​Rusiyada yüksək rütbəli FTX agentlərinin müəmmalı həbsi

Rusiya mediasının xəbərlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) daha bir zabiti dövlətə xəyanət ittihamı ilə həbs olunub.
 “Azadlıq” radiosunun Vaşinqton redaksiyası bu həbsin Rusiyanın ABŞ-ın prezident seçkisinə müdaxiləsi ilə əlaqədar ola biləcəyini bildirir.
Bildirilir ki,  bundan əvvəl FTX-nin mühüm departamentlərindən biri olan kiberkəşfiyyat idarəsinin yüksək rütbəli zabitinin həbs edildiyi məlum olmuşdu. Bu xəbəri nüfuzlu “Kommersant” qəzeti yayıb.
 “Kommersant” yazırdı ki, FTX-nin İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəis müavini Sergey Mixaylov dekabr ayında dövlət xəyanəti ittihamı ilə həbs olunub. Daha bir Rusiya qəzeti – “Novaya Gazeta” yanvarın 26-da “Kommersant”ın bu xəbərini təsdiq edib.

“Novaya Gazeta” anonim mənbələrə əsasən yazır ki, Mixaylov Moskvada başqa FTX zabitlərinin iştirak etdikləri iclasda həbs olunub. Bu da xəbər verilir ki, dekabr ayında həbs olunan başqa bir agent Rusiyanın məşhur Kasperski Laboratoriyası (Kaspersky Lab) kibertəhlükəsilik şirkətinin menecerlərindəndir.
Baş müstəntiq həbs olunub Kasperski Laboratoriyası  bu həbs barədə xəbəri təsdiq edib və bildirib ki, Ruslan Stoyanov adlı bu şəxs şirkətin istintaq şöbəsinə rəhbərlik edirmiş. LinkedIn saytından belə görünür ki, Stoyanov Kasperski Laboratoriyasında 2012-ci ildən işləyib və onun əvvəlki iş yerlərindən biri də Rusiya Daxili İşlər Nazirliyinin kibercinayət idarəsi olub.
Yanvarın 26-da Rambler News və REN-TV-nin verdiyi xəbərə görə ötən ay FTX-nin başqa bir agenti də həbs olunub. Onun adı mayor Dmitri Dokuçayev olaraq verilir. Dokuçayev İnformasiya Təhlükəsizliyi Mərkəzində başqa bir bölməyə rəhbərlik edib və bəzi xəbərlərə görə yuxarıda adı çəkilən Mixaylovun tabeçiliyində fəaliyyət göstərib.
“Azadlıq» radiosu diqqəti buna cəlb edir ki, bu həbslər ABŞ kəşfiyyat orqanlarının Rusiya tərəfindən dəstəklənən hakerlərin ABŞ seçkisinə müdaxiləsini araşdırdığı bir vaxta təsadüf edir. ABŞ kəşfiyyat orqanları bundan əvvəl Rusiya hökumətini Demokratik Partiyanın emaillərinə və prezident seçkisinə haker müdaxiləsində ittiham etmişdi.

Özünün son sərəncamlarından birində Barak Obama ABŞ kəşfiyyatının gəldiyi bu nəticələri rəsmən qəbul etdiyini bildirmişdi. Bu sərəncamda haker müdaxiləsinin arxasında Rusiya FTX və Baş Kəşfiyyat İdarəsinə (hərbi kəşfiyyat) bağlı 9 Rusiya rəmsinin və bir neçə Rusiya orqanının durduğu deyilirdi. Yanvarın əvvəllərində ABŞ kəşfiyyatının başçısı Senat dinləməsinə bildirmişdi ki, ABŞ-ın seçki prosesinə misli görünməmiş kibermüdaxilə həyata keçirilib.
Rusiyada Kremlə sədaqətli biznesmenlərdən birinə məxsus olan “Tsargrad” TV xəbər saytı bildirib Mixaylov Rusiyada “Şaltay-Boltay” adı ilə tanınan haker qrupu ilə əlaqəli olub. Həmin haker qrupu Rusiyanın tanınmış rəsmiləri və bizmesmenlərinə aid e-mailləri dərc etmişdi. Qrup bu sənədlərin kiberhücum nəticəsində əldə olunduğunu bildirirdi.
FTX bu təhqiqat barədə heç bir rəsmi açıqlama verməyib. “Novaya Gazeta” xəbər verir ki, Mixaylov, Dokuçayev və Stoyanovdan başqa bu təhqiqatla bağlı daha iki nəfər həbs olunub və onlardan biri Mixaylovun FTX-dən olan həmkarıdır.
Qəzet yenə də anonim mənbələrə istinadən yazır ki, Mixaylov Rusiya vətəndaşı Vladimir Fomenkonun mülkiyyətində olan “King Servers” adlı hostinq xidməti barədə məlumatları ABŞ kəşfiyyatına ötürməkdə şübhəli bilinir.
“King Servers” hostinqindən hakerlər ötən il Arizona və İllinoys ştatlarındakı seçki kompüter sisteminəkiberhücum üçün istifadə etmişdilər. Fomenko öz növbəsində hakerlərlə hər hansı əlaqədə olduğunu inkar edir. Fomenko həm də Pavel Vrublyovski adlı başqa bir Rusiya sahibkarı üçün internet serveri xidməti məkanı verib. Vrublyovski “Chronopay” adlı elektron ödəniş şirkətinin sahibi olub və 2013-cü ildə Rusiya şirkətlərinə kiberhücumlarda ittiham edilib. Deyilənlərə görə, Mixaylov istintaq vaxtı Vrublyovskini tanıdığını və onun “istedadlarından” xəbərdar olduğunu deyib.