Rusiya və Səudiyyə Ərəbistanı gündəlik bu həcmdə neft hasil edəcək – SAZİŞ

Baxış sayı:
2791

Yeni OPEC+ sazişi çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanın nə qədər neft hasil edəcəyi açıqlandı.

“RİA Novosti” xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı yeni OPEC+ sazişinin həyata keçirilməsi zamanı may ayından iyunun sonuna qədər gündəlik 8,5 milyon bareldən çox olmamaqla neft hasil edəcək. Bu, ittifaq ölkələrinin son iclasının yekunlarına dair imzalanmış kommünikedə göstərilib.

OPEC+in bəyanatına əsasən, bütün ölkələr üçün baza səviyyə olaraq 2018-ci ilin oktyabr ayının göstəricisi götürülüb, amma bu baxımdan Rusiya və Səudiyyə Ərəbistanı istisna təşkil edir. Onlar baza səviyyə eyni – 11 milyon barel/sutka müəyyən edilib.

Daha əvvəl Azərbaycan Energetika Nazirliyinin bildirdiyi kimi, hasilatın azaldılması üç mərhələdə olacaq. Birinci mərhələdə (may-iyun) neft hasilatının baza səviyyəsindən 23%, ikinci mərhələdə (iyul-dekabr) 18%, üçüncüdə (yanvar 2021 - aprel 2022) isə 14% azaldılması planlaşdırılır. Beləliklə, Rusiya və Səudiyyə Ərəbistanı hər mərhələdə müvafiq olaraq gündəlik 8,5 milyon, 9,02 milyon və 9,46 milyon bareldən çox olmayaraq hasilat etməli olacaqlar.

Kommünikedə həmçinin sazişin monitorinqi üçün nazirlər və texniki komitələrin mövcudluğunu davam etdirəcəyi qeyd olunub. Vurğulanıb ki, alyansın növbəti ümumi iclasının iyunun 10-da, elə indiki kimi videokonfrans formatında keçirilməsi planlaşdırılır./report