​“Rusiya Türkiyənin ixracatçı ölkələri sırasında heç iyirimiliyə belə, daxil deyil” - EKSPERT

Baxış sayı:
3004

"Rusiya ilə iqtisadi əlaqələr lirənin dayanıqlığını təmin edən faktorlar sırasında yer almır"

"Ərdoğan və Putin arasında mövcud olmuş "soyuq" münasibətlər ABŞ pressinqindən sonra daha da yaxınlaşmağa başladı. Necə deyərlər, diplomatik sular isinməyə başlayıb. Məni bir iqtisadçı olaraq düşündürən Türkiyənin bu addımı ilə hansı siyasi konfiqurasiyanın yaranmasında yer alması və iqtisadi gözləntilərinin nədən ibarət olması ilə bağlı idi".
Muxalifet.az xəbər verir ki, bu fikirlər "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblıya məxsusdur.
Onun sözlərinə görə, iqtisadi gözləntilərdə 2 amil - ticarət dövriyyənin artırması deyil, məhz Türkiyənin daha çox ixrac etmək üçün yaradılacaq üstün fürsətləri və güzəştləri əldə etmək, türk lirəsinin dayanıqlığına təsir göstərəcək pul-kredit siyasəti necə təsirləndirmək hədəflənməli idi. Qeyd edək ki, "Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə iqtisadi əlaqələrinin yaxşılaşması üçün nələr vəd edir?" və "Bu ölkə ilə iqtisadi əməkdaşlığın genişlənməsi qardaş Türkiyəyə nə verə bilər?" suallarını cavablandıran Məhəmməd Talıblının sözlərinə görə, son illərin sürətli eniş-çıxışlarını istisna etsək, sadə bir hesablama ilə ortalama olaraq Türkiyənin Rusiyaya 6 mlrd. dollarlıq, Rusiyanın isə Türkiyəyə 25 mlrd. dollarlıq ixracat həyata keçirdiyini aydın görmək olar: "Deməli, Türkiyənin ticarətdə 19 mlrd. dollarlıq mənfi saldonun (dış ticarət açıklığı) yaranması mövcud olub. Hər iki ölkənin ticarət dövriyyəsinin 31 mlrd. dollarlıq olduğunu nəzərə aldıqda, məlum olacaq ki, türk lirəsinin dayanıqlığına təsir göstərə bilən cəmi 6 mlrd. dollarlıq ticarət mübadiləsi ola bilər. Ən yaxşı halda bu qədər mal və xidmətləri lirəyə bağlamaq olar. Əks halda Rusiya 19 mlrd. dollarlıq lirəni rubla konvertasiya edib nə edəcək ki? Deməli, Rusiya ilə iqtisadi əlaqələr Türkiyənin milli valyutası olan lirənin dayanıqlığını təmin edən faktorlar sırasında yer almır. Rusiya bazarı Türkiyədə istehsal olunan malların realizasiyası üçün mühüm bazar deyil. Türkiyə isə Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları, tininti materialları, yüngül sənaye məhsulları (tekstil) satır".
Bu arada, qardaş ölkənin ixracatında Rusiyanın cəmi 1,2 faizlik paya sahib olduğunu vurğulayan istisadçı ekspert bildirir ki, Rusiya Türkiyənin ixracatçı ölkələri sırasında heç 20-ə belə, daxil deyil: "Lakin Türkiyənin idxalında Rusiya 3-cü yerdə durur. Bu idxalda dominant sahə təbii qaz sayıla bilər. Belə ki, Rusiyadan Türkiyəyə ildə 14 mlrd. dollarlıq təbii qaz ixrac edilir. Yerdə qalan 5-6 mlrd. dollarlıq ixracını isə qeyri-qaz məhsulları tutur. Türkiyənin indiki kritik situasiyada proyeksiyalandığı əsas hədəf iqtisadi əlaqələrin yaranması hesabına dollarla gəlir əldə etmə fürsətlərinin yaradılması, siyasi təzyiqləri neytrallaşdırmaq, beynəlxalq maliyyə qurumları ilə münasibətləri normallaşdırmaq, donor imkanları olan subyektləri müəyyənləşdirib intensiv danışıqlara başlamaq olmalıdır".