşkilatları ilə müəyyən bağlılıqları, əlaqələri olanlar da yox deyil”.
İ.İsmayıl qeyd edib ki, bu gün Azərbaycan xüsusi xidmət orqanları ilə Orta Asiya xüsusi xidmət orqanları arasında ciddi fikir mübadiləsi, iş birliyi, əməkdaşlıq var: “Orta Asiya xüsusi xidmət orqanları ilə ölkəmizin xüsusi xidmət orqanlarının münasibətləri səmimidir. Daha aydın fikir mübadiləsi var. Yardımlaşmaqda, əməkdaşlıqda daha səmimidirlər. Rusiya xüsusi xidmət orqanları ilə Orta Asiya xüsusi xidmət orqanları arasında münasibətlər bu səviyyədə deyil. Rusiya xüsusi xidmət orqanları yeri gələndə öz mənafeləri naminə kimin digər ölkə ərazisinə keçdiyini sona qədər açıqlamırlar. Orta Asiya xüsusi xidmət orqanları şübhəli bildikləri şəxslərin kimlikləri haqda əməkdaşlıq etdikləri ölkələrin xüsusi xidmət orqanlarına vaxtında, tam məlumat verirlər. Rusiyanın imperiya ambisiyaları isə buna yol vermir. Uzun müddətli mina basdırmaqla məşğil olurlar. Yeri gələndə bir komanda verilir və hansısa hərəkət törədilir. Düzdür, Azərbaycanın xüsusi xidmət orqanları ilə Rusiya xüsusi xidmət orqanlarının əlaqələri, əməkdaşlığı var. Putinin keçirdiyi son görüşdə belə halların qarşısının alınması üçün çağırışlar vardı. Bütün bunlarla bərabər Rusiya xüsusi xidmət orqanları keçmiş postsovet olkələrinin hamısı, o cümlədən Azərbaycanın xüsusi orqanları ilə çox səmimi deyillər”.
İ.İsmayıl Azərbaycandan çıxarılan Orta Asiya ölkələri vətəndaşlarının adlarının açıqlanmamasının səbəbini belə izah etdi: “Əlbəttə ki, Miqrasiya Xidməti filankəsin ölkədən təhlükəsizlik orqanının tələbi ilə çıxarıldığını açıqlaya bilməz. Amma bununla belə son günlər ölkədən çıxarılanlar sırasında belə şəxslər var. Əsas məsələ odur ki, Azərbaycanın xüsusi xidmət orqanı belə şəxsləri nəzarətdə saxlaya bilir. Onların konkret adlarını çəkmək baxımdan doğru deyil ki, həmin şəxslər, onların arxasında dayanan qüvvələr duyuq düşə bilərlər”.
İ.İsmayıl qeyd edib ki, Türkiyədə, ardından Rusiyada törədilən terror aktlarından sonra Orta Asiya kökənli insanlara nəzarət təkcə Azərbaycanda deyil, Avropa dövlətlərində də güclənib: “Həmin terror aktlarının icraçılarının Orta Asiyadan olmaları bütün dünyada xüsusi xidmət orqanlarının maraq dairəsini bir qədər də genişləndirib. Azərbaycanda da təhlükəsizlik xidmətinin ayıq-sayıqlığını normal qəbul etmək lazımdır. Azərbaycan xüsusi xidmət orqanının Orta Asiya xüsusi xidmət orqanları ilə səmərəli əməkdaşlığının nəticəsində vəziyyət nəzarətdə saxlanılır. Aydındır ki, Orta Asiyadan gələnlərin hamısı terrorçu deyil. Amma gələnlərin arasında terrorçunun olması da istisna deyil. Belə şəxslər haqda ən çox məlumatlı olan elə Orta Asiyanın xüsusi xidmət orqanlarıdır. Onlardan Azərbaycana keçmək istəyənlər haqda ölkəmizin xüsusi xidmət orqanının məlumatı da olur. Belə halda xüsusi xidmət orqanımız maksumum çalışır ki, həmin şəxsin deportasiyasına və ya həbs edilib ekstradisiyasına nail olsun. Belə şəxslər haqda məlumatlar açıq şəkildə verilmir, ümumilikdə Miqrasiya Xidmətinin hesabatında yer alır. Çünki xüsusi xidmət orqanı açıqlamır ki, biz 2 özbək, 3 qırğız vətəndaşını ekstradisiya və ya deportasiya etdik. Bu, əlavə informasiyaya çıxışın qarşısını ala bilər, əlavə mənbələrə çıxışı əngəlləyə bilər, ən əsası terrorçunun qabaqcadan xəbərdar edilməsi olar. Ona görə də bu işlər məxfi şəkildə aparılır. Bu günə qədər Azərbaycanda ”çp" fövqəladə hadisə baş verməyibsə, bunu xüsusi xidmət orqanımızın uğuru saymaq lazımdır".