RUSİYADA İĞTİŞAŞLAR, QARABAĞDA MÜHARİBƏ… – “Stratfor”dan şok proqnoz

ABŞ-ın kəşfiyyat-analitik mərkəzi “Stratfor” Qarabağda vəziyyətin gərginləşəcəyini proqnozlaşdırır

“2015-ci ildə Azərbaycan Qarabağda status-kvonu dəyişdirəcək, ön cəbhədə daha çox fəallıq nümayiş etdirəcək. Lakin sərhəddə gərginliyin genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyi ehtimalı çox azdır.” Amerikanın Stratfor araşdırma mərkəzinin ekspertlərinin proqnozu belədir.

Rusiya öz daxili problemləri ilə məşğul olacaq və çətin ki, münaqişəyə müdaxilə etsin. Bununla belə, Rusiya və Qərb arasında fikir ayrılıqları postsovet ölkələrinə təsir etməkdə davam edəcək.

Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan Rusiya iqtisadi böhranının təsirini üzərində hiss edəcək və sosial iğtişaşlar tamamilə ehtimal olunandır.

Rusiya iqtisadiyyatında tənəzzül bu il də davam edəcək, amma 1998-ci ildəki səviyyəyə çatmayacaq.

Rusiya “iqtisadi ağrılara” digərlərindən daha yaxşı tab gətirir, amma enerji daşıyıcılarından gələn gəlirlərin kəskin şəkildə azalması, üstəgəl sanksiyalar prezident Putin üçün belə çoxdur”, mərkəzin ekspertləri belə hesab edir.

Rusiya Ukraynaya, habelə Moldova və Gürcüstana qarşı genişmiqyaslı hərbi əməliyyatlardan qaçmaqda davam edəcək. Amma təzyiqlərə də son qoymayacaq.

Stratfor Aİ üzvü olan 28 dövlət tərəfindən təsdiqini gözləyən Avropa sanksiyalarının uzadılması ehtimalının kiçik olduğunu düşünür.

Ukraynadan tranzit məsələsindən yan keçmək üçün ruslar da, avropalılar da alternativ enerji layihələri axtaracaqlar. Stratfor analitiklarının fikrincə, Rusiya Türkiyə ilə energetika münasibətlərini daha da gücləndirəcək, Avropa isə Cənub dəhlizi layihələrinin iştirakçısı olmaq üçün Azərbaycan və Türkmənistanın qılığına girəcək. /”Turan”