Rusiyada məhkumlar arasında kütləvi dava: 30 nəfər xəsarət alıb

Baxış sayı:
3796

Rusiyada həbsxanada məhkumlar arasında son illərin ən böyük davası baş verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, insident Perm diyarının Solikamsk rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Davada 200-dən çox adamın iştirak etdiyi gələn xəbərlər arasındadır.

Hadisə barədə vilayətin İctimai nəzarət komissiyasının sədri Georgi Sitnikov özünün Facebook səhifəsində yazıb.

Qeyd olunur ki, münaqişəyə səbəb iki məhkumun həbsxana rəhbərliyinin əmri ilə başqa bir dustağı zorlaması olub.

“Məhz kriminal ənənələrin və qaydaların pozulması, o cümlədən qəsdən məhkumlar arasında sosial ayrı-seçkiliyin aparılması bu hadisəyə səbəb olub”,-deyə hüquq müdafiəçisi qeyd edib.

G.Sitnikovun sözlərinə görə, məhkumlar silah olaraq hasar çubuqları, kətil ayaqları və məişət predmetlərindən istifadə ediblər. İnsident nəticəsində 30-a yaxın məhkum müxtəlif dərəcələrdə xəsarət alıb, 3-ü xəstəxanaya yerləşdirilib.

İctimai nəzarət komissiyasının sədri hələ bu ilin mayında da dustaqlar arasında bənzər toqquşmanın qeydə alındığını, lakin həbsxana rəhbərliyinin hadisənin təkrarlanaması üçün heç bir tədbir görmədiyini bildirib.

Rusiyalı jurnalist Vladimir Oseçkinin xəbərinə görə, zorlanan zərərçəkən həbsxana işçilərinə rüşvət verməkdən imtina edib və irəli sürülən cinayətləri törətdiyini etiraf etməkdən boyun qaçırırmış.

Xatırladaq ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Federal Cəzaların İcra Xidmətinin rəhbəri general Gennadi Korniyenkonu tutduğu vəzifədən azad edib.