Rusiya yenə sərhədə qoşun yığmağa başladı - KRIMA 21 MİNLİK QRUPLAŞMA YERİDİLDİ / FOTO

Baxış sayı:
428

Rusiya yenə Ukrayna sərhədlərinə, bu dəfə ilhaq olunmuş Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb. Belə ki, Rusiya mənbələri Krım istiqamətində zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri yükləniş dəmiryol eşalonlarının hərəkət etdiyi haqda xəbərlər yayıblar.

Telegram-kanallarda yayılan görüntülərə əsasən eşalonlarda “Solntspyok” ağır odsaçan sistemləri, özüyeriyən artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri və yedəyə alınan artilleriya sistemləri yer alır.

 

Krıma doğru hərəkət edən və zirehli texnika, artilleriya vasitələri yüklənmiş daha bir dəmiryol qatarı iyulun 19-da Krasnodar yaxınlığında qeydə alınmışdı. Rəsmi mənbələr qoşunların bu yerdəyişməsinə dair heç bir şərh vermir. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Krım istiqamətində qoşun cəmləşdirdiyini təsdiq edib.

Bəzi məlumatlara görə Rusiyanın Krıma əlavə qoşun birləşmələri göndərməsi Ukrayna ordusunun yarımadanın yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlıdır.

 

Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Lyudmila Denisova bildirib ki, Rusiya daşqınların nəticələrinin aradan qaldırılması bəhanəsi ilə Krıma 21 min hərbçi yeridib.

“Daşqınların nəticələrinin aradan qaldırılması bəhanəsi ilə təcavüzkar ölkə yarımadaya 21 minlik xüsusi hazırlıq keçmiş qüvvə, 1367 vahid avtomobil texnikası və xüsusi texnika yeridib”,-o bildirib. Denisova qeyd edib ki, hazırda Krımda Rusiyanın cəmi 31 minlik qruplaşması var.

Rusiya Ukrayna sərhədlərinə bu ilin martında 120 minlik qoşun qruplaşması cəmləşdirmişdi və Donbassda yeni toqquşmaların başlaması halında Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi planları hazırlanmışdı. Daha sonra Ukrayna Donbassdan qoşunlarını geri çəkdi və Rusiya da sərhədboyu cəmləşdirdiyi qüvvələrinin bir qismini daimi dislokasiya yerlərinə qaytardı./Virtualaz.org