Rusiya və Ukraynanı toqquşma həddinə gətirən səbəb - “kilsə diplomatiyası”, yoxsa...

Baxış sayı:
4525

Nəzakət Məmmədova: “Qərbin Ukraynanı Avropaya inteqrasiyaya təhrik etməsi səbəblərindən biri də pravoslav sivilizasiyasını zəiflətmək ola bilər”

Rusiya ilə Ukrayna arasında gəmi qalmaqalı ilə yaranan yeni gərginlik artan xətlə inkişaf edir. Bu gərginliyin kökündə duran səbəblərdən biri kimi Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılmaq istəyinin olması da göstərilir.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ruslar və ukraynalılar arasında kilsə məsələsi olduqca mürəkkəb, ziddiyyətli tarix keçib:“Hazırda bu problemin necə həll olunması pravoslav məzhəbinə etiqad göstərən bu iki dövlət, iki xalq, amma vahid Rus patriarxlığına tabe olan pravoslav kilsələri arasında mübahisəni aradan qaldırmaqla yanaşı? pravoslav-slavyan sivilizasiyasının gələcəyini də müəyyən edəcək. 1030 ildir ki, mövcud olan birliyi parçalamaq asan məsələ deyil. Məsələ burasındadır ki, bütpərəst olan ruslar xristianlığı 988-ci ildə, indiki Ukrayna ərazisində, Kiyev rus dövlətində qəbul edib. İndi isə katolik Qərb - ABŞ və Avropa rusların ilk dövlətçiliyinin mövcud olduğu, xristianlığı qəbul etdikləri, slavyan sivilizasiyasının bir hissəsi olan, Rusiya imperiyasının özünün əbədi nüfuz dairəsi hesab etdiyi Ukraynanı öz maraq zonasına daxil etməkdədir. Bu, Rusiya və Ukrayna arasında hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə olduğu kimi, dini sahədə də münaqişəli bir vəziyyət yaradıb. Hazırda katolik dünyasında vahid dini lider Roma Papası, vahid mərkəz Vatikanın olması Qərb dünyasının birliyini təmin edən mühüm amildir. Lakin pravoslav dünyasında bu cür vahid mərkəz, vahid dini lider məsələsi problem olaraq qalır. Qərbin Ukraynanı Avropaya inteqrasiyaya təhrik etməsi səbəblərindən biri də pravoslav sivilizasiyasını daha da zəiflətmək ola bilər. Ukraynada üç pravoslav kilsəsi var. Onlardan yalnız biri Rus pravoslav kilsəsinə tabedir. İkisi isə 1990-cı illərdə yaradılıb və ruslar tərəfindən separatçı kilsələr kimi qəbul edilir. Rus pravoslav kilsəsi Ukrayna kilsəsinin avtokefaliya əldə edərək müstəqil olmasını müasir dövrdə xristianlıqda böyük parçalanmaya səbəb olacağını desə də, Ukrayna bu məsələdə çox iddialıdır. Artıq Konstantinopol patriarxı Varfolomeyin Ukrayna kilsəsinə avtokefaliya Tomosu, yəni müstəqillik fərmanı vəd etdiyi deyilir. Əgər Ukrayna kilsələri həmin fərmanı ala bilsə, Ukraynada Rusiya Pravoslav Kilsəsinə tabe olmayan müstəqil dini strukturlar yaranacaq. SSRİ-nin parçalanmasından sonra hər bir Ukrayna prezidenti Moskvaya tabe olmayan müstəqil kilsənin yaradılması planı üzərində işləyib. Donbasda döyüşlər şiddətlənəndə isə bu planı daha da reallığa çevirməyə çalışıldı, çünki Ukrayna pravoslav kilsəsi Kremlin maraqlarına xidmət etməkdə günahlandırılırdı. Moskva Ukrayna pravoslav kilsəsinə bu ölkəyə təzyiq aləti kimi baxır. Əgər Poroşenko bu məsələni həll edib Konstantinopol patriarxlığından avtokefaliya qramotası ala bilsə o, nəinki tarixə Ukrayna kilsəsini müstəqil edən prezident kimi düşəcək, eyni zamanda qarşıdakı mart seçkilərində onun şansları olduqca artacaq.

47067706_357694848126417_7188661289311272960_n.jpg (46 KB)

Moskva isə yalnız öz tabeliyində olan Ukrayna kilsəsini kanonik, yəni qanuni kilsə hesab edir və iddia edir ki, yeni müstəqil kilsələrin olması təfriqəçiliyin leqallaşmasına, xristian dünyasında parçalanmaya və pravoslav müharibəsinə gətirib çıxara bilər. Bildiyimiz kimi, Yunanıstan, Rumıniya və s. ölkələrdə pravoslav kilsələri üstünlük təşkil edir və həm Varfolomey, həm Kiril öz emissarlarını göndərib onlara mövcud problem barədə məlumat verirlər. Konstantinopol Ukrayna kilsələrinə müstəqillik kefaliyası vermək barədə onların da razılığını almaq istəyir. Rus kilsəsi isə əksinə, rusların pravoslavlığı qəbul etdikləri önəmli məkan olaraq Kiyevi nəzarətdən buraxmamaq üçün digər pravoslav kilsələrin Ukrayna kilsələrinə müstəqillik verilməsinə qarşı təbliğat aparırlar. Onlar iddia edir ki, Moskva kilsəsinin qanuni hesab etdiyi Ukrayna kilsəsi təqib olunur və yeni kilsələrin yaradılması pravoslavların katolikə çevrilməsinə səbəb olacaqdır. Rusların bu məsələdə bir çox müttəfiqləri var. Məsələn, Suriyadakı Antioxiya kilsəsi Moskvanın tərəfindədir, çünki hazırda Rusiyanın Suriya üzərində böyük təsiri var. Serbiya patriarxlığı da Moskva ilə həmfikirdir. Abxaz kilsəsi Gürcüstan kilsəsinin yeparxiyası olsa da, onu faktiki Rus pravoslav kilsəsi idarə edir. Kilsələrin müstəqilliyi məsələsi Estoniya, Makedoniya ilə bağlı olaraq da meydana çıxıb. Nəhayət, məsələyə Putin özü də müdaxilə edib, bu ilin may ayında Türkiyəyə səfəri zamanı Konstantinopol patriarxı Varfolomey Ankaraya Putinin görüşünə gəlməkdən imtina etdiyi üçün onlar yalnız telefonla danışa biliblər. Rusiya deputatları, biznesmenləri Varfolomeylə görüşməyə çalışsalar da, buna nail ola bilməyib və nəhayət, Moskva Vatikanın köməyindən istifadə etməyə çalışıb. Vatikan isə bu məsələdə Moskvanı dəstəkləyir, çünki Ukraynada yeni yaranacaq kilsələrin güclənib oradakı katoliklərlə rəqabət aparmasını istəmir".

Xanım politoloq onu da qeyd etdi ki, Ukraynanın “kilsə diplomatiyası” son dövrdə fəal iş aparır və buna şəxsən Poroşenko rəhbərlik edir: “Habelə XİN başçısı Klimkin, prezident Administrasiyasının rəhbərinin müavini Pavlenko, Ali Radanın spikeri Parubiy bu işdə fəallıq göstərirlər. Keçmiş prezidentlər Yuşşenko və Kuçma da bu işdə iştirak edərək, kilsələrin müstəqilliyinə çalışırlar. Bu məsələnin arxasında isə ABŞ-ın dayandığı iddia edilir. Hələ Con Kerri dövlət katibi olduğu zaman Dövlət Departamentində dini məsələlər şöbəsi yaradılıb və amerikalılar dini amil nəzərə alınmadan diplomatiyanın uğur qazana biləcəyinə inanmırlar. ABŞ-ın Ukraynada səfiri olmuş Ceffri Payyattın Ellada kilsəsi ilə görüşdə Ukrayna kilsəsinin müstəqilliyini müzakirə etməsi də bunu sübut edir”.