Rusiya Ukraynaya hucuma hazırlaşır?

Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma başlasa, kontinental savaş başlayacaq”

“Donbassın işğal olunmuş hissəsində 36 min nəfərdən ibarət hərbi qruplaşma cəmləşib. Onlardan 8,5 mini Rusiya Federasiyasının nizami ordusunun hərbi qulluqçularıdır”.

APA-nın “censor.net” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov 2015-ci ildə qismən səfərbərlik elan olunmasına dair prezident fərmanının təsdiq olunması haqqında qanun layihəsini Ali Radada təqdim edərkən deyib. 

A. Turçinov Rusiyanın Ukrayna sərhədlərində 50 minə yaxın hərbi qüvvə cəmləşdirdiyini bildirib: “Onların sərəncamında 300 tank, 1800-dən çox zirehli texnika, 750 artilleriya və reaktiv atəş sistemi, 360-a yaxın döyüş təyyarəsi və hərbi helikopter var”.   

A. Turçinov hazırkı vəziyyətdə situasiyanın iki istiqamətdə inkişaf edə biləcəyini söyləyib. Onun fikrincə, birincisi variant hərbi əməliyyatların bərpası və separatçıların Rusiya qoşunlarının iştirakı ilə hücuma keçməsidir ki, bu da geniş miqyaslı kontinental savaşın başlamasına səbəb olacaq: “İkinci ssenari Kremlin Ukraynada sabitliyin yaranmasına imkan verməməsi və qarşıdurmanı uzunmüddətli hərbi münaqişə halına gətirmək məqsədilə terrorçuluq fəaliyyətini artırmasıdır”.

 Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ali Radanın deputatlarının ordu sıralarına səfərbər edilməsinə qoyulmuş qadağanın götürülməsinə tərəfdar olduğunu da vurğulayaraq parlamentə artıq bu barədə qanun layihəsinin təqdim olunduğunu açıqlayıb: “Mən bu layihəni tam dəstəkləyirəm və ümid edirəm ki, Ali Rada yaxın vaxtlarda bu qanunu qəbul edəcək. İlk növbədə Donbassın əhalisinə görə çox narahat olan, əslində isə Ukraynaya qarşı aqressiv siyasət aparan başqa dövlətə işləyən deputatları çağıracağıq”.

Qeyd edək ki, Ali Rada prezidentin qismən səfərbərlik haqqında fərmanını təsdiqləyib.