Rusiya şərqdən hücum edəcək, Rumıniya qərb regionlarını tutacaq... - HƏRBİ PROKUROR BELƏ VİDEO AŞKARLADI

Baxış sayı:
11395

YouTube-də yerləşdirilmiş və Ukraynanın baş hərbi prokuroru Anatoli Matios tərəfindən aşkarlanan videorolik Kiyevdə ciddi narahatlığa səbəb olub. 

Mayın 26-da yerləşdirilmiş həmin videorolikdə Rusiyanın Ukraynaya qarşı şərqdən irimiqyaslı hücuma başlayacağı, Rumıniyanın isə bundan istifadə edərək ölkənin qərb regionlarını, konkret olaraq Odessa və Çernovets regionlarının bir hissəsini işğal edəcəyi haqda danışılır.

Baş hərbi prokuror Facebook-da bu video haqda bildirib ki, orada Ukraynanın ərazi bütövlüyünə qəsd nəzərdə tutulur. Anatoli Matiosun bildidiyinə görə, bu ağır cinayət planı ilə bağlı bu gün iyunun 4-də Baş qərargahın, Təhlükəsizlik Xidmətinin, XİN-in, Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri ilə təcili müşavirə keçirəcək. Və videoroliklə bağlı cinayət işi qaldırılacaq.

“Hətta otyeyənlər də yırtıcılara çevrilə bilər, əgər biz öz dövlətimizi müdafiə etməsək”,-Matios bildirib.

“Rumıniya-Ukrayna müharibəsi 2022” adlı yeddi dəqiqəlik videorolik əsasən Matiosun paylaşımından sonra 30 mindən çox baxış qazanıb. Videoda deyilir ki, 2022-ci ildə Rumıniya Moldova ilə birləşəcək və öz vətəndaşlarını müdafiə etmək üçün Ukraynanın Çernovitsk vilayətini, Odessanın bir hissəsini işğal edəcək. Bu, Ukraynanın şərqində döyüş əməliyyatlarının qızışmasından və Rusiya ordusunun tammiqyaslı hücumundan sonra baş verəcək.

Ukraynada hesab edilir ki, baş hərbi prokurorun həmin videoya belə reaksiya verməsi Kiyevin Polşa, Rumıniya, Macarıstan və Moldovaya Rusiyanın güclü təsir imkanları ilə izah edilə bilər. Həmin ölkələdə Kreml geniş agentura şəbəkəsinə malikdir və yerli millətçi-radikal qruplarla planlı şəkildə işləyir.

Ukraynada qorxurlar ki, NATO üzvü Rumıniya öz qonşusuna qarşı silah işlədə və Bukovinaya ərazi iddialarını gündəmə gətirə bilər. Bukovina Şərqi Avropada tarixi vilayətdir, şimal hissəsi Ukraynanın tərkibinə daxildir, cənubu isə Rumıniyaya aiddir. Həmin ərazilər iki ölkə arasında çoxdankı mübahisə mövzusudur. 1940-cı ildə Şimali Bukovina Bessarabiya ilə birlikdə SSRİ-nin tərkibinə daxil olub. Altı gün ərzində həmin ərazilər sovet qoşunları tərəfindən tutulub.

Lakin Rumıniya bu əraziləri geri qaytarmaq niyyətindən geri çəkilməyib. Son illər Rumıniya həmin ərazilərdə yaşayan ukraynanılara kütləvi şəkildə rumın pasportları verir, separatizmi dəstəkləyir. Bir müddət əvvəl Kiyev Çernovetsdəki rumın mədəniyyət mərkəzində “Böyük Rumıniya”nın xəritəsini tapıb və mərkəzin separatçılıqla məşğul olduğunu açıqlayıb.

“Böyük Rumıniya” Moldovanı, Şimali Bukovinanı və Bessarabiyanın cənub hissəsini-Odessa vilayətinin qərb hissəsini özündə birləşdirir./Virtualaz