Rusiya qorxusu və ABŞ-ın etinasızlığı Avropanı öz başına çarə qılmağa məcbur edir

Bazar ertəsi Avropa Birliyinin 23 üzv dövləti müdafiə sahəsində daimi strukturlaşdırılmış əməkdaşlığa daxil olmaq haqqında saziş (qısa adla Pesco-red.) imzaladılar. Qərb mətbuatı bunu Birlik çərçivəsində vahid hərbi qüvvənin yaradılması yolunda ilk addımlardan biri kimi qiymətləndirir.
“AB vahid hərbi qüvvənin yaradılması yolunda hərəkət edir”, - “The New York Times” qəzeti yazır.
Məqalədə bu addımın əsas məqsədinin Avropanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, habelə onun həm NATO ilə əməkdaşlıq edərək, həm də ondan ayrı hərbi əməliyyatlar keçirməyə qadir hərbi birliklərin qurulması olduğu qeyd edilir.
Yazıda sözügedən addımın şərqdə Rusiya qorxusuna qarşı birgə mübarizə aparmaq üçün atıldığı da vurğulanır.
“Fransa xarici işlər naziri Jan İv Le Drian sazişin Avropada Rusiya təhdidinin və dini terrorizmin artması fonunda qəbul olunduğunu təsdiqləyib. Bundan başqa, Avropa liderləri Donald Trampın NATO-ya olan biganəliyinə işarə edərək, kansler Merkel demişkən, öz talelərini öz əllərinə aldılar”.
 
Yazıda Böyük Britaniyanın bəhs olunan layihəyə soyuq yanaşdığı, Londonun daha çox NATO çərçivəsində hərəkət etməyə üstünlük verdiyi xüsusi qeyd olunub.
İtaliyanın “La Stampa” qəzeti nəzərdə tutulan layihənin ən çox Fransa, daha doğrusu, onun yeni lideri Emmanuel Makronun təşəbbüsü olduğunu yazıb.
Müəllif Marko Brezolinin fikrincə, Fransa prezidentini buna sövq edən iki səbəb var:
“Birincisi, Birlik içində müdafiə sahəsində əməkdaşlığa ən az meyl edən ölkə artıq onu tərk edir. İkincisi isə Ağ Evin yeni rəhbəri Donald Tramp son “Böyük 7-lik” sammitində Avropa Birliyi ölkələrinə verdiyi “hərbi məsələlərdə öz başınıza çarə qılın” mesajını artıq verib”.

Marko Brezolin 3-cü səbəbi də göstərir. Bu da saxta və yalan informasiyalar və Rusiyanın qara təbliğatına qarşı vahid strukturun qurulmasına duyulan ehtiyacdır.
Almaniyanın "Tagesspiegel" qəzeti layhiəni “praqmatik addım” adlandırıb.
Lakin qəzet müəlliflərinin firkincə, Avropanın vahid müdafiə siyasətinə müxtəlif strateji maraq və ideyalar maneçilik törədə bilər. Burada dövlətlərin prioritet məsələsi önə çıxır. Məsələn, əgər Baltikyanı ölkələr ən çox Rusiya təhdidindən qorxurlarsa, Cənubi Avropa üçün miqrant axınının gəldiyi Şimali Afrika daha böyük önəm kəsb edir.
Yazıda “Pesco”-nun praktiki ehtiyac və strateji ziddiyətlər dilemmasında ən yaxşı çıxış yolu olduğu qeyd olunur.
“Pesco zamanında verilmiş qərar olub bütün növ təhdidlərə qarşı vahid strateji siyasətlə təmin edilməlidir”, - məqalədə bildirilir.
Fransanın “Le Figaro” qəzeti Avropanın müdafiə məsələlərində ABŞ-ın asılılığından qurtulmağı düşündüyünü yazıb.
 
“Söhbət hələ ki Avropa ordusunun yaradılmasından və ya NATO-nun himayəsi altındakı kollektiv təhlükəsizlik sisteminin əvəz edilməsindən getmir. Lakin bu müstəqil Avropa müdafiəsi uğrunda ilkin addımdır”, -məqalə müəllifi Jan Jak Mevel qeyd edib.
Buna rəğmən müəllif Rusiya təhdidi qarşısında Şərqi Avropanın ABŞ-a olan ümumi inamısızılıq fonunda belə hələ də NATO-ya üstünlük verdiyini yazıb. Müəllif bunun əsas səbəbi kimi Cənubi Avropanın bir tərəfdən, Mərkəzi və Şərqi Avropanın digər tərəfdən strateji hədəflərlə bağlı baxış tərzlərindəki fərqlilikləri göstərib.
Böyük Britanıinın “The Times” qəzeti isə öz dövlətinin mövqeyini müdafiə edərək, ideyaya neqativ münasibət göstərib. Qəzetin məsələ ilə əlaqədar məqaləsi də elə belə adlanır: “Avropanın ruh ordusu”.
 
 “Avropanın müdafiəsi Birləşmiş Ştatlarla əlaqələrin zəiflədilməsi və ya NATO ilə rəqabət aparılaraq qurula bilməz”, - redaksiya yazısında belə deyilir.
Məqalə müəlliflərinin fikrincə, bu ikisürətli Avopanın yaranmasına gətirib cıxaracaq.
“Sonda bu ideya Şərqi və Avropa arasında saplanmış tiyə olacaq. Böyük Britaniya isə buradan kənarda qalmalıdır. Onun prioriteti NATO-nun gücünün və avtoritetinin qorunmasından ibarət olmalıdır”, - məqalədə vurğulanır. /musavat.com/