Rusiya Əsədi ONUNLA ƏVƏZ EDİR: Moskva-Tehran qarşıdurmasının SENSASİON DETALLARI

Baxış sayı:
8212

Suriyada İran və Rusiya arasında ciddi qarşıdurma yaşanır. İran Bəşər Əsədi, Rusiya isə hərbi baxımdan general Həsən Sühayli dəstəkləyir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Türkiyənin “Haber7.com” saytının yazarı Taha Dağlı “Rusiya Əsədin üstündən xətt çəkdimi?” başlıqlı yazısında çıxış edib.Müəllif xatırladır ki, Suriyanın Xama vilayətində yanvar ayında rəsmən rejimin nəzarətində olan iki müxtəlif silahlı qrup arasında qarşıdurma günlərlə davam etmiş, ən azı 100 nəfər ölmüşdü.

“Hər iki tərəf rəsmən Dəməşqə bağlıdır. Ancaq onlardan biri Rusiyanın qurduğu və dəstəklədiyi 5-ci Ordu, digəri isə İran tərəfindən dəstəklənən Mahir Əsədə bağlı 4-cü Ordunun əsgərləri idi. İki gücün toqquşmasında Rusiya və İran amili önə çıxır. Ordulardan biri birbaşa Rusiya tərəfindən qurulub. Xamada 5-ci Briqada və ya 5-ci Ordu adlanır, tam olaraq istifadə etdikləri adı isə “Pələng Gücləri”dir. Bu ordunun başında briqada generalı Həsən Süheyli dayanır”, - yazar qeyd edib.

Taha Dağlı qeyd edir ki, 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsində, xüsusilə də Quta qətliamlarında ön plana çıxan Həsən Süheylin ən əhəmiyyətli xüsusiyyəti ruslarla təmas halında olmasıdır:

“Uzun illərdir ki, rusların Suriya ordusunda təsirləri mövcuddur. Ancaq ruslar Həsən Süheylə xüsusi maraq göstərirlər. 2015-ci ilin sentyabrından etibarən Rusiya Xmeymim hərbi bazasını möhkəmləndirdi, digər tərəfdən isə Həsən Süheylinin komandanlığındakı 5-ci Ordunu dəstəklədi. 2017-ci il avqustun 17-də baş verən Deyr-ez-Zor qarşıdurmasından sonra Xmeymindəki mərasimə Bəşər Əsədi deyil, Həsən Süheyli dəvət etmişdilər. O, Rusiya Baş qərargahının başçısı Valeri Gerasimov tərəfindən bir xatirə qılıncı və təşəkkür məktubu ilə mükafatlandırıldı. O gün rus bazasındakı mərasimə Dəməşq adından iştirak edən tək hərbi səlahiyyətli Həsən Süheyl idi”.

Müəllif qeyd edir ki, Xmeymim ruslar tərəfindən ciddi qorunur və buraya Bəşər Əsəd belə Rusiyanın razılığı olmadan daxil ola bilməz. Onun sözlərinə görə, Suriya prezidentinin xüsusi icazə ilə girə bildiyi bazaya girib-çıxa bilən tək suriyalı hərbi səlahiyyətlinin Həsən Süheyl olması rusların hərbi seçiminin onun tərəfində olmasının bir göstəricisi olaraq qəbul edilir.

“Bəşər Əsəd 2017-ci il dekabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün rus zabitlərindən icazə alıb, kameralar qarşısında uzun müddət gözləmək məcburiyyətində qalmışdı”, - Taha Dağlı qeyd edib.

Müəllif qeyd edir ki, İran Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanı olduğu 4-cü Ordunun əliylə dəfələrlə Soçi prosesini pozmağa çalışdı, lakin Putinin Dəməşqə təzyiqi ilə bu cəhdlərin qarşısı alındı.

“İran İslam İnqilabı Keşikçilər Korpusunun “Qüds gücləri” elit birliyinin komandanı Qasım Süleymani ötən həftə tələm-tələsik Bəşər Əsədi İrana apardı. İran bununla həm Rusiyaya, həm də İsrailə mesaj göndərdi. Çünki Əsədin Tehrana səfərindən dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu Moskvada Putinlə görüşdü. Bu, Rusiya və İranın Suriyadakı qarşıdurmasında son pərdə idi. Rusiya Suriyada bir təyyarənin vurulmasına görə qarşı-qarşıya gəldiyi İsraillə ortaq hərəkət etməyi qəbul edə bilər. İran bunu bildiyi üçün Əsədi öz yanına çəkir. Ayrıca, Moskvaya görə, Türkiyə ilə qurulan ittifaqlar İranla Əsədin heç xoşuna gəlmir”, - Taha Dağlı əlavə edib.

Bundan başqa, müəllif qeyd edir ki, ABŞ ərəb dövlətlərinə Bəşər Əsədlə münasibətlərini bərpa etməyə mane olmağa çalışır.