Rusiya Türk əsgərlərinin olduğu İdlibi niyə bombaladı? - Trampın tiviti və Əsədin...

Baxış sayı:
4021

Rusiya təyyarələri İdlibi bombaladı. Əsəd ordusu qurudan rus təyyarələri havadan şəhərdəki terrorçulara zərbələr endirir. Kreml İdlibi terrorçuların yuvası adlandırdı və rus hərbi bazalarına qarşı təhlükənin aradan qaldırılması üçün hücuma keçdiklərini bildirdi. Diqqət çəkən məqamlardan biri Rusiyanın ABŞ prezidenti Donald Trampın atdığı tvitdən saatlar sonra hücuma keçməsidir. Tramp dünən axşam Tvitterdə Bəşər Əsədə “Suriya dövlət başçısı” deyə xitab edərək, “İdlibə hücuma icazə verməyin”, deyə bildirdi. Bu açıqlamadan dərhal sonra Rusiya hücuma keçdi.

Muxalifet.az xəbər verir ki, İdlibin böyük hissəsi Türkiyənin dəstəklədiyi müxaliflərin nəzarətindədir. Şəhərdə türk əsgərinin 10-dan çox postu da var.

Rusiya türk əsgərlərinin və müxaliflərin olduğu bölgəni yox, daha çox terrorçuların toplaşdığı qərb hissəsini bombalayır.

Türkiyəli yazar Taha Dağlı rusların İdlibi bombalamasında diqqət çəkən bir sıra məqamları gündəmə gətirib.

İdlibdə 10 minə qədər “Əl-Qaidə” bağlnatısı olan terrorçular var. Rusiya da bu terrorçuları əsas götürərək, hücuma keçdi. Moskva bu hücumdan bir müddət əvvəl Lazkiyədəki rus hərbi bazasına hücum edildiyini iddia etmişdi. Həmin hücum 5 dron vasitəsilə edilmişdi və nəticədə 3 rus əsgəri öldü, 9-u yaralandı. Həmin hücumdan bir gün sonra ruslar İdlibdəki Cisreşşuhur bölgəsi də başda olmaqla bir çox nöqtəni bombaladı. İndiki hücum da məhz rus bazasına hücuma cavab ola bilər.

Digər tərəfdən, Trampın həmişə təhqir etdiyi Əsədə dünən Tvitter üzərindən “Suriya dövlət başçısı” deyə xitab etməsi və rus hücumunun bundan saatlar sonra həyata keçirilməsi də diqqət çəkir. İdlibdəki əməliyyatda təkcə ruslar yox, iranlılar da iştirak edir. İranın xarici işlər naziri Cavad Zərif dünən Şamda səfərdə idi. Bu həftənin cümə günü isə Tehranda İdlib zirvəsi keçiriləcək. Türkiyə prezidenti Ərdoğanın da qatılacağı zirvədə İdlib üçün həll variantları müzakirə olunacaq. Əslində həll variantı məlumdur. İdlibdə “Əl-Qaidə”yə bağlı terrorçular məhv edilməlidir.

İdlibdə müxtəlif silahlı qruplaşmalar olduğu üçün “kimin əli kimin cibində” olduğunu bilmək olmur. Lakin kəşfiyyat məlumatlarının mübadiləsi və lokal əməliyyatla bu terrorçuları təmizləmək mümkündür.

Bu işdə Türkiyənin gücündən istifadə etmək vacibdir. Çünki İdlibdə türk əsgəri var və Moskva ilə Tehran Ankara ilə birləşərək, sivillərə toxunulmadan şəhəri terrorçulardan təmizləyə bilərlər.