Rusiyada Trump-a qarşı "seks kompromatı" varmı?

"The İndependent" yazır ki, ABŞ-ın Demokratik Partiyasından qadın millət vəkili Maxine Waters vise-prezident Mike Pence-in inaqurasiyaya hazırlaşdığını iddia edib.
 
Özünün Twitter postunda Maxine Waters yazır ki, Pence Trump-ın impiçmentinə hazırlaşır və keçid komandasına Priebus və Spicer başçılıq edəcəklər.
Bu iki rəsmi Trump administrasiyasından bu yaxınlarda istefa verib.
Trump-ın qatı tənqidçisi olan xanım Waters Rusiyanın Trump-a qarşı iddia olunan kompromatına "açıq-saçıq seks videosunun" da daxil olduğunu iddia edən ilk ABŞ siyasətçisi olub.
O deyib ki, Rusiya hökumətində Trump-a qarşı maliyyə və seks şantajı üçün materailların olması barədə iddialar həqiqətdir.
Millət vəkili bu qənaətdədir ki, prezident Trump impiçment edilməlidir.
"O yalançıdır, cığaldır və fırıldaqçıdır" - deyib Maxine Waters.
Bundan əvvəl iki demokrat millət vəkili - Al Green və Brad Sherman prezidentin impiçmenti barədə Konqres təşəbbüsü qaldırmışdı.
Lakin impiçment mühakiməsinin başlanması üçün Nümayəndələr Palatasında çoxluğun, Senatda isə senatorların üçdə ikisinin razılığı olmalııdır.
Amma 2018-ci ildə keçiriləcək mövsümortası seçkilərədək hər iki palatada respublikaçılar çoxluqda olacaqlar və belə bir qüvvələr nisbətində impiçmentin mümkünlüyü ağlabatan görünmür.
Cənab Pence indiyədək Trump-ın Rusiya ilə əlaqələrinə dair iddialardan yaranmış qalmaqaldan kənarda dayanmağa çalışıb.
"The İndependent" yazır ki, indiyədək yalnız iki ABŞ prezidenti impiçment edilib, lakin hər iki halda prezidentlər Bill Clinton və Andrew Johnson vəzifələrində qalıblar. Buna səbəb onların Senatda bəraət qazanmaları olub.
Richard Nixon-a gəlincə isə, o Watergate qalmaqalının ardınca Konqres onu impiçment etmədən özü istefa verib.
Amerika tarixində 14 vise-prezident sonradan prezident olub. Bunlardan səkkizi prezidentlərin ölümü nəticəsində posta gətirilib.
5 vise-prezident ikinci müddətdə prezident olub. Daha bir vise-prezident hakimiyyətə prezidentin istefası ilə əlaqədar gəlib.