“Rusiyada “rəngli inqilab” təhlükəsi yoxdur”

Yevgeni Primakov: “Ukraynaya ordu yeridilməsi qəti olaraq yolverilməzdir”

“Rusiyanın böhrandan çıxması üçün əsas yollar mərkəzləşdirməsinin azaldılması, real federalizm, iqtisadiyyatın tezliklə müxtəlifləşdirilməsi və xammala meyllilikdən imtina olmalıdır. Federasiya subyektlərinə daha çox azadlıq verilməlidir”.

“Kommersant” qəzeti xəbər verir ki, bu sözləri Rusiyanın sabiq baş naziri, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Primakov “Merkuru-klub”un iclasında deyib.

Y. Primakov bildirib ki, Rusiya iqtisadiyyatın real diversifikasiyasını həyata keçirmək üçün həddən artıq - əsrin dörddə biri qədər vaxt itirib. O, prezident Putinin böhranın aradan qaldırılması üçün 2 il vaxt ayırdığını xatırladaraq qeyd edib ki, bu müddət ərzində icra hakimiyyəti xammal iqtisadiyyatından emal sahələrinin və yüngül sənayenin inkişafına real keçid haqqında layihələr elan etmək məcburiyyətindədir.  

Təcrübəli dövlət xadimi hesab edir ki, Rusiyada “rəngli inqilab” təhlükəsi yoxdur, əsas problemlər məhz həyatın bütün sahələrinin, o cümlədən iqtisadiyyatın ifrat mərkəzləşdirilməsindən yarana bilər.

Xarici siyasətdən danışan Y. Primakov Rusiya hakimiyyətini bütün dövlətlər – həm Qərb, həm də Şərq ölkələri ilə münasibətləri inkişaf etdirməyə çağırıb. Onun fikrincə, sanksiyalara baxmayaraq, Rusiyanın hər hansı təcridindən söhbət getməməlidir. Beynəlxalq münasibətlərdə ayrıca məsələ kimi Ukrayna probleminin qeyd edən Y. Primakov əmin olduğunu bildirib ki, Rusiya Ukraynanın cənub-şərqini Ukraynanın tərkib hissəsi olaraq tanımalı və ABŞ və Avropa ilə bu mövqedən danışıq aparmalıdır. O, Rusiyanın nizami qoşunlarının Ukrayna ərazisinə yeridilməsinin qəti şəkildə yolverilməz olduğunu vurğulayıb. Bununla yanaşı, o hesab edir ki, Krım və Sevastopol alver predmeti ola bilməz.