RUSİYA VƏ ÇİN RAKETLƏRDƏN BİRGƏ MÜDAFİƏYƏ HAZIRLAŞIRLAR - Vaşinqton bu ittifaqı pozmağa çalışır

Baxış sayı:
3073

Pekində Raket Hücumundan Müdafiə (RHM) üzrə “Hava-kosmik təhlükəsizliyi – 2017” adlı Çin-Rusiya kompyüter komanda-qərargah təlimləri keçirilib. Onun gedişində atəş açılmasa da, hərbçilər iki ölkənin ərazisinə zərbələrin endiriləcəyi hal üçün informasiya mübadilə metodlarını mənimsəyiblər.
Pekində deyildiyinə görə, ikitərəfli qarşılıqlı əlaqə səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Şərhçilərin fikrincə, söhbət həm Şimali Koreya, həm də ABŞ və onun müttəfiqləri tərəfindən gələn təhdidlərdən gedir.
Çinin “Jenmin jibao” qəzeti ÇXR MN-ə və hərbi ekspertlərə istinad edərək, yazır ki, təlimlərə az qalmış rus hərbçiləri “A-235” RHM eşalonlaşdırılmış ərazi sisteminin sınağını keçiriblər.
İndi keçirilən təlimlərə isə RF-nin S-400 və S-300 zenit-raket sistemləri, həmçinin Çinin “Xunçi-9” zenit-raket kompleksləri cəlb edilib. Təlimlərin gedişində döyüş hissələri istifadə edilmir, lakin iki ölkənin hərbçiləri həqiqi müharibəyə hazırlaşırlar. Qəzet təsdiq edir ki, bu, Çin-Rusiya strateji qarşılıqlı əlaqəsində yeni meyldən xəbər verir.
Təlimlərin təşəbbüskarları məhz hansı rəqibi nəzərdə tuturlar?
ABŞ-ın “Newsweek” jurnalı bu suala belə cavab verir: Rusiya və Çin Şimali Koreyaya, eləcə də ABŞ və onun regional müttəfiqlərinə əks-təsir göstərmək niyyətindədirlər.
"South China Morning Post” qəzeti qeyd edir ki, Pekindəki kompyüter məşqləri ABŞ, Yaponiya və Cənubi Koreyanın iştirakı ilə keçirilən anoloji təlimlərlə eyni vaxtda keçirilir.
Pekində hərbi ekspert Li Çze deyir ki, “İki ölkənin hərbçiləri hər an hazır olmalıdı, çünki Şimali Koreya daha təxribatçı və öngörülməz olur, ABŞ isə dəfələrlə Şimalı vurmaqla hədələyib”.
Eyni zamanda, Sinqapurdakı Nanyan Texnoloji Universitetinin eksperti Kolin Ko fərz edir ki, Rusiya və Çin ABŞ və müttəfiqlərinin Şimali-Şərqi Asiyada RHM sahəsində artan birgə əməkdaşlığına cavab verir. Ko buna misal olaraq, Yaponiyanın quruda quraşdırmaq üçün ABŞ-dan “Aegis Ashore” RHM sistemi almaq istəyində olmasını və Cənubi KoreyadaTHAAD kompleksinin yerləşdirilməsini göstərir.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi əməkdaşıVasiliy Kaşin “NQ” ilə müsahibəsində qeyd edib: “Bu, ikinci təlimdir. Öncəki Moskvada, həmçinin hərbi döyüş səhnəsində raket hücumundan müdafiənin kompyüter simulyasiyası, kompyüter modelləşdirməsi formasında olub. Yəni, onlarda qitələrarası ballistik raketdən və ya strateji nüvə hücumundan müdafiə məşq edilmir”.
Bununla belə, ekspert hesab edir ki, bu, vacibdir: "Bu təlimlərin gedişində Rusiyanın S-300, S-400 və Çinin “Xunçi-9” zenit-raket kompleksləri kimi sistemlərin işi modelləşdirilir. Kompyüter modelləşdirməsi tərəflərin bir-birinin radiolokasiya vasitələrindən informasiya alması, bu məlumatlarla mübadilə etməsi, birgə HHM və RHM qruplaşmalarının yaradılması üçün avtomatlaşdırılmış informasiya mübadiləsinin protokollarını modelləşdirməyə imkan verir. Bu, bizim qoşunlarımız arasında operativ uyğunluğu artırmaq üçün vacibdir".
Bununla belə, Kaşinin sözlərinə görə, döyüş texnikasının real yerdəyişməsi, real atəş açılması baş vermir. Ekspert qeyd edib: “İki mütəxəssis qrupu Pekində obyektdə oturur. Bizim tərəfdən bizim komplekslərin, Çin tərəfindən, böyük ehtimalla, “Xunçi-9” komplekslərinin işi modelləşdirilir. Bu kompleks 1990-cı illərdə Rusiyanın yardımı ilə çinlilər tərəfindən işlənib hazırlanıb. O, rus variantının tam anoloqu deyildir. Rus mütəxəssisləri onun yerüstü elementlərinin işlənib hazırlanmasına cavabdeh idi, ümumi məsləhət vermə ilə məşğul idilər. Xarakteristikasına görə, “Xunçi-9” təqribən S-300-ə uyğun gəlir. Buna baxmayaraq, o, S-400 kimi yeni rus komplekslərindən geri qalır. Buna görə, çinlilər “Xunçi-9” istehsal edirlər, lakin eyni zamanda məhdud olaraq, S-400 alırlar”.
Kaşinə görə, “Bütün bunlar o deməkdir ki, formal olaraq, bizim ittifaq müqaviləmiz yoxdur. Lakin şəraitin dəyişməsi səbəbindən, hansı andasa, siyasi qərar qəbul ediləcəksə, bir sıra formal məsələlərin yerinə yetirilməsi yetərli olacaq və hər şey “işləyəcək". Axı qarşılıqlı əlaqənin yaradılması üzrə bütün hazırlıq işləri əhəmiyyətli dərəcədə görülüb. İki ölkənin hərbçiləri bir-birini yaxşı tanıyır. Bir-birinin imkanları ilə tanışdırlar. Hərəkətə keçmək onlara asan olacaq”. 
Moskva və Pekinin yaxınlaşması Vaşinqtonu narahat edir. Belə ittifaqın qarşısının alınması üçün Dövlət katibi Reks Tillerson ABŞ-ın Çinə güzəştə getməyə hazır olduğunu bildirib. O, Çini inandırıb ki, əgər hansısa səbəbdən, misal üçün, Koreya Xalq Demokratik Respublikası rejiminin çökməsi halında, amerikalılar Şimali Koreya ərazisinə girməli olacaqlarsa, Şimalda sabitlik bərpa olunan kimi, onlar Cənubi Koreyaya – geri çəkiləcəklər.
Tərcümə Strateq.az-ındır