​Rusiyada ən populyar Azərbaycan məhsulu...

Baxış sayı:
4954

Rusiyada Azərbaycan aqrar sektorunun ən populyar məhsulu Bakı pomidorlarıdır.
Muxalifet.az-ın məlumatına görə, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
O.Ruhullayeva bildirib ki, “Made in Azerbaijan” brendi altında məhsula kifayət qədər tələbat olsa da, məhz Bakı pomidorları Rusiya şəhərləri və regionlarının istehlak bazarlarında daha çox satılır.
Nazir müavini qeyd edib ki, bundan başqa Azərbaycanın quru meyvələri, fındıq və nar şirələrinə böyük tələbat var:
“Rusiya Azərbaycandan məhsul idxalına görə 9-cu yerdədir. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz məhsulları ixrac olunur. 2017-ci ildə Azərbaycandan Rusiyaya idxal 55 faiz artıb və Rusiyanın MDB-dəki tərəfdaşları arasında ən yaxşı dinamikanı nümayiş etdirib”.
O.Ruhullayeva əlavə edib ki, Rusiya bazarında rəqabətin artması şəraitində mövcud imkanlardan istifadə olunması üçün hər iki tərəfin birgə səyləri lazımdır:
“Made in Azerbaijan” brendi altında məhsulların satışı onun Rusiya bazarında tanınmasına yol açacaq və bu, tələbatda müsbət əks olunacaq. Birgə işin vacib aspekti azərbaycanlı kənd təsərrüfatı istehsalçılarının istehsalat prosesinin və hazır məhsullarının Rusiya bazarının və rusiyalı nizamlayacıların tələblərinə uyğunlaşmasıdır”.